Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:22

Azərbaycan media azadlığı 'ən pis' olan 10 ölkədən biridir


«"Freedom House"un indeksi». Karikatura. Şerif.
«"Freedom House"un indeksi». Karikatura. Şerif.

Ötən il dünyada mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb. Səbəb böyük demokratik quruluşlarda jurnalistlərə və media orqanlarına görünməmiş təhdidlər, avtoritar rejimlərdə mediaya təzyiqin artması, Rusiya və Çinin sərhədləri xaricində də təsir güclərini artırmaq cəhdləridir.

Bunu “Freedom House” hüquq-müdafiə təşkilatı aprelin 28-də açıqladığı “Mətbuat Azadlığı-2017” adlı hesabatında deyir.

Hesabatda 199 ölkədə və ərazidə mətbuat azadlığının səviyyəsi ölçülüb. Ən azad ölkə 0, ən qeyri-azad isə 100 balla dəyərləndirilib, ölkələr Azad, Qismən Azad və Qeyri-Azad qruplara yerləşdirilib.

Buna da bax:​ Hökumət 'Azadlıq.org'u bloklamaq üçün məhkəməyə müraciət edir

10 ƏN QEYRİ-AZAD ÖLKƏDƏN BİRİ

Azərbaycan dünyada mətbuat azadlığının ən pis durumda olduğu 10 ölkə içində yer alıb. Bu sırada Krım, Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistan da var.

Siyahıda Azərbaycan 199 ölkə arasında 190-cıdır. Müqayisə üçün Ermənistan 137-ci, Gürcüstan isə 102-ci yerdədir.

Qonşu Gürcüstan qismən azad, Ermənistan isə azad olmayan ölkələr sırasındadır.

Ballara gəldikdə, Azərbaycanın balı 90-dır.

Müqayisə üçün Ermənistanın balı 63, Gürcüstanınkı isə 50-dir.

“Dünyada mətbuat azadlığının ən pis səviyyədə olduğu Avrasiya regionunda avtokratik rejimlər ötən il xəbər mediası üzərində tam nəzarəti saxlayıb, ifadə azadlığına, demək olar, yer qoymayıb. Orta Asiya ölkələrində dəyişən bir şey yoxdur. Azərbaycan və Rusiya hökumətləri isə tənqidi jurnalistikanın olan-qalan nəfəsliklərini də daralıb”, – hesabatda vurğulanır.

Buna da bax: 'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'

HÖKUMƏTİN SABİTSİZLİYİ

“Azərbaycanda prezident İlham Əliyev rejimi müstəqil media və söz azadlığına qarşı illərdir davam edən təzyiqlərini, azacıq da olsa, azaltmayıb. Hakimiyyət periodik olaraq bir neçə tanınmış xəbər saytını, o cümlədən Meydan TV və AzadlıqRadiosu-nun saytlarını bağlayıb. Ölkə rəhbərliyi yerli medianın redaktə siyasətinə nəzarətinin miqyasını da sərgiləyib, ANS televiziyası ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülen-in dediklərini yayımlamamışdan efiri qapadılıb. Hökumət bunu Bakıyla Ankaranın münasibətini korlamağa yönəlik “provokasiya” adlandırıb. Bu televiziyanın siyasi loyallığı belə Əliyev hökumətinin artan iqtisadi və diplomatik sabitsizliyi fonunda çəkisini itirib”, – “Freedom House” bildirir.

Hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, reaksiya verməyiblər. Amma ənənəvi olaraq, ölkədə media azadlığı da daxil olmaqla, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir, bu tip hesabatları ölkəyə qarşı “qərəzli qarayaxma kampaniyası” adlandırırlar. Prezident İlham Əliyev ötən il “Freedom House” təşkilatını ermənipərəst mövqe tutmaqda suçlamış, bu qurumun hesabatlarının Azərbaycan üçün “heç bir əsası olmadığını” demişdi.

Buna da bax:​ Qənimət Zahid: 'Hakimiyyət bloklamada əli olduğunu etiraf etdi'

YALNIZ 13 FAİZİN MEDİASI AZADDIR

Hesabatın üzə çıxardığı digər əsas məqamlar bunlardır:

· Dünya əhalisinin yalnız 13%-i azad mediadan faydalanır;

· Dünya əhalisinin 42 faizinin mediası qismən azaddır. 45 faiz isə media mühiti azad olmayan cəmiyyətdə yaşayır.

· Demokratik ölkələrdə siyasətçilər xəbərləmə işinə təsir cəhdlərini gücləndirib, media orqanlarını qanunsuz elan edib, ictimai yayım orqanlarına siyasi təzyiq göstərib, özlərinə yaxın özəl kanalların nüfuzunu yüksəldiblər.

· Türkiyə, Efiopiya, Venesuela kimi daha avtoritar cəmiyyətlərdə rəsmilər siyasi, yaxud ictimai itaətsizlikdən müstəqil və müxalifət mediasına təzyiqləri artırmaqda faydalanıb.

Buna da bax:​ 'Dünyada mətbuat azadlığı xəritəsi getdikcə qaralır'

· Saharaaltı Afrika, Yaxın Şərq və Asiyada hökumətlər məhdudlaşdırıcı qanunları onlayn mediaya tətbiq edib, yaxud kritik məqamlarda telekommunikasiya xidmətlərini bağlayıb.

· Ötən il 100 ballıq şkala üzrə ən çox geriləyən Polşa (6 vahid), Türkiyə (5), Burundi (5), Macarıstan (4), Boliviya (4), Serbiya (4) və Konqo Demokratik Respublikası (4) olub.

XS
SM
MD
LG