Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:22

Çovdarov məhkəməyə xərəkdə gətirildi


Akif Çovdarov məhkəməyə gətirilir
Akif Çovdarov məhkəməyə gətirilir

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 10-da davam etdirilib.

Çovdarov və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

Budəfəki məhkəmə iclasına da media nümayəndələri buraxılmayıb.

Vəkillərin bildirdiyinə görə, vəziyyəti ağır olduğundan, məhkəməyə Akif Çovdarovu gətirməsələr də, Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası bütün təqsirləndirilən şəxslərin məhkəmədə iştirakının təmin olunmasına qərar verib. Bu səbəbdən məhkəmədə fasilə elan olunub və həmin müddətdə Akif Çovdarov məhkəməyə gətirilib. Məhkəmə zalına xərəkdə gətirilən Akif Çovdarov orada iki həkimin nəzarəti altında olub. O, hakimlərə müraciət edərək, oturaq vəziyyətdə dayana bilmədiyini bildirib və xahiş edib ki, ona xərəkdə uzanmağa icazə versinlər. Akif Çovdarova uzanmağa verilib və məhkəmə bu vəziyyətdə davam edib.

Buna da bax:​ 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

“Agenturaya ayrılan 3 milyon...”

Məhkəmənin bugünkü hazırlıq iclasında iş üzrə bir sıra zərərçəkmişlərin, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun mülki iddiaları icraata qəbul olunub. DTX büdcədən agenturaya ayrılan və hazırda məhkəmə qarşısına çıxarılan təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi iddia olunan üç milyon manata yaxın vəsaiti, Tağı Əhmədov da Akif Çovdarova verdiyini iddia etdiyi 3 milyonu geri istəyir. Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət qaldırıblar. Bildiriblər ki, təqsirləndirilən şəxslərin hərbi qulluqçu statusu var. Amma dörd təqsirləndirilən şəxsin hamısının barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarını Səbail Rayon Məhkəməsi verib. İndi isə onların işinə hərbi məhkəmə baxır.

Buna da bax: MTN-in agenturasına ayrılan milyonlar

“Aidiyyət qaydaları pozulubsa...”

Vəkillər bildiriblər ki, iş Bakı Hərbi Məhkəməsinə verilməklə aidiyyət qaydaları pozulubsa, o zaman Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməli, aidiyyət məsələsinə düzgün riayət olunubsa, həbs-qətimkan tədbirinin seçilməsi və uzadılması barədə rayon məhkəmələrinin qərarları ləğv olunmalıdır.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosu-na bildirib ki, onlar Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz vermək istəsələr də, hakimlər buna imkan verməyib: "Tələsik məhkəmə zalından çıxıb getdilər, etirazımıza əhəmiyyət vermədilər".

Buna da bax:​ Generalın məktubu yayılıb: 'Məni öldürmək istəyirlər...'

Hazırlıq iclasında prokuror məhkəmə prosesinin bir hissəsinin qapalı keçirilməsini təklif edib.

Qısa müşavirədən məhkəmə vəkillərin vəsatətlərinin təmin olunmadığını və işin məhkəmə baxışına verildiyini açıqlayıb.

Məhkəmə baxışı noyabrın 14-nə təyin olunub.

Xatırlatma

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi və 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksək rütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax:

"Akif Çovdarovun işinə Hərbi Məhkəmə baxmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG