Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:15

Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'


Taleh Bağırov
Taleh Bağırov

«Nardaran işi» üzrə beş aydır davam edən məhkəmə prosesi yekunlaşır. Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Nəsir Bayramov çıxış edərək, 18 nəfər təqsirləndirilən şəxslərin hamısına ağır cəza istəyib.

Prokuror təqsirləndirilən şəxslərdən «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırova ömürlük, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11, Ramin Yarıyevə 10 il, qalan 12 nəfərin (Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə) hər birinə 15 il həbs cəzası verilməsini təklif edib.

Buna da bax-'Nardaran işi' ilə 'heykəl işi' arasında əlaqə varmış...

Nardaranda saxlanılan digər təqsirləndirilən şəxslərdən fərqli olaraq, Ramin Yarıyevə daha az cəza istənilməsinin səbəbi budur ki, o, həbs olunarkən yetkinlik yaşına çatmayıb. Qanun isə bu halda 10 ildən artıq cəza verilməsini qadağan edir.

«DÖZÜMLÜ OLUN»

Prokuror çıxışında iddia edib ki, Taleh Bağırov və o biri təqsirləndirilənlərə verilmiş ittihamlar məhkəmədə də sübuta yetirilib. Amma dövlət ittihamçısı məhkəmədə araşdırılmış sübutlardan yalnız Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının ifadələrinə istinad edib. Təqsirləndirilən şəxslərin həbs olunarkən və ondan sonra BMCMİ-də işgəncələrə məruz qalmaları haqda söylədiklərinin təsdiqini tapmadığını deyən prokuror istintaqdakı ifadələrindən imtina edən şahidlərə isə belə münasibət bildirib: «O şahidlərin 16-sı həbs olunub hazırda cəza çəkən məhkumlar, qalanları da təqsirləndirilən şəxslərin tanışları, kənd camaatı idi. Ona görə də, onların məhkəmədəki ifadələrinə tənqidi yanaşılmalıdır».

'Sən prezidentsən, Qurana əl basmısan, bu ədalətsizliyə necə dözürsən?'
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Prokurorun çıxışından əvvəl Taleh Bağırov məhkəməni izləməyə gələn özünün və digər təqsirləndirilən şəxslərin yaxınlarına, özəlliklə, analara müraciət edib: «Xahiş edirəm, hansı cəzanı istəmələrindən asılı olmayaraq, ağlamayın. Belələrinin qarşısında sınmayın. Dözümlü olun. Şəxsən mən özümə ömürlük gözləyirəm. Əgər bundan daha ağır cəza - edam olsaydı, Azərbaycan hökuməti görərdi ki, hətta ölümə də gülə-gülə gedən oğullar var. Biz bu zalım rejimdən xilas olmaq, xalqımızın azad olmasını istəyiriksə, qurban verməyi də bacarmalıyıq».

Buna da bax-Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?'

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə onlara yanvarın 9-na qədər vaxt verib.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Nardaran işində şahid: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

XS
SM
MD
LG