Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:39

Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'


Vahid Əhmədov
Vahid Əhmədov

«2017-ci il Azərbaycan iqtisadiyyatı - həm qeyri-neft sektorunun inkişafı, həm də manatın məzənnəsi üçün sınaq ili olacaq». Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna belə deyib.

– Vahid müəllim, Milli Məclisin komitələrdəki toplantısında demisiniz ki, gələn il Azərbaycan üçün ağır il olacaq. Nəyi nəzərdə tutursunuz? Azərbaycan vətəndaşı daha çox harada, nədə hiss edəcək bu ağırlığı?

– Hazırda Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi gedir və biz rəqəmlərə baxırıq. Son vaxtlar da dünyada neftin qiymətində ciddi artımın olmaması, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığı və s. belə deməyə əsas verir... Düzdür, son vaxtlar müəyyən işlər görülüb. Qeyri-neft sektorundan gəlirlər 2017-ci ildə 11 faiz artmalıdır. Amma buna baxmayaraq, 2017-ci il Azərbaycan iqtisadiyyatı - həm qeyri-neft sektorunun inkişafı, həm də manatın məzənnəsi üçün sınaq ili olacaq. Bəzi islahatlara start verilib, amma, hələlik, gəlir götürməkdən ötrü 2-3 il gözləməliyik. 2017-ci il Azərbaycan üçün ağır il olacaq.

– Bu o deməkdirmi ki, gələn il ölkədə işsizlərin sayı artacaq, əhali sürətlə kasıblayacaq?

– İşsizlərin sayının artmasıyla bağlı bizdə müzakirələr getdi. Cənab prezident tərəfindən yol xəritəsi də işlənib hazırlanıb. Orda istiqamətlər göstərilib. Kənd təsərrüfatının inkişafıyla bağlı müəyyən işlər gedir. Heç olmasa, kənd yerlərində insanların işlə təminatı mümkün olsa, kənddən şəhərə axının qarşısı alınar. Başqa sahələrə də diqqəti artırmaq lazımdır. Əsas məsələ 2017-ci ildə qeyri-neft sektorunun inkişafıdır. Bu problemi həll edə bilsək, neftdən asılılığı xeyli azalda bilərik. Bunun nəticəsində həm əlavə iş yerləri yaranacaq, həm də iqtisadiyyatda ciddi problem olmayacaq. Ona görə növbəti il sınaq ili olacaq.

– Vahid müəllim, AzadlıqRadiosunun əməkdaşı tovuzlu bir fermerlə söhbət edərkən o bildirmişdi ki, 2016-cı ildə xeyli məhsul əkilib, ancaq ona alıcı tapılmayıb. Məsələn, o deyirdi ki, elə fermerlər var hektarla lobya əkiblər, ancaq qiymət ucuz olduğundan onu sahədən belə yığmayıblar. Bu sahədə bir plansızlıq var, kəndliyə bəzi güzəştlər, vədlər verilir, o da əkir-becərir, amma... Bəlkə bu yöndə addım atılmalıdır?

– Bu faktlar bizdə də var. Hesab edirəm ki, 2017-ci ildə bu cür hallar olmamalıdır. Dövlət başçısının sərəncamı ilə fermerlərdən, sahibkarlardan məhsulu almaq üçün, tədarüklə əlaqədar Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. O cəmiyyət indi formalaşmaqdadır. Yəqin, o qurum 2017-ci ildə əhalidən məhsulu alaraq ya xaricə çıxaracaq, ya daxildəki qurumlara satacaq. Yəni mənim məlumatıma görə, bu problem 2017-ci ildə həllini tapacaq.

– Sahibkarların bir böyük problemi də gömrüklə bağlıdır. Düzdür, dövlət başçısının bu yöndə bəzi sərəncamları var, amma bu problemlərin aradan qaldırılmasına bəs edirmi?

– Gömrüklə bağlı öncəki problemlər, demək olar, yoxdur. Amma orda bir problem qalır, əvvəl məsələlər başqa cür həll olunurdusa, indi qanun çərçivəsində yoluna qoyulur. Ona görə də orda həm əlavə dəyər vergisi, həm də gömrük rüsumlarını hesablayanda, 32-35 faizə çıxır. Bu da çoxdur. Ona görə də gömrük rüsumlarına yenidən baxılmalıdır.

– Bu haqda təxminən bir ildir danışılır, amma nəticə yoxdur.

– Mənim bildiyimə görə, Gömrük Komitəsi bununla bağlı təklifləri hökumətə təqdim edib. Yəqin həllini tapacaq bu məsələ də.

– Söhbətboyu 2017-ci ili «sınaq ili» adlandırdınız. İki il sonra - 2018-ci ildən vəziyyət dəyişə bilərmi? Tutalım, qeyri-neft sektoru gəlir gətirəcəkmi, yoxsa?..

– Nəzərdə tutulan planlar, həm kənd təsərrüfatı, həm də sənaye parklarının tikintisi ilə bağlı planlar vaxtında və tam gerçəkləşsə, məncə, 2018-ci ildən bir qədər nəfəs almaq olar.

– Manatla bağlı gözləntiniz nədir?

– Manatın taleyi asılıdır Azərbaycanın idxal- ixrac əməliyyatlarından. Bizim idxalda və ixracda hələlik mənfi saldo var. Ona görə də manat ciddi problemlərlə üzləşib. İkincisi, manat neftdən birbaşa asılıdır, neft düşəndə manata da ciddi təsir göstərir, o da dəyərdən düşür. Manatı buraxmışıq üzən məzənnə siyasətinin ixtiyarına. Manat gəlib bazarda öz dəyərini almalıdır. Nə vaxt olacaq bu, demək çətindir. Bəlkə bir ilə, bəlkə altı aya, bəlkə bir az tez, ya gec. Amma bunun bir yolu var, manatın yumşaq devalvasiyası və Mərkəzi Bank da bu siyasəti aparır.

XS
SM
MD
LG