Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:06

E.Şıxlı: 'Senzura yoxdur, sadəcə, meyit qalıb. O meyitə də senzura lazım deyil'


E.Şıxlı
E.Şıxlı

İyulun 22-də Milli Mətbuat Günüdür. Bu ərəfədə keçmiş «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Elçin bəy, adətən, ötən illərdə Milli Mətbuat Günü ərəfəsində gündəm qaynar olardı, tədbirlər keçirilərdi, mükafatlar verilərdi, amma bu dəfə mətbuat gününün yaxınlaşdığı hiss olunmur elə bil. Sizdə də belə təəssürat varmı?

- Təəssürat məndə də belədir. Sözün doğrusu, bayram üçün bir əsas da görmürəm.

- Səbəb nədir?

- Əvvəllər «Zərdabi» mükafatı verirdik. İkinci ildir mən onu vermirəm. Bundan vaz keçmişəm.

- Mükafata layiq jurnalist yoxdur?

- Ayrı-ayrı jurnalistlər haradasa var, şübhəsiz. Amma layiqli təzə bir şey yoxdur. İş orasındadır ki, «Zərdabi» mükafatı bir dəfə verilir, ikinci dəfə verilmir. Yəni, ortalığa çıxası yeni bir jurnalist yoxdur. Səbəbi də odur ki, alternativ fikir söyləyə biləcək, normal jurnalistikaya uyğun gələn qurum olmadığından jurnalist də, demək olar, yoxdur.

- Sizcə, milli mətbuat niyə böhranlı günlər yaşayır?

- Dünyada qəzet oxuyan ölkələrin sayı azalmır, artır. Təbii ki, internet, elektron daşıyıcıların texniki baxımdan inkişafı normal ölkələrdə qəzet oxuyanların sayını ümumən azaltsa da, qəzet oxumaq vərdişi yoxa çıxmayıb. Hətta qonşu Gürcüstanda belə bu saat əməlli-başlı tirajı olan qəzetlər var və reklamdan gəlir götürən qəzetlər var. Azərbaycanda bu yoxdur. Azərbaycanda qəzet öldürülüb. Ümumiyyətlə, qəzet yoxdur. Televiziyaların vəziyyətini bilirsiniz, obyektiv, subyektiv səbəbləri var, amma əsas obyektiv səbəblərdir. Elektron KİV-lərdə də vəziyyət aydındır. Saytlara normal giriş mümkün deyil. Məsələn, bu yaxınlarda Gəncədə baş verənlərlə bağlı bir-iki çərçivədən çıxacaq versiyalar irəli sürən saytları tələm-tələsik qapatdılar, istintaqa cəlb etdilər. Ona görə ki, bizdə informasiya təhlükəsizliyi, informasiya vermək mədəniyyəti yoxdur. Gərək rəsmi qurumlar özləri bu barədə informasiyanı bol edəydilər ki, şayiələrə yer qalmayaydı. Amma informasiya verilməməsi şayiələrin yayılmasına gətirib çıxarır, şayiələr olan yerdə də informasiya təhlükəsizliyi olmur.

- Elçin bəy, bir neçə il öncəyə qədər rəsmi qurumlardan müxtəlif informasiya, müxtəlif yozumlara münasibət də almaq olurdu. Amma indi bu çətinləşib. Sizcə, səbəb nədir, bu, hakimiyyətin siyasətinin nəticəsidir, ya məmur özbaşınalığının yaratdığı durumdur?

- Bunların hamısı var. Bayaq dediyim səbəblərdir. Hamısı yandaş medianın yaranmasının nəticəsidir. Yandaş mediada ayrı-ayrı jurnalistlər «çaşıb» bir məlumat vermək, fikir söyləmək istəyəndə başlarına qapazı vururlar ki, bizim əlimizdən yeyirsiniz, ağzınız nədir ki, öz başınızdan fikir söyləyirsiniz. Bu, informasiya siyasətinə cavabdeh olan şəxslərin, qurumların siyasətidir. Təbii ki, digər məmurlar da vəziyyətə baxıb özlərini buna uyğun aparırlar. Bugünlərdə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin görüşdü. Bundan sonra Amerika mətbuatı Tramp haqda nələr yazmadı. Təsəvvürünüzə gətirin ki, o boyda dünya gücünün başçısıdır, amma ABŞ prezidenti öz mətbuatına heç nə edə bilmir. Tənqid olunası nəsə varsa, mətbuat çəkinmir, sözünü deyir, ola bilsin, nədəsə yanlış ola bilər. Amma ölkə mətbuatında tənqidə, alternativ fikrə yer var. Bizdə isə bu yoxdur.

- Azərbaycan mətbuatının indiki vəziyyətini hansı dövrlə müqayisə etmək olar? Bu, sovet dövrünə qayıdış sayıla bilərmi?

- Sovet dövrüylə müqayisə etməzdim. Həmin dövrdə oyun qaydaları vardı və hamı bu qaylalara uyğun işləyirdi. O zaman riyakarlıq indikindən xeyli az idi. SSRİ vaxtında deyilirdi ki, ancaq Kommunist Partiyasının fikri söylənilə bilər, ümumiyyətlə, mətbuat informasiya ötürücüsü deyil, təbliğat və təşviqat vasitəsidir. Amma indi bizdə qanunlarda hər şey normaldır, mətbuat haqda qanuna son 4-5 ildə edilən o əcaib düzəlişləri demirəm, onlar olmasaydı, bizim normal, gözəl qanunumuz vardı. Bununla belə, o qanuna görə də, alternativ fikir də söyləmək olar, Konstitusiyamızda normal informasiya almaq və ötürmək kimi hüququmuz da var. Bütün bunlar əslində, kağız üzərində qanunlarla, Konstitusiyamızla təsbit edilsə də, heç birinə əməl olunmur.

- Daxili senzuranın olduğunu deyənlər nə dərəcədə haqlıdırlar?

- Senzura yoxdur. Sadəcə olaraq, meyit qalıb. O meyitə də senzura lazım deyil.

- Hakimiyyət isə əksini iddia edir, deyir ki, KİV-in inkişafı üçün yetərincə dəstək verir, xüsusən də maddi baxımdan. Elə bugünlərdə qəzetlərə bir milyon manatlıq yardım ayrılacağı bildirildi. Belə dəstək lazımdırmı?

- Hal-hazırda həmin maddi dəstəyi idarə edən qurumlar və insanlar medianı elə vəziyyətə salıblar ki, ona ehtiyac yoxdur. Yəni o dəstəyə ehtiyac yoxdur, lazım deyil, bu dəstək zərərə işləyir.

- Sizin ifadənizlə desək, «ölmüş media»nı yerdən qaldırmağa nə lazımdır?

- Təklif çoxdur. Məsələn, qəzet satışı sistemi bərpa edilməlidir. Köşklər var, amma orda qəzetdən başqa hər şey satılır. Ancaq təbii ki, mən qəzetlərə kağız üstündəki, qanunlarda yazılmış sərbəstliyi verərdim. O sərbəstlik veriləndə, ümumiyyətlə, dövlət qəzetləri, nazirliklərin təsis etdiyi qəzetlərin heç biri olmamalıdır. Onlar hamısı sərbəst buraxılmalıdır ki, tutalım, yüz qəzet varsa, bəlkə onun içində biri-ikisi salamat qala. Eyni zamanda da, saytları sərbəst buraxmalıdırlar. Mürəkkəb məsələdir. Burda bir-iki addımla məsələ düzəlmir. Ən azı, iqtisadiyyat liberallaşmalıdır. Liberal iqtisadiyyat, orta və xırda sahibkar olmayan yerdə reklam da olmayacaq. Rəqabət olmayan yerdə reklam da olmur. Rəqabət üçünsə liberal iqtisadiyyat lazımdır. O da təəssüf ki, bizdə yoxdur.

XS
SM
MD
LG