Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:50

Təbrizli rejissor İranda azərbaycanca film çəkməyin önəmindən danışır


İran azərbaycanlısı rejissor Bəhram Ərk.
İran azərbaycanlısı rejissor Bəhram Ərk.

-

İran kinematoqrafiyası bütün dünyada olduğu kimi Azərbaycanda da hər zaman maraqla izlənilir. Lakin son vaxtlar bu ölkədə yaranan yeni tendensiya – azərbaycan mənşəli rejissorların öz filmlərini doğma dillərində çəkməsi İran kinosuna olan marağı daha da artırıb. Gənc rejissorlar Bəhmən və Bəhram Ərk qardaşlarının çəkdiyi “Soyuq” filmi də bu silsilədəndir. Oxu Zalının müsahibi Bəhram Ərk də elə bu barədə danışıb.

- Bəhram bəy, İran kinosu bütün dünyada olduğu kimi Azərbaycanda da maraqla izlənir. Filmin rejissoru azərbaycanlı olanda isə bu kino ikiqat maraqlı görünür. Oxucularımıza bir az özünüz haqqında məlumat verə bilərsinizmi?

Bəhram Ərk İranda "Qısa filmlər festivalı"nda mükafat alarkən.
Bəhram Ərk İranda "Qısa filmlər festivalı"nda mükafat alarkən.

- Mən və əkiz qardaşım Bəhmən 1989-cu ildə Təbrizdə dünyaya göz açmışıq. Bəhmən Təbriz Univerisitetində miniatür nəqqaşlıq, mən də rəssamlıq oxumuşam. Kino ilə uşaqlıqdan maraqlanırdıq. Amma film çəkmək haqqında ciddi şəkildə 18-19 yaşımızda düşünməyə başladıq.

Buna da bax: İranlı rejissorun azərbaycanca filmi beynəlxalq festivalda

- Deyəsən, əvvəl bir neçə qısa film də çəkibsiniz...

- Bəli, “Soyuq”dan əvvəl bir neçə qısa film çəkmişdik. Biri Urmiyə gölünün qurumasından bəhs eləyirdi. O, İran Qısa Film Festivalında mükafat alıb. Ondan sonra “Faluş”, “Aftabsuxta” və “Nəcis” adlı qısa filmlər çəkmişik. “Nəcis” filmi İran festivallarında çoxlu mükafatlar qazanıb, beynəlxalq festivallarda da iştirak edib. Elə ondan sonra azərbaycan dilində uzunmetrajlı film çəkmək qərarına gəldik. “Soyuğ”un ideyasi, ssenarisi iki il əvvəl yaranmışdı. Onun üzərində işlədik və filmi çəkdik. “Soyuq” filmi məktəbli bir uşaq haqqındadır. Uşaq hamıdan çəkinir, utanır deyə məktəbə anasının çarşabı altında gedib-gəlir. Anası uşağın çəkingənliyinin qarşısını almaq üçün çarşabını çıxardır. Bir müddət sonra məlum olur ki, uşağın atası və anası özləri də nələrisə gizlədirlər. Bu əhvalatı, Bəhmənlə mənim uşaqlıqda üzləşdiyimiz hadisələrdən, öz ailəmizdə olan problemlərdən, öz yaşadıqlarımızdan təsirlənərək yazmışıq. Əslində biz öncə qısa film çəkmək istəyirdik. Sonra gördük ki, düşündüklərimiz qısa filmə yerləşmir, uzun metraj üçün ssenari yazmağa başladıq. Düzü, heç inanmırdıq ki, 87 dəqiqəlik bir film alına bilər, amma yazdıqca uzandı və beləcə “Soyuq” filmi yarandı. Bir şeyi də qeyd edim ki, İranda filmlər iki yolla çəkilir. Dövlətin dəstəyi ilə çəkilən və dövlətin dəstəyi olmadan çəkilən müstəqil filmlər var. Biz filmlərimizi, o cümlədən, “Soyuq” filmini müstəqil, dövlət dəstəyi olmadan çəkmişik.

Bəhram və Bəhmən Ərk qardaşlarının çəkdiyi "Soyuq" filminin treyleri.

- İranda azərbaycanca film çəkən rejissorlar xeyli çoxalıb, bəs bu filmlərə baxanlar çoxdurmu? Dövlət və tamaşaçılar azərbaycanca filmlərə maraq göstərirmi?

- Həqiqətən də, İranda Azərbaycan dilində çəkilən filmlərin sayı artıb. Bunun səbəbi azərbaycanlı rejissorların daha çox savadlanması və öz mədəniyyətinə aid, öz dilində film çəkmək arzusudur. İndi hər kəs öz filmini çəkib bütün dünyaya yaya, sadəcə internetə yükləməklə festivallara göndərə bilir, filmin hansı dildə olmağının da fərqi yoxdu. Amma İranda belə deyil. Xüsusilə də Fəcr festivalında. İranın ən mötəbər festivalıdı, amma azərbaycan dilində olan filmlərin nümayişi adəti yoxdu. Təkcə azərbaycan yox, elə kürd, ərəb dilli filmlər üçün də bu festivala qatılmaq çox çətin olur. Kinoteatrlarda da farsca filmlər göstərilir. O zallarda azərbaycan dilində filmlərə hələ o qədər də maraq göstərmirlər. Bu, dövlətə aid olan bir məsələ deyil, ancaq dövlət elə eləyə bilər ki, festivallar, kinoteatrlar hər kəsin öz mədəniyyətindən bəhs eləyən film çəkmək hüququnu daha artıq təbliğ etsin. Bu, azərbaycan dilində çəkilən filmlərin sayının hər məntəqədə, hər bölgədə daha da çoxalmasına səbəb olar.

- İranlı rejissor Əsgər Fərhadi bu yaxınlarda bir çıxışında deyib ki, kinematoqrafiya dünyəvi, qlobal olmaq istəyirsə, gərək həm də milli, lokal olsun. Sizin çəkdiyiniz “Soyuq” filmi də sanki Fərhadinin fikirlərini isbat edir...

İran rejissoru Əsgər Fərhadi Kann film festivalında.
İran rejissoru Əsgər Fərhadi Kann film festivalında.

- Əsgər Fərhadidən əvvəl Abbas Kiarostami də, məşhur yapon rejissoru Akira Kurosava da belə fikirlər söyləyiblər. Ki, hər kəs öz mədəniyyətində, öz dilində və yaşadığı bölgə, coğrafiya haqqında film çəksə, dünyaya deməyə daha çox sözü olar. Ancaq Fərhadinin dediyi sözün fəlsəfi anlamı da var: hər kəs öz yaşadığı dünyanı fikirləşsə, hər kəs öz hiss etdiyi bir əhvalatı nağıla çevirib göstərməyə çalışsa, dünyanın hər nöqtəsində, hər kəslə ünsiyyətə girə bilər, hamı onu hiss eləyər. Yaşamadığın əhvalatdan, xəbərsiz olduğun mədəniyyətdən danışsan, bu, çox bəsit, çox yad alınar. Biz də bu coğrafiyada, Təbriz şəhərində “Soyuq” filmi üzərində işləyəndə belə fikirləşirdik. Öz mədəniyyətimizi göstərməyi, qəhrəmanlarımızın öz dilimizdə danışmağını istəyirdik. Çünki biz burda böyüyüb boya-başa çatmışıq. Yazıçı, rejissor gərək özünə sadiq olsun, yazdığını sədaqətlə yazsın. Əgər yalan danışsa, tamaşaçı dərhal hiss eləyəcək və rejissorla, filmlə onun arasında ünsiyyət yaranmayacaq.

Buna da bax: Leyla Novruzi: İndi İran azərbaycanlılarının öz dilində kinosu var

- Bəs “Soyuq” filmi İranda necə qarşılandı? Gözlədiyiniz kimi ehtiram qazandımı, xalqın xoşuna gəldimi?

Bəhram Ərk film çəkilişi zamanı.
Bəhram Ərk film çəkilişi zamanı.

- Bayaq da dedim, “Soyuq” filmini əvvəlcə qısa film kimi düşünmüşdük, sonradan uzun film üçün ssenari yazdıq. Prodüsserlərin çoxu ona çox maraq göstərmədilər. Ancaq biz israr etdik, komanda topladıq, prodüser Baradaran Ahənghari bizim arxamızda dayandı. O, “Nəcis” filminin də prodüserliyini eləmişdi, bizimlə işləməyi xoşlayırdı. Beləcə işləməyə başladıq. Sonra filmi İran Uşaq festivalına yolladıq. Orda onu çox bəyəndilər, üç mükafat aldı. O ki qaldı ölkə ərazisində nümayişinə... Bu filmi İranda nümayişə çıxartmaq istəyirik, amma hələlik alınmır, səbəbini də hələ deməyiblər. Fəcr festivalında da nümayiş olunmadı. Odur ki, hələ məlum deyil belə filmlərin nümayişindən sonra hansı hadisələr baş verə bilər, film tamaşaçılar tərəfindən necə qarşılanar. Ancaq Təbrizdə kinoteatrda filmi göstərmişik və böyük maraq doğurub. Çoxlu tamaşaçı gəlmişdi, filmi çox tərfilədilər, çox yaxşı rəylər aldıq. Amma mən filmin İranın bütün kinoteatrlarında nümayiş olunmağını istəyirəm. Onda adam daha yaxşı bilər ki, dövlət buna necə baxır, ya da tamaşaçılarımız necə qarşılayır. Bu, hələ aydın deyil.

- Bu yaxınlarda Təbriz Universitetində azərbaycan dilində bölmə açıldı, İran parlamentində azərbaycanlı millət vəkillərinin öz qrupu yarandı. Bütün bunlar azərbaycanca filmlərin çəkilməyinə, mədəniyyətin inkişafına kömək olurmu, olacaqmı?

- Yəqin ki, olacaq. Dediyiniz kimi, İranda azərbaycandilli universitetdə azərbaycan dilində tədrisə icazə verilib. Amma bunun nəticəsinin özünü göstərməyinə zaman lazımdı. Hər kəs öz mədəniyyətini yaxşı tanısa, onun haqqında film çəkə bilər. Mənim özümün də azərbaycan dilində şeir yazmağım, azərbaycan dilində araşdırmalarım bu mədəniyyəti müxtəlif tərəflərdən tanımağıma səbəb olub. Ona görə də bu mədəniyyəti təmsil edən filmlər çəkmək istəyirəm. Məsələn, bizim Dədə Qorqudun boyları, ya da Nizami, Xəqani - bütün şairlərimiz çoxlu incə hisslər təsvir ediblər. O hisslər bizim yazmağımıza səbəb olur. Türkiyədə Əziz Nesin, Orxan Pamuk və ya türk ədəbiyyatında olan digər yazıçılar bizim bəzi hisslərimizi oyada bilərlər. İranda bu fraksiyanın yaradılması çox yaxşı oldu. Artıq təkcə universitetlərdə yox, incəsənət sahəsində də türk dilində çoxlu işlər görülə biləcək.

Buna da bax: R.Siami: İndi İranda çox gənc filmlərini Azərbaycan türkcəsində çəkir

- İran kinosunda təzə nələr var, rejissorlar daha çox hansı mövzulara üstünlük verirlər, iranlı tamaşaçılar hansı filmləri sevirlər?

İranda Azərbaycanca film çəkən başqa bir rejissor Leyla Novruzi "Mən İsmətəm" filminin çəkilişləri zamanı.
İranda Azərbaycanca film çəkən başqa bir rejissor Leyla Novruzi "Mən İsmətəm" filminin çəkilişləri zamanı.

- Bizim azərbaycan dilində çəkdiyimiz filmdən sonra daha iki uzunmetrajlı film çəkildi. Biri “Duman” adlanır. Aynadi Sayivər çəkib. Ki, hələ heç bir festivala göndərməyib. Bir də təzəlikcə Yusifi Nejat “Otağı təşrih” adında bir film çəkib. O da azərbaycan dilindədir və uzunmetrajlıdır. Ümid eləyirəm, bu il Fəcr festivalına yollaya biləcək onu. İran kinosunda ən çox hansı mövzuları bəyənirlər? Əsgər Fərhadinin uğurlarından sonra çəkilən filmlərin əksəriyyətini onun filmlərinə, hətta qısa filmlərinə də bənzətməyə başlayıblar. Yadıma gəlir ki, vaxtilə Abbas Kiarostami Kann festivalında qran-prini alanda İran kinematoqrafçılarının əksəriyyəti Kiarostami kimi çəkməyə çalışırdılar. Onun İran kinosuna çox böyük təsiri olub. Amma fərqli rejissorlar da var. Məsələn, Həqiqi adlı rejissor çox yaxşı filmlər çəkir, özünəməxsus bir üslubu var. Amma iranlı tamaşaçılar daha çox melodram filmlərini bəyənirlər.

- Sizin yeni film çəkmək məqsədiniz varmı və yenə də azərbaycanca çəkəcəksinizmi?

"Soyuq" filminin posteri.
"Soyuq" filminin posteri.

- “Soyuq” filmindən sonra mən iki qısa film çəkmişəm. Onlardan biri azərbaycan dilindədi - o film hazırda Tehran Qısa Film Festivalındadı. İkinci qısa filmim sözsüzdü. Bir ideyam da var. Onu da azərbaycanca çəkmək barədə fikirləşirəm. Ancaq çoxlu məhdudiyyətlər var. Onları kinoteatrlarda göstərmək bir az çətin olur. Çünki İranda bütün tanınmış aktyorların, aktrisaların hamısı farsca danışır və Tehrandadılar. Onları filmə dəvət eləmək istəyirsənsə, sən də farsca çəkməlisən. Əgər öz dilində çəkmək istəyirsənsə, onda gərək təzə aktyorlar tapasan. Onları tapmaq bir yana, gərək film o qədər güclü ola, festivallarda iştirak edə ki, kinoteatrlar onu səndən istəsinlər və filmini nümayişə çıxarda biləsən. Çətin işdi, amma imkansız deyil. Yavaş-yavaş nail olmaq mümkündü. Amma gərək bizim rejissorlarımız, xalqımız da cəsarətli olsun, kino sahəsində işləyən bütün adamlar gərək bu işə yardım etsinlər, maddi dəstək versinlər. O zaman mümkündü. Mən təzə filmimin də ssenarisini azərbaycan dilində yazıram. Amma onu Təbrizdə, öz bölgəmdə, öz mədəniyyətimdə çəkməyim məndən asılı olan bir şey deyil. Fikirləşirəm ki, filmi necə nümayişə etdirəcəm? Bu məsələdə bir az problemlər yaranır. Əgər onlar həll olunsa, bütün filmlərimi azərbaycan dilində çəkmək istəyirəm. Amma həll olmasa, kinoteatrları da unutmaq olmaz. Hər halda filmlərimi çəkə-çəkə həll eləməyə çalışacam bu problemi.

XS
SM
MD
LG