Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:25

30 ilin neftçisi: ‘Neft 20 dollar da olsa biz belə yaşayacağıq, 200 dollar da...’ 


Əziz İmamverdiyev 30 ildən çoxdur ki, Bakıda neft sənayesində çalışır. 20 yaşından neft buruqları iş yeri, mancanaqların şaqqıltısı qulaq yoldaşıdır.

Ancaq deyir, neftçilər yerin altından "qara qızıl" çıxarsalar da yerin üstündəki yaşayışları çox ağırdır: "Azərbaycanda ən ağır iş şəraiti neft sənayesindədir. Mən dedim, demədim, hamı da bunu bilir. Dənizdə daha çox ağırdır, quruda da ağırdır. Ancaq alınan əmək haqqı görülən işdən qat-qat aşağıdır. İndiki bazar qiyməti ilə neftçinin aldığı 500, 600, 700, hətta 800 manat gördüyü işin müqabilində çox azdır".

"Neftçi 5 gün istirahət etsə, 25 gün ac-susuz qalmalıdır"

Əziz İmamverdiyev deyir ki, ağır işdən sonra məzuniyyət vaxtı neftçi ailəsi ilə harasa gedib dincəlməyi ağlının ucundan da keçirmir. Baxmayaraq ki, Həmkarlar Təşkilatı onlara istirahət putyovkası ilə təmin edir:

"İnsanın ildə bir dəfə istirahət etmək hüququ var. Konstitusiyada bizim yaşamaq hüququmuz var, istirahət hüququmuz var. Mən və mənim kimi yüzlərlə, minlərlə neftçi istirahət hüququndan məhrumdurlar. Aldğımız bu əmək haqqı ilə biz heç cürə istirahət edə bilmərik. Neftçi ancaq bir qonşusunun, qohumun bağında istirahət edə bilər. Həmkarlar Təşkilatı putyovkalar verirlər. Ancaq putyovkaların qiyməti elədir ki, onu hər hansı sıravi işçi ala bilmir. Nəyə görə? Biz adambaşına bir gün üçün 25 manat ödəyirik, qalanını Həmkarlar Təşkilatı ödəyir. O qədər yüksək qiymətdir ki, qalanını Həmkarlar Təşkilatı ödəyir. Ancaq 4 nəfərlik neftçi ailəsi gündəlik 100 manat verəndə 5 günlük istirahətə 500 manat gedir. Bu da neftçinin bir aylıq əmək haqqıdır. Demək 5 gün istirahət etsə, 25 gün ac-susuz qalmalıdır".

Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi bildirir ki, şirkət neftçilərin və onların ailə üzvlərinin istirahətini ölkənin bir neçə istirahət mərkəzində təşkil edir. İstirahət zonasında dincələn işçilərin əmək haqqından özünün və ailə üzvlərinin istirahətinin dəyərinin ancaq 15 faiz tutulur.

Əziz İmamverdiyev bildirir ki, neftçilərin ən böyük problemlərindən biri də mənzillə təminatlarıdır. İllərlə mənzil növbəsində olan, yataqxanalarda, kirayələrdə yaşayan neftçilər var.

Qara qızıl neftçiləri ağ günə çıxara bilirmi?
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Azərbaycan Dövlət Neft Şirkəti isə bildirir ki, neftçilərin növbəlilik əsasında mənzillə təmin edilməsi üçün 2010-cu ildə "Neftçi" mənzil tikinti kooperativi yaradılıb. Hər il onlarla neftçi mənzillə təmin edilir.

Son illər Azərbaycan nefti bir neçə ildə ucuzlaşıb da, bahalaşıb da. Bu, Azərbyacan neftçisinin həyatına necə təsir edir?

Əziz İmamverdiyev yarızarafat, yarıgerçək deyir ki, neftin qiymətinin baha, ya da ucuz olması neftçilərin həyatına elə də təsir göstərmir: "Bunun bizim maddi durumumuza heç bir təsiri yoxdu. Mən inanıram ki, neft 20 dollar da olsa biz belə yaşayacağıq, neft 200 dollar da olsa belə yaşayacağıq. Bu bizim alın yazımızdır"...

Prezident İlham Əliyev Bibiheybətdə dünyanın ilk mexaniki qazma buruğunda
Prezident İlham Əliyev Bibiheybətdə dünyanın ilk mexaniki qazma buruğunda

Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və ölkə iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesi əsasən Bakı ətrafında cəmləşib. Neft bumu ölkədə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir.

Bakının girəcəyindəki Bibiheybət qəsəbəsində köhnə neft quyusunun üstündə bu quyunun dünyada ilk dəfə olaraq 1846-cı ildə sənaye üsulu ilə qazıldığı yazılıb.

Azərbaycanda Neftçilər Günü 2001-ci ildən qeyd olunur.

XS
SM
MD
LG