Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:20

“Azərbaycan istintaqı” bitdi. AŞPA üzvlərinə ittihamlar


2013-cü ildə Avropa Şurası qarşısında keçirilmiş etiraz aksiyası
2013-cü ildə Avropa Şurası qarşısında keçirilmiş etiraz aksiyası

Avropa Şurası 10 aydır apardığı istintaqı tamamlayıb və belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunur ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

“GÜCLÜ ŞÜBHƏLƏR VAR”

Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb”, – hesabatda deyilir.

Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanır.

***Buna da bax: S.Seyidov: 'Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışırlar, yəqin buna hazırlıq gedir'

Tənqidçilər indiyədək Azərbaycanda iddia olunan seçki pozuntuları – qurulara topa bülletenlərin atılması, həmçinin insan haqlarına pozuntularına AŞPA-nın niyə zəif reaksiya verməsinə dair suallar qaldırıblar.

AŞPA 2017-ci ildə qurumun bəzi indiki və keçmiş üzvlərinin tənqidi yumşaltmaq üçün Bakının “avtokratik hökuməti”ndən bahalı hədiyyələr, kürü, xalçalar qəbul etməsi, Bakıda bahalı otellərdə qalmasıyla bağlı iddiaları araşdırmağa başlanıb. Bu siyasətə tənqidçilər “kürü diplomatiyası” adını verib.

Pedro Agramunt
Pedro Agramunt

Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparırdı.

Hakimlər Rusiya, Ukrayna və Türkiyədə bağlı iddiaların da olmasına baxmayaraq, yalnız Azərbaycanın məsələsini araşdırıblar.

Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi, ittihamları araşdıran hakimlərdən biri Sir Nicolas Bratza AŞPA üzvlərinə “simvolik” hədiyyələr verildiyini deyib. Ancaq o, bəzi deputatların bu hədiyyələrin açıqlanmasıyla bağlı daxili qaydalara əməl etməməsindən narahatlığını bildirib.

Hakimlər belə bir qənaətə də gəliblər ki, keçmiş italyan deputatın və Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvünün “korrupsiya xarakterli fəaliyyət”lə məşğul olmasını düşünməyə əsaslar var.

Hesabatda qeyd olunur ki, AŞPA-nın beş keçmiş üzvü davranış kodeksini pozaraq, deputat mandatları bitəndən sonra da Azərbaycanın adından lobbiçilik fəaliyyəti aparıblar.

On digər üzvün Azərbaycanla bağlı komitələrdə çalışarkən, yaxud ölkədə seçkilərə monitorinq missiyalarında iştirak edərkən davranış kodeksini pozduqları bildirilir.

VOLONTÈ VƏ AGRAMUNT-UN “VACİB ROLLARI”

Hesabatda keçmiş italyan deputat Luca Volontè -nin adı “korrupsiya xarakterli fəaliyyətdə” şübhəli kimi çəkilir. Onun Azərbaycanda siyasi məhbuslarla bağlı hesabata zərbə vurulmasında “vacib rol” oynadığı vurğulanır. Hesabatda digər insan haqları qruplarının narahatlıqları da qeydə alınmışdı, ancaq 2013-cü ildə AŞPA deputatları onun əleyhinə səs verdi.

“The Guardian” qəzeti yazır ki, İtaliya polisi Volontè-nin Azərbaycandan 2,39 milyon avro rüşvət alması barədə iddiaları araşdırır. Volontè isə ittihamları rədd edir və başqa bir çirkli pulyuma maddəsi üzrə ona bəraət verilib.

Sənəddə AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un qurumun sağ mərkəzçi qrupuna rəhbərlik etməkdən ötrü “korrupsiya xarakterli əməllərə” getməsinə dair güclü şübhələrin olduğu vurğulanır. Agramunt ötən il istefa verməyə məcbur olub. Rusiya hökumətinin Suriyaya təşkil etdiyi səfərdə iştirakından dolayı qurumda ona etimadsızlıq səsverməsi keçirildi. Hesabatda bu ispan deputatın Azərbaycanın xeyrinə qərarların verilməsində “əsas rol” oynadığı bildirilir.

“Deutsche Welle” yazır ki, AŞPA prezidenti Michele Nicoletti bu hesabat açıqlanandan sonra “komitə adları çəkilən parlamentarilərin durumunu bir-bir nəzərdən keçirənədək onları fəaliyyətlərini dayandırmağa dəvət edib”.

Transparency International korrupsiyayla mübarizə təşkilatının rəhbəri Jose Ugaz deyib ki, bu deputatlara “sanksiyalar qoyulmalıdır, hakimiyyətlərə bundan ötrü təzyiq göstərəcəyik”.

AZƏRBAYCANIN İDDİASI

Avropa Şurası 1949-cu ildə yaradılıb, Avropa Birliyindən ayrıca fəaliyyət göstərir, insan haqları və hüququn aliliyini təbliğ edir.

AŞPA-ya 47 üzvün parlamentlərindən nümayəndə heyətləri daxildir.

2017-ci ilin oktyabrında AŞPA Azərbaycanda “insan haqlarına görünməmiş təzyiqlər”dən, hakimiyyət balansının pozulmasından, məhkəmənin işindən narahatlığını bildirmişdi.

AŞPA “saxlanma zamanı, polis nəzarətində və həbsxanalarda işgəncələrin və qeyri-insani davranışın baş verdiyini, səmərəli təhqiqatların aparılmadığnı, ədalətli mühakimə hüququnun, ifadə, birləşmə və toplaşma azadıqlarının pozulduğunu” bildirirdi.

***Buna da bax: ATƏT-in müşahidə missiyasına hücum olundu [video]

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bu qətnamələri rədd edib, “Azərbaycana qarşı nifrət kampaniyası”nın hədəfinin Bakıyla Avropa Şurası arasında “uçurum” yaratmaq olduğunu deyib.

Aprelin 23-də AŞPA-nın Fransanın Strasburq şəhərində yaz sessiyası başlanır və sözügedən hesabatı da müzakirəsi gözlənir.

XS
SM
MD
LG