Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

'Təhlükəsizlik yastığı' olmadan yola davam...


İlham Əliyev
İlham Əliyev

2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsi, Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına dair toplantısında səslənən fikirlərin dəyərləndirilməsi və «tam üzən məzənnə»yə keçidin riskləri bu gün medianın aparıcı mövzusudur...

TOLERANTLIQDAN İSLAM HƏMRƏYLİYİNƏ

«Azərbaycan» qəzetində «İlham Əliyev islam həmrəyliyinin Azərbaycan nümunəsini yaradır» sərlövhəli məqalə dərc edilib. Məqalədə dövlət başçısının 2017-ci ili «İslam Həmrəyliyi ili» elan etməsi dəyərləndirilir.

Müəllif qeyd edir ki, İ.Əliyev qlobal sülh və əməkdaşlıq hərəkatının öncüllərindəndir. Artıq «tolerantlığın Azərbaycan nümunəsi»ni dünya qəbul edir.

Məqalədə vurğulanır ki, XXI əsrdə islam ölkələrində terror və savaşlar baş alıb gedir. Bu daxili savaşları, terroru aradan qaldırmaqdan ötrü islam həmrəyliyinə ehtiyac var: «Müsəlman dünyasında müasirliyin, kamilliyin, sabitliyin, inkişafın ən favorit ünvanı olan Azərbaycan öz üzərinə yeni missiya götürür».

Məqalədə deyilir ki, bir sıra müsəlman ölkələri təriqətçilik mövqeyində dayandıqlarından bu missiyanı yerinə yetirməyə hazır deyillər.

Müəllifə arqumentlərini gücləndirmək baxımından dövlət başçısından belə birsitat da gətirir: «Çalışacağıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar».

Nemət Əliyev
Nemət Əliyev

HÖKUMƏTİN İNKİŞAF NAĞILLARI

Azadliq.info saytında «Bəs iqtisadi və sosial göstəricilər Əliyevin bəyanatı haqda nə deyir?» sualına iqtisadçı-ekspert Nemət Əliyevlə cavab axtarılır.

Yazıda xatırladılır ki, bu günlər dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib və 2016-cı ilə yekun vurulub. Müəllif həmin iclasda prezidentin dilindən iqtisadiyyatın inkişafı ilə bağlı səslənən fikirləri ictimaiyyətin gözünə kül üfürmək kimi dəyərləndirir: «Guya ötən il böhran durdurulub. Bəs iqtisadi və sosial göstəricilər bu haqda nə deyir? Gerçək vəziyyət necədir?».

N.Əliyev sayta bildirib ki, Ümumi Daxili Məhsul üzrə son 2 ildə gəlirlər 34.5 milyard dollar azalıb. Bunun 18.5 milyard dolları qeyri-neft sektorunun payına düşür.

N. Əliyev vurğulayıb ki, 2014-cü ildə büdcə 24-25 milyard dollar olduğu halda, 2015-ci ildə 17 milyard dollara, 2016-cı ildə isə cəmi9 milyard dollara enib. O, qeyd edib ki, bu qədər büdcə azaldığı halda uğurlardan danışmaq əbəsdir.

Ekspert daha sonra deyib ki,son iki ildə əhalinin gəlirləri 18 milyard dollar azalıb. Orta aylıq əməkhaqqı 2014-cü ildə 566 dollar olub. 2016-cı ildə bu 314 dollara enib

Yazıda vurğulanıb ki, 2016-cı ildə korrupsiya, monopoliya, haqsız rəqabətə qarşı önəmli addımlar atılmayıb. Su, elektrik, qaz bahalaşıb: «Hər bir halda müşavirədə səslənən fikirlərin əksinə olaraq, tam əminliklə demək mümkündür ki, sosial-iqtisadi vəziyyət ötən il daha da ağırlaşıb».

Manat
Manat

«TAM ÜZƏN MƏZƏNNƏ» RİSKLƏRİ

«Novoye Vremya» qəzetində «Üzən məzənnə inflyasiyanı sürətləndirəcək» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, yanvarın 11-də Mərkəzi Bankın banklarla görüşü olub. Orada Mərkəzi Bank bildirib ki, «tam üzən məzənnə»yə keçidə hazırlıq görülür. Üstəlik, 4 faizlik marjanın da ləğvi gözlənilir: «Marjanın ləğv edilməsi faktiki manatın bütünlüklə «üzən məzənnə»yə keçməsi deməkdir. Bu halda, mübadilə məzənnəsi real tələb-təklif əsasında, məhdudlaşdırma olmadan müəyyən ediləcək».

Müəllif hesab edir ki, iqtisadi sabitlik olmayan halda«tam üzən məzənnə»yə keçmək yolverilməzdir. Çünki bu manatın kəskin ucuzlaşmasına səbəb ola bilər.

Yazıda vurğulanır ki, «tam üzən məzənnə»yə keçid şəraitində hökumət borc götürə bilməyəcək. Valyuta ehtiyatları da olmayacaq. Maliyyə qıtlığını aradan qaldırmaqdan ötrü yeganə vasitə pul emissiyası olacaq: «Beləliklə, «tam üzən məzənnə» dövründə qıtlıq inflyasiyaya aparır».

Samir Əliyev
Samir Əliyev

TƏHLÜKƏSİZLİK YASTIĞI GÖTÜRÜLÜR

«Bizim Yol» qəzetində «Ehtiyat valyutadan böhrana 7.5 milyard ayrıldı» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Azərbaycan Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manatın ayrılmasını ekspert Samir Əliyev şərh edir.

Yazıda qeyd edilib ki, Fondun gələn ilki büdcəsi 6.1 milyard manat kəsirlə təsdiq edilib.

İqtisadçı ekspert Samir Əliyev mövzunu belə şərh edir: «Neft Fondu Mərkəzi Banka il ərzində indiki məzənnə ilə 4.2 milyard dollar köçürəcək. Bu təxminən ayda 352 milyon dollar edir».

S.Əliyev deyib ki, gözlənilməz hadisələr baş verməzsə, bu transfertlər 2017-ci ildə bazarı sakitləşdirə, bankların dollar satışını bərpa edə bilər.

Ancaq ekspert hesab edir ki, valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar: «Bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil».

S.Əliyev vurğulayıb ki,məsələnin həlli köklü yanaşma tələb edir.

Ekspert deyib ki, Mərkəzi Bankın bazara müdaxiləsi qaldıqca, manatın üzməsi və bahalaşması real deyil: «Ola bilər epizodik bahalaşma baş versin, amma tendensiya ucuzlaşma istiqamətində olacaq. Sadəcə, Neft Fondunun bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın».

Yazının sonunda da qeyd edilir, problemin həlli əks-dollarlaşma siyasətindədir: «Deşik qaba nə qədər su töksək, bir müddətdən sonra qabda yenə də su azalacaq. Neft Fondunun pulu hesabına valyuta bazarını dollarla təmin etmək siyasəti sonda uğursuzluğa düçar ola bilər. Bu təhlükəsizlik yastığının «əriməsinə» gətirib çıxaracaq».

Yazıda Azərbaycanın «təhlükəsizlik yastığı» olmadan yola davam etməsi tənqid edilir.

XS
SM
MD
LG