Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:01

Ayanla illər sonra, yenə yağışlı bir gündə...


Yağışlı gün, Minsk, Belarus.
Yağışlı gün, Minsk, Belarus.

"Onlar danışmağa söz tapa bilmirdilər, sanki gecə-gündüz danışmaqdan doymayan bu iki sevgili indi lal olmuşdular. Bu baxışlarda nələr yox idi: İllərin yanıqlı həsrəti, acı göz yaşları, gecələr səhərə qədər yatmamaqlar, hicranın gətirdiyi ürək ağrıları, hər telefon zənginə, hər mesaj səsinə bəlkə odur deyə diksinərək qaçmaq".

Qulu Məmmədov

İSLANMIŞ MƏHƏBBƏT

(hekayə)

Qulu Məmmədov.
Qulu Məmmədov.

Yağış dayanmadan şırıltı ilə elə sürətlə yağırdı ki, yerə tökülən yağış damlaları nizamsız şəkildə yerin səthində sağa-sola rəqs edib, torpağın ruhuna süzülüb yoxa çıxırdı. Yağışın tozla qarışmış əsrarəgiz ətri isə adamın beynini bihuş edirdi.

Hər kəs islanmamaq üçün yağışdan canını qurtamağa çalışırdı. Tək Səlahəddindən başqa. Səlahəddin dayanacaqdan xəstəxananın girişinə qədər olan 200 m-lik məsafəni lap yavaş: xırda addımlarla yeridi.

Bu gün yadına yenidən nəsə düşmüşdü, bu gün yenə, bu günün yox, keçmişin adamı olmuşdu Səlahəddin. Xatirələr, keçmişdə yaşadığı və hələ də unuda bilmədiyi nakam məhəbbəti onu yenidən qasırğaların ağuşuna atmışdı. Bu güclü yağış ona düz 12 il əvvəlki sevgilisi ilə eynən dayanacaqdan evə gedərkən islandığı günü xatirəsində canlandırırdı. Ona görə də bütün bədəni su olmasına baxmayaraq yağışda islanmaq ona zərrə qədər də təsir etmirdi, əksinə yağış onun daxilində şölələnən alovu daha da qızışdırırdı.

Səlahəddin ləng addımlarla xəstəxananin giriş qapısından içəri daxil oldu, xəstəxananın dəhlizində səs-küydən qulaq tutulurdu. O, fikirli halda, bədənindən yağış suyu süzülə-süzülə qeydiyyat şöbəsinin sol tərəfindəki böyük aynada üst-başını səliqəyə salıb, cib dəsmali ilə saçlarını qurutmağa çalışdı. Əli ilə saçlarına tumar verərək dərindən ah çəkib, liftə doğru irəlilədi. Lift 6-ci mərtəbədə dayandı. Səlahəddin dəhlizə çıxıb “278” nömrəli otağa doğru addımlamağa başladı.

Buna da bax: Krediti ödəyə bilməyən neynəsin, ölsünmü?

Akif doktorun otağının qarşısında sakitlik idi. 3-4 yaşlarında sarışın qızcığaz atası ilə Akif doktorun otağının yanınadakı skamyada əyləşib kimisə gözləyirdi. Səlahəddin qapını astadan döyüb, içəri girməyə icazə istədi. Otaqdan Akif doktorun yorğun, nəzakətli səsi eşidildi

- Gözləyin.

Səlahəddin qapının kandarındakı skamyaya əyləşib, gözləməyə başladı. Başını balaca qızcığaza tərəf çevirib, dəniz rəngli gözləri ilə onu mənalı-mənalı süzən qızcığaza baxa-baxa yenidən xəyallara daldı.

Bu gün tam fərqli idi nədənsə, 12 ildə özünü bu qədər yalnız, tənha hiss etməmişdi Səlahəddin.

Bir az da skamyaya yayxanaraq dərindən ah çəkdi. Qolundakı Ayan bağışlayan gümüş qolbağını oynadaraq, son dəfə 12 il öncə bu dərəcədə islanmağı, xatirələrinin oyanması onu Ayan ilə ayrıldığı günü-may ayının 24-nü xatırlatdı.

Son görüşdə Ayan hər şeyin bitdiyini, artıq bundan artığına gücünün çatmadığını ürək yanığısı ilə söylədi, atası bu işə heç formada razı deyildi, buna görə də atası ilə bir il imiş ki, danışmırmış da Ayan. Səlahəddin bütün mümkün olan çıxış yollarını bir-bir sadalasa da Ayan bu gün bu görüşə ancaq ayrılmaq havası ilə gəlmişdi. Qalxıb gedərkən “mən ömür boyu heç kimlə ailə qurmayacağam, Səlahəddin” - deyib” ağlaya-ağalaya çıxıb getmişdi.

Bu “dəhşətli” kəlimə Səlahəddinə keçən bu 12 ildə bir gün də olsun belə rahatlıq vermirdi. Xoşuna, ürəyinə yatan qız olmuşdusa da bu kəlimə həmişə onu qılınc kimi yaralamışdı, soyutmuşdu qarşısına çıxan hər kəsdən.

Qızcığaz Səlahəddinə baxıb gülür, arabir ona göz də vururdu, amma Səlahddin ətrafında nə baş verdiyinin fərqində deyildi, indi o burada yox, tam başqa bir aləmdə, xəyalların girdabında itib-batmışdı.

Xəstəxananın özünəməxsus ağır havası isə onu bir az da boğurdu.

Sükutu Akif doktor pozdu. “Buyurun gəlin”- deyə, Akif doktor otaqdan səsləndi.

Otaqda bir xanım pasient də var idi.

Akif doktor tibb bacısına son göstərilşərini verib, Səlahəddinə xoş gəldin edib, onun müayinə stuluna əyləşməsini xahiş etdi. Səlahəddin son vaxtlar burun çəpəri əyriliyi səbəbindən nəfəs almaqda çətinlik çəkirdi.

- Bu nədir Səlahəddin, sən bütün suyun içindəsən ki?!

Səlahəddin bir az gülümsəyərək “Doktor, həyatımızda o qədər islandıq ki, bu islanmaq mənə zövq verir” -deyib, müayinə stuluna əyləşdi.

Buna da bax: Qarabağ savaşında öldürülmüş pilotun yarımçıq eşq hekayəti...

Akif doktor eynəyinin gözlüklərini silərək gözünə taxdi.

- Həyat belədir oğul; o kimisinin cismini isladır, kimisinin taleyini, kimisinin məhəbbətini, kimisinin də canından çox istədiyi var-dövlətini, vəzifəsini. Həyat çox mürəkkəb canlı orqandır. Baş açılmayacaq sirli bir müəmma. Amma gərək, həyatda səbirli olasan, bütün dərdlərin, problemlərin ən rasional yolu səbirli olmaqdir, səbirlə insan çox problemləri həll edə bilir. Zaman ən şəfalı məlhəmdir.

- Düzdür doktor, amma elə dərdlər var ki, zaman ancaq onları islada bilir, isladir ki, yeniden alovlandıra bilsin. Zamanin da məlhəm ola bilmədiyi çox dərdlər var bu “yalançı” dünyada.

- Bir az başini yuxari qaldir, oğlum... Bu həyatdan gəlib-keçmiş ən müdrik filosoflar belə baş aça bilməyib. Neyləyək, qismətimiz nə isə Tanrı onu bizə nəsib edir həmişə, hər şeyin ən yaxşısını o, bilir əlbəttə.

Səlahəddin nəsə demək istədisə də, fikrindən daşınıb, gözlərini yumaraq Akif doktora mane olmamaq üçün susdu.

Otaqda olan xanım pasient bayaqdan Səlahəddinin danışığını həyacanla və diqqətlə dinləyirdi. Qadının ürəyi tez-tez çırpınır, onu soyuq tər yuyub-aparirdi. Həyacandan artıq bədəni də titrəməyə başlamışdı. Tibb bacısı da qadının özünə nəzarəti itirməsinindən duyuğ düşmüşdü.

Otaqda tam səssizlik yaranmışdı, alətlərin arabir taqqıldısından və çöldə göy guruldamasından savayı heç nə bu səssizliyi pozmurdu. Səssizliyi pozan bir tək şey isə Səlahəddinlə xanım pasientin öz daxillərindəki dünyalari ilə qulaqbatıran savaşları idi. Bunu isə onlardan başqa kimsə eşitmirdi.

Tibb bacısı Akif doktorun göstərişlərini qurtararaq xanıma dedi:

- Buyurun, xanım, biz işimizi qurtardıq, bu dərmanı da götürün, gün ərzində iki dəfə istifadə edərsiz, yaralar artıq sağalmaq üzərədir. Allah şəfa versin!

Ayan ayağa qalxıb, çantasını götürərək ”doktor, mən gedə bilərəmmi?” –deyib, Akif doktorun icazəsini gözlədi. Akif doktorun fikri Səlahəddinə qarşıdığından Ayanın nə dediyini tam başa düşə bilmədi. O, başını qaldıraraq, ”hə, qızım eşidirəm” - deyib baxışlarını Ayana yönəltdi. Tibb bacısı Ayandan öncə dilləndi.

- Doktor, dediyiniz kimi etdim, bu dərmanı da gün ərzində iki dəfə istifadə etməsini söylədim. Bir iş qalmadı artıq. Ayan gedə bilərmi?

“Ayan” sözünü eşidən Səlahəddin sanki, yuxudan ayıldı. O, tək indi yox, keçən bu 12 ildə harada “Ayan” adını eşidirdisə, həmişə bu şəkildə diksinirdi.

Səlahaddin artiq özünü saxlaya bilməyib, qadına tərəf çevrildi. Bir anlıq gözlərinə inana bilmədi. Yuxuda imiş kimi gözlərini yumub, yenidən açdı. Tam hərəkətsiz, süst salmış halda nə edəcəyini, nə deyəcəyini, nə fikirləşəcəyini bilmədən dərin bir boşluğa düşdü Səlahəddin.

Bəli, bu Ayan idi. Onun 12 il əvvəlki “islanmış məhəbbəti”...

Həyat onları yenidən nəyəsə görə qarşılaşdırmağa qərar vermişdi. Bu heç də təsadüfi deyildi, hər şey tam zərurətdən doğmuşdu elə bil.

Ayan heç dəyişməmişdi. Həmin baxışlar, həmin duruş, həmin mənalı gözlər, 12 il öncəki formada daranmış sarışın, uzun saçlar.

Buna da bax: Nigeryalı oğlanın Bakıdakı kədərli həyatı

Ayanın da baxışları Səlahəddinə zillənmişdi. Onlar danışmağa söz tapa bilmirdilər, sanki gecə-gündüz danışmaqdan doymayan bu iki sevgili indi lal olmuşdular. Bu baxışlarda nələr yox idi: İllərin yanıqlı həsrəti, acı göz yaşları, gecələr səhərə qədər yatmamaqlar, hicranın gətirdiyi ürək ağrıları, hər telefon zənginə, hər mesaj səsinə bəlkə odur deyə diskinərək qaçmaq, hər yağan yağışda, hər əsən küləkdə onun ətrini duymaq, baxışlarının izi qaldığ hər əşyaya müqəddəs yanaşmaq, hər həzin musiqini, hər romantik filmi içdən ağlayaraq dinləmək, seyr etmək kimi cəhənnəm bir həyat yaşamışdılar bu ötən illərdə.

İndi 12 il bir-birindən ayrı necə yaşadıqlarının hesabatlarını verirdilər bir-birilərinə bu ümidsiz baxışlarla.

Akif doktorla tibb bacısı da vəziyyətdən hali olaraq ürək ağrısı ilə bu iki dərdli insanin həyat hekayəsinə şahidlik edirdilər.

Geridə qalan illər onların yarıda qalan məhəbbətini bütün islatmışdı. Artıq islanmış bu məhəbbəti günəş belə quruda bilməzdi.

Ayan artıq daha dayana bilməyəcəyini hiss edib, qapıya doğru hərəkət etməyə başladı. Boğazında düyünlənən acı qəhər onu az qala boğmaq üzrə idi. Üzünü çevirən kimi göz yaşları yanaqlarından sel kimi axmağa başladı. Nə qədər özünü sıxdısa da hönkürtüsünü saxlaya bilmədi. Ağlaya- ağlaya birbaş qapını açıb dəhlizə çıxdı.

Səhərdən atası ilə dəhlizdə onun yolunu gözləyən balaca - Nuray “mama, mama” deyib, qışqıraraq sevinclə Ayana tərəf qaçmağa başladı...

2016-cı il.

XS
SM
MD
LG