Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:59

'Rabitəçilər işi'ndən Əli Abbasov və daha iki nəfərin işi ayrılıb


Keçmiş nazir Əli Abbasov
Keçmiş nazir Əli Abbasov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olmuş Vidadi Zeynalovun və həmin nazirliyin tabeliyindəki qurumlara rəhbərlik etmiş daha 10 nəfərin istintaqı yekunlaşdırılarkən, bu cinayət işindən başqa bir iş də ayrılmışdı.

Avqustun 26-da ayrılmış həmin cinayət işi üzrə hələ də Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaq gedir. Başqa sözlə, rabitə sistemində dövlətin on milyonlarla manat pulunu mənimsəməkdə suçlananlar hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan 11 nəfərlə bitmir.

Buna da bax:​ Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

Səbəb də odur ki…

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, ayrılmış cinayət işində keçmiş nazir Əli Abbasovla bağlı da araşdırma aparılır. Səbəb də odur ki, indi məhkəməsi gedən 11 nəfərin bir neçəsi, o cümlədən aparat rəhbəri olmuş Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov Əli Abbasovun əleyhinə ifadə veriblər. B. Hüseynov noyabrın 28-də məhkəmə ifadəsində də dedi ki, nazirin göstərişi əsasında xərcləri 20-25 faiz şişirdiblər və bundan əldə olunan vəsaitin də 80 faizini nazirliyə çatdırıblar.

Əli Abbasovun adı keçməsə də, 11 nəfər keçmiş rabitəçinin ittiham aktında da “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı” cinayət işinin ayrıldığı qeyd olunub.

Buna da bax: Keçmiş rabitəçilərə 153 milyonluq ittiham

Belə şəxslər kateqoriyasına isə nazir və müavinləri daxildir.

Keçmiş nazir yalnız şahid qismində dindirilib

Əli Abbasovla bağlı araşdırma aparılsa da, o, şübhəli və ya təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilməyib və yalnız şahid qismində dindirilib.

Ayrılmış cinayət işində Əli Abbasovla yanaşı, daha iki nəfər haqqında da araşdırma aparıldığı bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda rabitəçilərin işində təqsirləndirilənlərin dindirilməsi mərhələsidir. Hələlik, ancaq Beytulla Hüseynov ifadə verib. Noyabrın 30-da onun dindirilməsi davam edəcək.

Buna da bax:​ Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi

İttihama görə, Vidadi Zeynalov da daxil, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmədə suçlanır.

517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıq alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə edilib.

XS
SM
MD
LG