Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Əmlak Komitəsinin 1 milyon 200 minlik “xəta”sı


Pul kisəsi
Pul kisəsi

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərracın nəticələrinə dair mətbuat açıqlamasında obyektlərin satışından dövlət büdcəsinə 4,3 milyon manata yaxın vəsaitin daxil olacağı qeyd edilib, ancaq satışdan gələn vəsait, əslində, 5 milyon 583,7 min manat olub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də keçirilən hərracların nəticələrini qurumun mətbu orqanında («Mülkiyyət» qəzetində) dərc edib. Rəqabətsiz keçən hərraclarda 7 kiçik dövlət müəssisə və obyekti, bir o qədər də istifadəsiz qeyri-yaşayış sahəsi, 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib.

Gəncə pambıqəyirici zavodunu naməlum investor alıb

Bunlardan ölkə iqtisadiyyatı üçün ən önəmlisi Gəncədəki pambıqəyirici zavoddur. Sözügedən zavod hazırda «MKT İstehsal və Kommersiya» şirkətlər qrupunun istifadəsindədir. Komitə müəssisənin 85 faizinin ilkin qiymətə - 5 milyon 243 min manata satılmasına dair naməlum investorla alqı-satqı-müqaviləsi bağlayıb. Hərracın yekunları haqda elanda məhz həmin rəqəm əksini tapıb.

ƏMDK sözçüsü: «Texniki xəta olub»

Maraqlıdır ki, hərracın nəticələrinə dair komitənin mətbuat açıqlamasında obyektlərin satışından dövlət büdcəsinə 4,3 milyon manata yaxın vəsaitin daxil olacağı qeyd edilib. Halbuki satışı baş butmuş 26 müəssisə və obyektin satış qiyməti, əslində, toplam 5 milyon 583,7 min manat olub. Fərq 1,2 milyon manatdır.

Aradakı fərqə aydınlıq gətirən ƏMDK sözçüsü Qulu Xəlilov AzadlıqRadiosuna bunun «texniki xəta» olduğunu deyib. Başqa sözlə, dövlət büdcəsinə 4,3 milyon deyil, 5,5 milyon manat çatmalıdır.

Üç, yoxsa 200 nəfər?

«Gəncə Pambıq Əyirici» MMC-nin, bir şirkət olaraq, 15 faizlik payını almaq hüququ 3 nəfərə verilib. Bir ay öncə - hərrac elan olunarkən, AzadlıqRadiosu «Gəncə Pambıq Əyirici» MMC-dəki qaynağına istinadən xəbər vermişdi ki,əslində, burada 3 deyil, 200-dək adam çalışır. Ancaq nə müəssisənin özəlləşdirmə komissiyası, nə də ƏMDK bu iddiaya reaksiya verməyib.

Prezident İlham Əliyev bu ilin iyulunda Dövlət Özəlləşdirməyə Nəzarət Komissiyasına nəzarəti gücləndirməyi, bu sahədə aşkarlığı təmin etməyi tapşırıb. Həmin komissiya baş nazir Artur Rasi-zadənin sədrliyi ilə 2007-ci ilin martında yaradılıb.

XS
SM
MD
LG