Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:11

‘Nardaran işində İrana görə dövlətə xəyanət ittihamı vermək istəyirdilər’


Əbülfəz Bünyadov 2015-ci ilin noyabrında Nardaran əməliyyatı zamanı güllənərək iflic olub
Əbülfəz Bünyadov 2015-ci ilin noyabrında Nardaran əməliyyatı zamanı güllənərək iflic olub

“Nardaran işində lap əvvəldə İranın adı çox hallanırdı. Tutulanlara da buna görə dövlətə xəyanət ittihamı vermək istəyirdilər. İstintaq da bu istiqamətdə iş aparırdı. Görünür, sonradan nəsə baş verdi, bundan imtina elədilər. Bəlkə də qonşu ölkə ilə dövlətlərarası münasibətləri nəzərə aldılar...” – Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Elman Ağayevin vəkili Akif Əliyev belə deyir.

Vəkil aprelin 13-də ilahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin məhkəməsində çıxış edib. Şərti olaraq, “Nardaran işi-3” adlanan bu işə hazırda Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Bu işdə təqsirləndirilən şəxslərdən biri də Eldar Bünyadovdur. O, 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi, özü də güllələnib iflic olmuş Əbülfəz Bünyadovun əmisidir.

“Heydər Əliyevin vəkilini bu işdə günahlandırmaq üçün...”

Eldar Bünyadovun vəkili Elxan Şükürov deyir ki, bu adamlara terrorçuluq, dövlətin konstitusiya quruluşunu zorla dəyişmə kimi ağır ittihamlar verilib, amma ortada işgəncə altında alınmış ifadələrdən və polislərin özlərinin sözlərindən başqa heç bir sübut yoxdur:

“Eldar Bünyadov Nardaran qəsəbəsi üzrə icra nümayəndəsi olub. Seçkilərdə mərhum prezident Heydər Əliyevin vəkili olub. Belə bir adama belə bir ittihamı verəndə gərək əldə ikiqat artıq sübut olsun. Amma heç nə yoxdur”.

Digər müdafiəçi Akif Əliyev deyir ki, MTN generalları ilə bağlı cinayət işi bir çox başqa biabırçılıqlarla yanaşı, həm də bu ölkədə adamların sifarişlə qanunsuz həbs olunmalarının, onların evinə necə silah atıldığının sübutu oldu:

“Elçin Quliyevin işində konkret olaraq, adamın evinə silah atılıb onun sifarişlə həbs olunmasından söhbət gedir. Yaxud Akif Çovdarov deyir ki, 4000-ə qədər adam tutmuşam. Nardaran hadisələrinə görə həbs olunanların da evinə həmin üsullarla silahlar atılıb, onlardan işgəncə ilə ifadələr alınıb. Elman Ağayevin günahı nədir? Lənkəran bölgəsində narkomaniyanın tüğyan etməsinə, gənclərin məhv olmasına göz yummamaq? Görünür, sağlam adamların ətrafında insanların toplaşması müəyyən qüvvələri narahat edir. Ona görə də öncədən bu adamları aradan götürmək planlaşdırılmışdı. Sadəcə, o adamları tutmaq üçün bəhanə lazım idi...”

Məhkəmədə vəkillər Lənkəranın icra başçısı Taleh Qaraşovun, ilahiyyatçı Taleh Bağırovun və hal şahidlərinin çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırıblar. Amma heç biri təmin olunmayıb.

Məhkəmə aprelin 20-də davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib.

Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib və uzunmüddətli həbs cəzaları kəsilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nardaran işi -3” üzrə təqsirləndirilən 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib.

Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Əli Hüseynov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum edilib.

Amma onlar özlərini təqsirli bilmir və ittihamların saxta olduğunu deyirlər.

XS
SM
MD
LG