Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:06

T.Zülfüqarov: 'Rusiya bunu açıq bəyan etməlidir'


T.Zülfüqarov
T.Zülfüqarov

«Hesab edirəm ki, bu, siyasi reallıqdan uzaq məsələdir».

Bunu isə KTMT ilə bağlı müzakirələrə münasibət bildirən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib:

«Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi, daha doğrusu, bəzi dairələrinin mövqeyi gətirib ona çıxarıb ki, bu münaqişə həll olunmur. Rusiya təhlükəsizlik çətiri imkan verir ki, Ermənistan danışıqlarda çox radikal mövqedən çıxış etsin. Faktiki olaraq, danışıqlarda irəliləyişə imkan vermir. Yenə təkrar etmək istəyirəm, Ermənistanın radikal mövqedən çıxış etməsinin əsas səbəbi ondadır ki, ona Rusiya tərəfdən təhlükəsizlik çətiri verilir. Bu da işğalçının özünə daha da arxayın olmasına imkan yaradır».

T.Zülfüqarov vurğulayıb ki, bu şəraitdə Ermənistanla bir hərbi təşkilatda olmaq qeyri-mümkündür.

Keçmiş nazirə görə, əgər söhbət Azərbaycanın Rusiya ilə təhlükəsizlik və müdafiə məsələlərində daha sıx əməkdaşlığından gedirsə, rəsmi Moskva bu məsələlərdə öz mövqeyini kardinal şəkildə dəyişməlidir. Onun fikrincə, üstəlik, Rusiya həm də bunu açıq bəyan etməlidir.

Azərbaycanın KTMT-yə üzvlüyünü mümkünsüz sayan T.Zülfüqarov qurumla əməkdaşlıq imkanlarını istisna etməyib.

«Azərbaycanın maraqlarına cavab verən sahələrdə əməkdaşlıq mümkündür. Hərbi əməkdaşlıq mövcuddur. Rusiya ilə hərbi əməkdaşlıq həm ikitərəfli münasibətlərdə, həm də təşkilata üzv dövlətlərlə çoxtərəfli münasibətlərdə özünü büruzə verir. Təşkilatın üzvü olan Belarus və Qazaxıstan Azərbaycanla müdafiə məsələlərində çox aktiv əməkdaşlıq edirlər. Bu baxımdan, əməkdaşlığın güclənməsinin tərəfdarıyam. Amma yenə də deyirəm, bəzi məsələlər var ki, onlar həll edilmədən əməkdaşlığın inkişafı mümkün deyil», - keçmiş nazir vurğulayıb.

C.Həsənli
C.Həsənli

C.Həsənli: «Nəticə verməyən siyasətdən imtina olunmalıdır»

«Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasa da, iqtisadi baxımdan Rusiya ilə ən sıx əlaqələrə malik ölkələrdən biridir».

Bunu isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin KTMT haqqında fikirlərini dəyərləndirən professor, Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

C.Həsənli vurğulayıb ki, həmin təşkilatın üzvü olan heç bir dövlət Rusiyadan 4 milyardlıq silah almayıb. Rusiyadan Azərbaycanın böyük həcimdə silah aldığını deyən professor bunun nəticəsinin olmadığını vurğulayıb: «Amma faktiki, nəticə yoxdur. Buna baxmayaraq Qarabağ probleminin həllində bir addım belə irəli atılmayıb. 25 ildir ki, bu davam edir və problemin yaranmasında Rusiyanın rolu var».

C.Həsənli deyib ki, bir siyasət nəticə vermirsə, ondan imtina edilməlidir: «25 il davam edən və nəticəsi olmayan siyasəti dərinləşdirməyin faydası yoxdur».

Z.Əlizadə
Z.Əlizadə

Z.Əlizadə: «Ağlabatan söz deyir...»

«Ola bilər ki, mən yanılım. Amma mənə elə gəlir ki, deputat Əli Hüseynli ağlabatan söz deyir, bir az vaxtı düz seçilməyib».

Bunu isə politoloq Zərdüşt Əlizadə bildirib.

Onun fikrincə, əgər Azərbaycan SSRİ dağlan ilk zamanlarda bu məkanda yaradılan təşkilata üzv olsa idi, bəlkə də Qarabağ məsələsi indiki kimi problem olmazdı: «Amma o zaman «hay-küyçü vətənpərvərlik» önə çıxmışdı. Odur ki, ərazilər itirildi, hakimiyyətlər dəyişdi, amma problem dəyişmədi. Üstəlik, həmin vaxt Ermənistan bu quruma üzv olaraq Rusiyanın yardımı ilə Qarabağı öz nəzarətinə, daha doğrusu, Rusiyanın nəzarətinə verdi».

Politoloq deyir ki, indi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa Ermənistan da razılıq verməlidir: «Yəni, Əli Hüseynli düşüncə etibarilə düz deyir, amma heç də hər şey düşüncələrdən asılı deyil. Siyasi, iqtisadi və s. reallıqlar var, onları dəyərləndirmədən addım atmaq olmaz. Həm də bu məsələdə Rusiyanın maraqları nədirsə, onu hərtərəfli bilmək lazımdır».

F.Quliyev
F.Quliyev

F.Quliyev: «Azərbaycanın bütün problemlərinin banisi Rusiyadır»

«Mənim bu açıqlamada məqsədim deputat həmkarım Əli Hüseynliyə cavab vermək yox, sadəcə öz mövqeyimi ortaya qoymaqdır».

Bunu deputat Fərəc Quliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin haqqin.az saytına müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında səsləndirdiyi fikirlərlə bağlı verilən suala cavabında deyib.

F.Quliyev hesab edir ki, Rusiya Azərbaycanın bütün problemlərinin banisidir və elə də qalmaqda davam edir: «Tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran da, 20 Yanvar, Xocalı faciələrini yaradan da Rusiyadır. İndi də Ermənistanla ortaq ordu qurub, birgə əməliyyata gedə bilərlər. Bu baxımdan, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ola bilmərik».

F.Quliyev hesab edir ki, Azərbaycan bu təşkilata əks qütbdə yerləşən NATO sıralarında olmalıdır.

Deputat hesab edir ki, Azərbaycan Rusiya ilə münasibətlərində bir sıra məsələlərə yenidən baxmalıdır.

Xatırlatma

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli avqustun 16-da haqqin.az saytına müsahibəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında danışaraq, bu qurumun Azərbaycana faydalarından bəhs edib. Deputatın fikrincə, bu qurum artıq sırf hərbi təşkilat deyil. Ə.Hüseynli vurğulayıb ki, KTMT hərbi funksiyadan başqa, kibercinayətkarlıq və terrorla mübarizə aparan regional bir təşkilatdır və Azərbaycanın suverenliyinə hər hansı təhlükə törətmir.

KTMT-in əsası 1992-ci ilin mayında qoyulub. Bu quruma Rusiyadan başqa, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. MDB isə 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradilıb. Azərbaycan MDB-nin üzvüdür.

XS
SM
MD
LG