Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Nümayişçiləri döyən qəddar polisin aqibəti - hekayə


Yunanıstanda polis etirazları yatırdır.
Yunanıstanda polis etirazları yatırdır.

"- Düzdü, sən məni görməmisən. Mən isə səni maraqla izləyirdim. Sən rütbəsiz polis nəfəri idin. Nümayişin boğulmasında iştirak edib cəsarətlə vuruşduğuna görə fərqlənmə nişanı ilə təltif olunmuşdun.
- Eh əzizim, nümayişlər... Elə nümayişlər mənim evimi yıxıb dustaqxanaya salmadımı?!"

Edmon Sabri (1921-1976) tanınmış İraq nasiri və dramaturqudur.

AĞALAR HİMAYƏÇİSİ

Bir zamanlar mən idarələrin birində işləyirdim. İdarə ilə evimin arasında yarım saatlıq yol vardı. Mən bu yolu piyada gedərdim.

Mənzilindən hər səhər eyni vaxtda çıxan digər işçilər kimi, mən də həmişə yolda eyni adamlara rast gələrdim. Onların beş-altısının sifətini daş üzərində həkk olunmuş yazı kimi beynimdə həkk eləmişdim. Məsələn, əlində kitab-dəftər bağlaması, qələm üçün alüminium qutusu olan təxminən on beş yaşlarında gülər üzlü bir qızın, səmimiyyətlə salmlaşdığımız köhnə dostlarımdan birinin və idarəsinə həmişə kilsənin yanından yollanan arıq, qoca məmurun sifəti yaxşı xatirimdədir.

Yol boyu Uruzdibəy mağazasına gedən ənlikli-kirşanlı möhtəşəm xanımları da xüsusi maraqla müşahidə edərdim.

Buna da bax: Uleyvi hər gün ac idi, o gün də ac qaldı...

Bu adamlar arasında hamıdan çox diqqətimi özünə cəlb edən, küçənin səkisində alman generalı kimi ciddi və qürurla dayanan rütbəsiz polis işçisi idi. Elə bil o, avtobuslardan, maşınlardan və küçədən keçənlərdən ibarət ordunun rəsmi keçidinə tamaşa edirdi. Polisin sağ böyründən parıldayan koburda qara tapança asılmışdı. Uca boyu, möhkəm bədəni, geniş sinəsi, zəhmli baxışı ilə ilk nəzərdən diqqəti cəlb edən bu adam ictimai qanun-qayda himayəçisinə parlaq nümunə idi. Çürüməkdə olan hökumət ondan xalqa divan tutmaq məqsədiylə istifadə edirdi.

Hər dəfə ona baxanda hündür qaməti və iri əlləri məndə belə bir təsəvvür yaradırdı ki, o, səhərlər küçədə hökm sürən sakitliyi, qanun-qaydanı poza biləcək hər bir adamı dərhal parçalamağa hazırdır.

Maşınlar onun önündə ardı-arası kəsilməyən bir axınla yavaş-yavaş ötüb keçirdi. O, varlı maşın sahiblərini salamlamaq üçün hər dəfə əlini gicgahına qaldırır və çəkməsinin dabanını xüsusi bir əda ilə yerə vururdu. Bu bərli-bəzəkli parlaq maşınların içərisində üzündən zalımlıq və qəddarlıq yağan bir şəxsin maşını diqqəti daha çox cəlb edirdi. Mən anlaya bilmirdim, bu polis nəfəri onları yaxşı tanıdığına və yaxud gözqamaşdırıcı geyimlərinə görəmi belə ehtiramla salamlayırdı, yoxsa... Məndə bu adamın hərəkətlərini daha yaxından öyrənmək arzusu oyandı. Və hətta bir gün mən onun səsini də eşitdim. Qolunda iki rütbə nişanı olan qısaboy bir polis nəfəri ona yaxınlaşdıqda dostum xırıltılı səslə soruşdu: “Filan nömrəli maşının sahibi kimdir?” Qısaboy polis ona cavab verdi: “Bu əlahəzrət nazirin maşınıdır və mabadə, Əlvan, sən onu salmlayasan, çünki o bunu sevmir”.

Bu zaman dostumun alnını qırışdırdığına və çaşqınlıqdan ağzını büzdüyünə tamaşa edəydin! Axı o, həmin nüfuzlu adamı salamlamaqla, heç bir qayda-qanun pozmamışdı.

Günlərdin bir günü küçədə nümayiş idi. Küçə qəzəblənmiş nümayişçilərdən dalğalanırdı. Nümayişçilər var gücü ilə ucadan bağıra-bağıra gedirdilər. Onlardan bəzisi hərdən bir yıxılır, sonra isə ayağa durub yenə o birilərə qoşulurdu. Bizim bu polis də nümayişçilərin qovulmasında iştirak edirdi. Onu həmin gün başında dəmir papaq, əlində ağır dəyənək döyüş meydanının tən ortasında gördüm. O bu dəyənəklə dəlicəsinə və qəzəblə qarşısına çıxanı vururdu. Nümayişçilər qürur və dəyanətlə dəyənəklərin ağrısına dözür və yollarına davam edirdilər. Onların başlarının üstündə “Rədd olsun xain!”, “Müstəmləkəçiliyə və xalqı aclığa məhkum edənlərə ölüm!” kimi ağır illərə xas olan şüarlar dalğalanırdı. Bu sözlər məxmər kürsülərdə əyləşənlərin və ələrində qamçı tutanların əsəblərinin korlanmasına səbəb olurdu.

Nəhayət, nümayişçilər odun, dəmirin və polis işçilərinin səyi ilə dağıdıldı. Axşam fövqəladə vəziyyət elan edildi və azadlıq tərəfdarlarının həbsi başlandı. Azadlıq mübarizləri evlərindən çıxarılıb zindanlara salındılar. Onların üzərinə gülünc və əsassı ittihamlar yağdırıldı. Bu polis nəfəri yenidən öz yerinə qayıtdı və ona rütbə verildi.

Sabahısı günü gördüm ki, o yenə də gülümsəyir, kefi kök halda ağalara təbəssüm dolu alovlu salamlar göndərir. Qışın soyuq, iliklərə işləyən sərt günlərində o, xalqın çörəyini əlindən alan, torpağını mənimsəyən və namusuna toxunan bu ağaları öz postunda salamlayırdı. Yayın isti günlərində isə qızmar günəşin istisinə dözərək vəzifəsinə səylə əməl edirdi. Öz-özümə deyirdim: “Görəsən bu heyvərə öz idarə və malikanələrində oturub, günlərini qonaqlıqlarda keçirən ağaları qoruduğunu bilirmi? Qanunsuzluq törədən bu adamlar kürsülərində nazlanırdılar, o isə burada, küçədə onların sakitliyini qoruyaraq qəzəbli nümayiş iştirakçıları ilə üz-üzə gəlir”.

Buna da bax: Onun arvadını da həkimlər öldürdü - ərəb yazıçısının hekayəsi

Günlər ötdükcə başa düşürdüm ki, bu polis nəfəri xalqın azadlığı, öz hüquqları uğrunda mübaziəsi yolunda, ümumiyyətlə, hər cür ədalətin yolunda polad bir səddir. Bunları düşündükcə öz-özümə sual verirdim: “Görəsən, o nə etdiyini bilirmi? Başa düşürdmü ki, ağaların əlində, ona dünyada ən yaxın olan adamların qətlində sadəcə bir alətdir?”

Günlər keçdi. Bu müddətdə mən iş yerimi dəyişdim. Artıq səhərlər həmin küçədən keçmirdim və buna görə də həmin polis işçisini daha görmürdüm. Onu və onun haqqında bütün düşündüklərimi unutmuşdum. Dörd ildən sonra dostlarımdan birini görmək üçün həbsxanaya getdim. İsti yay günlərindən biri idi. Həbsxananın qabağı kişi, qadın və uşaqla, süd, sərinlədici ucuz içki satanlarla dolu idi. Görüşə gələnlərin bir hissəsi öz dustaq qohum və dostları ilə bir yerdə böyük, qol-budaqlı evkalipt ağacının kölgəsində, o biri hissəsi isə qızmar günəş altında dövrə vuraraq oturmuşdular. Birdən-birə bu adamların içərisində həmin polis işçisini gördüm. Əynində nimdaş dustaq paltarı var idi. Yanında isə bədəvi qadın və əyinlərində köynəkdən başqa heç bir paltar olmayan üç uşaq oturmuşdu. Onların qabağında içərisində üzüm, çörək, xurma və s. ərzaq olan bir torpa var idi. Onun həbsxanaya nə üçün düşdüyünü öyrənmək istədim. Uzun müddət onun üzünə baxdım. Orada vüqar və təkəbbürdən əsər-əlamət yox idi. İndi o, həqiqətən məzlum, bədbəxt və yoxsul bir adam idi. Təkər öz oxu üzərində yerini tapdığı kimi, o da öz yerini tapmışdı.

Mən ona yaxınlaşıb salam verdim. O, üzümə baxıb gülümsündü. Yumuşaq səslə dedim:

- Mən səni tanıyıram. Sən polis işçisi idin. Həmişə körpünün yanındakı küçədə dayanırdın. Sənə nə hadisə üz vermişdir?

- Doğurdanmı? Mən səni heç görməmişəm, - deyə kədərlə cavab verdi.

- Düzdü, sən məni görməmisən. Mən isə səni maraqla izləyirdim. Sən rütbəsiz polis nəfəri idin. Nümayişin boğulmasında iştirak edib cəsarətlə vuruşduğuna görə fərqlənmə nişanı ilə təltif olunmuşdun.

O, yazıq-yazıq, təəssüflə köksünü ötürdü:

- Eh əzizim, nümayişlər... Elə nümayişlər mənim evimi yıxıb dustaqxanaya salmadımı?!

Mən təəccüblə soruşdum:

- Necə ola bilər ki, nümayiş sənin evini yıxsın?

O hekayətinə başladı:

- Mən küçədə sahə növbətçisi vəzifəsində idim. O zaman çox ağır günlər idi. Nümayişlərin birini boğmamış o birisi başlanırdı. Hər tərəfdə hərc-mərclik hökm sürürdü. Polis ya hücum edir, ya da geri çəkilirdi. Biz elə bil ki, əsl vuruş meydanında idik. Mən dəmir papağımı geyib dəyənəklə silahlanmışdım.

Mən kinayə ilə qeyd etdim:

- Əcəb yaxşı dəyənək idi...

O, təəssüflə dedi:

- Bəli, bir zərbə ilə hərifi yerə sərirdi.

Yenə davam etdi:

- Bir dəfə küçəyə çıxanda məni daşa basdılar. Buraya tüfənglərlə silahlanmış polis dəstəsi gəlmişdi. Onlar nümayişçiləri hədələyərək göyə güllə atırdılar. Lakin bütün bunlar heç bir fayda vermirdi. Birdən çiynimə böyük bir daş dəydi. Mən çox əsəbləşdim və qəzəblənərək nümayişçilərə üz tutdum. Dəyənəyimi qaldırıb onu qabağıma çıxan birinci başın üstünə endirdim. Mən onun nə üzünü görmüşdüm, nə də tanıyırdım. Bircə o yadımdadır ki, o, əlini şalvarının cibinə qoyub mənə istehza ilə baxırdı. Bilirsənmi o kim idi? O bir varlı oğlu idi.

Buna da bax: Diktatordan qurtulmağın mümkünsüzlüyü

Mən soruşdum:

- Yəni səhərlər salmladığın adamlardan birinin oğlu?

- Elədir ki, var. Nümayiş qurtardı. Məndən başqa hamı fərqlənmə nişanı ilə təltif olundu. Mən isə töhmət aldım. Bu töhmət varlı oğluna qəsd etdiyimə görə idi. İşdən qovuldum və mühakimə edildim.

Mən heyrətlə soruşdum:

- Bəs əzizim, sənin səhər salamların, bəlanı dəf etməyə həmişə hazır olan dəyənəyin köməyinə çata bilmədimi?

O kədərlə:

- Mənə heç bir şey kömək etmədi, - dedi.

- Sən küçədə öyünə-öyünə durduğun və camaatın başına dəyənəyi endirdin günlərdə nə düşünürdün?

O cavab verdi:

- Mən rütbədə yüksəlməyi arzulayırdım. Məni fərqlənmə nişanı ilə təltif etdilər. Mən isə yenə yüksəlmək istədim.

Axırda ondan soruşdum:

- İndi de görüm, kim haqlı idi! Nümayişçilər, yoxsa sənin himayədarlıq etdiyin ağalar!

Peşman-peşman dedi:

- Cahil və kor olmuşam. Mənim səadətim uğrunda vuruşan xalqın istəyini başa düşməmişəm.

...Mən onu tərk edərək dustaq yoldaşımın yanına getdim.

Tərcümə: Nərmin Sultanlı

XS
SM
MD
LG