Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Mehman Əliyev ev dustaqlığına buraxılmadı


Mehman Əliyevin məhkəməsi 30 avqust 2017
Mehman Əliyevin məhkəməsi 30 avqust 2017

Sentyabrın 6-da Yasamal Rayon Məhkəməsində "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin girov qətimkan tədbiri ilə əvəzlənməsi haqda vəsatətə baxılıb.

Mehman Əliyevin vəkili vəsatətində hüquqlarını müdafiə etdiyi şəxsin ibtidai istintaq dövründə girov müqabilində həbsdən buraxılmasını istəyib. Amma hakim Azər Tağıyev vəsatəti təmin etməyib.

Qapalı keçirilən məhkəmədə Mehman Əliyev özü də iştirak edib.

Buna da bax:​ Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'

“ÖHDƏSİNDƏ ÜÇ NƏFƏR VAR”

Məhkəmədən sonra Mehman Əliyevin vəkili Fuad Ağayev AzadlıqRadiosu-na bildirib ki, girov qətimkan tədbiri ilə bağlı vəsatət qanunvericiliyə uyğun hazırlanmışdı. Müdafiəçinin sözlərinə görə, vəsatətdə yetərincə əsaslar da vardı, amma məhkəmə nəzərə almadı: "Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdə ittiham olunan şəxslər haqqında girov qətimkan tədbiri seçilə bilər. Vəsatətdə göstərmişdik ki, Mehman Əliyev heç vaxt cinayət məsuliyyətinə cəlb olunmayıb. Daimi yaşayış yeri, iş yeri bəllidir və Bakıdadır. Onun öhdəsində üç nəfər adam var – övladı, həyat yoldaşı və 90-a yaxın yaşı olan atası. Əfsuslar olsun ki, bütün bunlar nəzərə alınmadı və vəsatətimiz təmin olunmadı".

Fuad Ağayev
Fuad Ağayev

Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək. Əgər Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməsə, bu işi Avropa Məhkəməsinə göndərəcəklər.

Buna da bax:​ Əli Həsənov 'The Washington Post'a münasibət bildirdi

Mehman Əliyev özü də məhkəmədə çıxış edib. Girov qətimkan tədbirinin seçilməsi ilə bağlı vəkilinin vəsatətini müdafiə edən Mehman Əliyev bildirib ki, həbsindən əvvəl də dəfələrlə şifahi şəkildə istintaqa çağrılıb və hər dəfə də gedib ifadə verib. Həbs olunan gün də istintaq orqanına onu telefon zəngi ilə çağırıblar.

"Çağıranda demişdilər ki, ona bir neçə sualları var. Görünür, həmin o bir neçə suala hələ də cavab alırlar", – Fuad Ağayev bildirib.

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl isə o, şübhəli şəxs qismində saxlanmışdı.

Buna da bax:​ İctimai xadimlər prezidentdən Mehman Əliyevin azadlığını istədilər

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Buna da bax:​ Mehman Əliyevlə bağlı vəsatətə baxılacaq

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

XS
SM
MD
LG