Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

'Sel suları Dağ Kəsəməni yuyub apardı' - sakin


Sel. Foto arxiv
Sel. Foto arxiv

«Leysan və dolu kənddə salamat ev qoymadı. Bir həftədir bircə hökumət nümayəndəsi kəndə girib maraqlanmır ki, burda nə baş verib, ölmüsüz, qalmısız...».

İyulun 14-dən 15-nə keçən gecə güclü leysan Ağstafa rayonunun Dağ Kəsəmən kəndinə ciddi ziyan vurub.

«BATMIŞAM»

Kəndarası yolları, evlərin zirzəmilərini və sakinlərin bağlarını su yuyub aparıb. Kənd sakinlərinin şəxsi təsərrüfatına ciddi ziyan dəyib. Xeyli sayda ev quşu tələf olub. Kənd sakini Bəşir Məmmədov deyir, ötən bir həftədə hökumət nümayəndələri bircə dəfə də kəndlilərin vəziyyəti ilə maraqlanmayıblar.

Kənd sakini Elcan Əhmədov da seldən zərərə düşüb. Deməsinə görə, yalnız kənd ərazisindən keçən avtomobil yolundakı çətinliklər aradan qaldırılıb:

«Təsərrüfatıma indiyədək görmədiyim zərər dəyib. Sel əkin sahəsini yuyub aparıb. Arpam, buğdam – hamısı məhv oldu, ev-eşik su altında qaldı, yüzlərlə ot tayası, yüzdən çox toyuq, hinduşka – hamısını sel apardı. Bir sözlə, batmışam. Bircə quru canım qalıb, onu da sel aparsaydı, indiki halımdan yaxşı idi».

«HÖKUMƏT MÜTLƏQ ƏLİNİ UZATMALIDIR»

Kənd sakinləri sel sularından xilas edə bildiklərini qonşu kəndlərdə yaşayan yaxınlarının evinə toplayıblar. Zahid Hümmətov deyir, əvvəlki yaşayışlarına qayıtmaq üçün onlara kifayət qədər vaxt lazım olacaq:

«Hesab edin ki, təsərrüfatı sıfırdan qurmalıyıq. Sel evin içindəkini aparıb, dolu da evlərin dam örtüklərini sınıq-sınıq edib. Hökumət mütləq kömək əlini uzatmalıdır. Hamımız batmışıq. Əlimizdən tutmasalar, ayağa qalxıb həyatımızı öz axarına salmağımız mümkün deyil. Onsuz da kəndimizdəki insanlar ehtiyac içində, borc-xərclə dolanırdı. İşsizlik, ehtiyac bizə göz açmağa imkan vermirdi. Belə bir vaxtda olan-qalanı da sel yuyub apardı».

SİYAHI TUTULUB

Ağstafa Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, iyunun 15-də dağ yamacından gələn və kənd ərazisindən keçən suvarma kanalında su artaraq selə çevrilib. Eyni vaxtda dolunun da yağması vəziyyəti çətinləşdirib. Rayonun icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aparatın digər rəsmiləri və rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları kənddə olublar. Sel suları altında qalan Dağ Kəsəmən kəndinə rayonun Fövqəladə Hallar Komissiyasının bütün ağır texnikaları cəlb olunub. Ərazidə bərpa işləri görülüb. Komissiya üzvləri zərər dəymiş təsərrüfatları və evləri siyahıya alıb.

Dağ Kəsəmən kəndi daha öncə də leysan nəticəsində su kanalının daşmasından sel sularına qərq olub. O zaman bir nəfər kənd sakini sel suları altında qalaraq həlak olmuşdu.

XS
SM
MD
LG