Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:03

Türkiyə düşünən beyinləri itirməkdədir


İstanbulda Taksim meydanı
İstanbulda Taksim meydanı

Yeni il türk ziyalıları üçün yeni qovulma dalğası ilə start götürdü. «Politico» qəzetinin Türkiyə haqda yeni məqaləsi bu sözlərlə başlayır.

Qəzet bu dalğanın Türkiyə ziyalılarını ilin ilk həftəsi bitməmiş vurduğunu, bir neçə gündə 631 araşdırmaçı və professorun işini itirdiyini yazır.

ZİYALI QORXUSU

Ötən ilin yayında baş vermiş çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatı türk ziyalılarının böyük hissəsinə zərbə olub. Minlərlə müəllim, elmi işçi cəhdin arxasında dayandığı güman edilən ilahiyyatçı Fethullah Gülen-lə əlaqədə günahlandırılaraq ya işdən atılıb, ya da həbs olunub. Onlarla universitet, sadəcə, bağlanıb. Sonucda təqiblərdən, elmi azadlığa məhdudiyyətlərdən cana doyan ziyalılar ölkəni tərk edir, Qərbə, özəlliklə də Avropaya üz tuturlar.

Buna da bax-Qafqaz Universiteti məzunlarına pis xəbər

Beynəlxalq Təhsil İnstitutunun elmi işçilərə yardımla məşğul olan fondu – «Scholar Rescue Fund» onlara müraciət edənlərin çoxunun türk olduğunu bildirib. Almaniyanın eyni missiyanı yerinə yetirən təşkilatı «Philipp Schwartz Initiative» də Suriya və başqa ölkələrdən çox Türkiyədən müraciət alıb.

«Politico» yazır ki, Türkiyədən gedən ziyalıları əndişələndirən təkcə evlərini tərk etmələri deyil. Onlar «beyin axını»nın ölkəni avtoritarizmə daha asanlıqla sürükləyəcəyindən qorxurlar.

Avropada məskunlaşmış türk sosioloqlarından biri qəzetə müsahibəsində deyib: «Nəticə eynifikirli, eyni düşüncə tərzinə malik cəmiyyətdir-avtoritar cəmiyyətdir. Tənqidi, müstəqil düşüncəyə yol verilmir».

R.T.Erdoğan Yıldız Texniki Universitetinin fəxri doktoru seçilib.
R.T.Erdoğan Yıldız Texniki Universitetinin fəxri doktoru seçilib.

HÖKUMƏTƏ ÇAĞIRIŞLAR

Müəllif Türkiyədə ziyalıların təqibinin çevriliş cəhdindən əvvəl başladığını yazır. Hökuməti kürd qiyamçılarına qarşı sərt tədbirlərdən çəkinməyə çağıran ziyalıların terroru dəstəkləməkdə günahlandırıldığını, prezidentə müraciəti imzalamış yüzlərlə müəllimin işdən qovulduğunu, bəzilərinə cinayət işi açıldığını xatırladır.

«Sülh uğrunda çalışan elmi işçilərin çox böyük hissəsi xaricdə, çoxu da Avropada, özəlliklə Almaniyada məskunlaşıb». Bunu İstanbul Ticarət Universitetindən qovulmuş professor Halil İbrahim Yenigün qəzetə müsahibəsində deyib.

Buna da bax-'Türkiyənin süqutu illərdir gedən prosesin nəticəsidir'

Ziyalılar Türkiyədə həm də elmin imkanlarının azaldığını deyirlər. Avropa Birliyinin Türkiyə üzrə məruzəçisi Kati Piri də inqilab cəhdindən sonra Türkiyənin onların elmi təşkilatlarıyla əməkdaşlığı dayandırmasından narahatlığını ifadə edib. O bu barədə Türkiyə rəhbərliyinə dəfələrlə məktub yazıldığını, Avropa Komissiyasının Ankaranı ziyalıları cəzalandırmaqdan çəkinməyə çağırdığını deyib.

MƏYUSLUQ

Əslində, Türkiyə «beyin axını»na keçmişdə də, xüsusilə 1980-ci il inqilabından sonra da məruz qalıb. Amma Recep Tayyip Erdoğan-ın Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələndən sonra etdikləri ziyalılara ümid verib, onları vətənə qayıtmağa həvəsləndirib.

Qəzet AKP-nin dövründə Türkiyədə universitetlərin sayının 2 dəfə artdığını, başıbağlı qızların universitetlərdə təhsilinə icazə verildiyini, xaricdə təhsil almış türklərin vətəndə yaşamağa və işləməyə həvəsləndiyini yada salır. Amma indi belələri dərin məyusluq içindədirlər.

««Beyin axını» varsa, yeni perspektiv şansı yoxdur. Çünki fərqli düşüncəsi olan hər kəs getməyə ya məcbur edilir, ya da özü buna çalışır». Uzun illər xaricdə yaşamış, 2012-ci ildə Türkiyəyə köçmüş, adının açıqlanmasını istəməyən bir psixoloq «Politico» qəzetinə müsahibəsində belə deyib.

XS
SM
MD
LG