Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:09

Qarabağ əlili özünü yandırmaq istəməsinin səbəbindən danışdı


Foto illüstrasiya
Foto illüstrasiya

«Biz parkda ağacların qırılıb, yerində bina tikilməsinə imkan verməyəcəyik».

Bunu oktyabrın 5-i səhər saatlarında özünü yandırmaq istəyən Qarabağ əlili Rövşən Qafarov AzadlıqRadiosuna deyib.

Onun bildirməsinə görə, elə benzini üstünə töküb özünü yandırmaq istəyəndə, polislər başının üstünü alaraq buna imkan verməyiblər. Rövşən Qafarov deyib ki, etiraz aksiyasında 30-a qədər insan iştirak edib: «Günəşli qəsəbəsi ərazisində yerləşən 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkda 30 ilin ağaclar var. May ayında orada 10-dan çox ağac kəsilib. Bu gün də «Abşeron MTK»nın işçiləri gəlib ərazini çəpərləmək istəyirdi. Biz də buna imkan vermədik. Parkdakı ağacları qırıb bina tikmək istəyirlər».

Məsələyə, hələlik, «Abşeron MTK»dan münasibət öyrənmək mümkün olmayıb.

2200 manat cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkdakı ağacların kəsilməsi və sakinlərin buna etirazı ilə bağlı xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov deyib ki, bu günlərdə həmin ərazidə ağac kəsilməsi faktı qeydə alınmayıb: «Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma zamanı ağacları bir şəxsin kəsdiyi müəyyən olunub. Həmin şəxs inzibati qaydada 2200 manat cərimə edilib».

Ç.Nəcəfov hazırda ərazinin nəzarət altında olduğunu söyləyib.

+++

Bakıda ağacların kəsilməsinə etiraz edən şəxs intihara cəhd edib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün, sentyabrın 5-i saat 10:00 radələrində Günəşli qəsəbəsində qeydə alınıb.

Bir qrup sakin qəsəbə ərazisində yerləşən 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsinə etiraz edib. Bu zaman etirazçılardan biri üstünə benzin tökərək özünü yandırmaq istəyib. Hadisə yerinə gələn polis əməkdaşları intihara cəhdin qarşısını alaraq, həmin şəxsi polis bölməsinə aparıblar.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən verilən məlumata görə, özünü yandırmaq istəyən şəxs Qarabağ əlili Rövşən Qafarovdur. Hazırda onun ifadəsi alınır.

Buna da bax: Qarabağ müharibəsi veteranını intihara kim vadar edib?

XS
SM
MD
LG