Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

Ekspert: Məmurun sahibkarlığı elə korrupsiyadır


Məmurlara milyonluq biznes qurmaq niyə asan olur ?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Məmurlara milyonluq biznes qurmaq niyə asan olur ?

Necə olur ki, Azərbaycanda bəzi məmurlar işdən çıxandan sonra mediada onların və ya ailə üzvlərinin qanunsuz biznesi, xaricdə böyük məbləğdə pul xərcləməsi kimi məlumatlar üzə çıxır?

Bir də Azərbaycanda məmur biznesi hələ də real sahibkarlığa maneə kimi qalırmı?

Bu suala cavabında, keçmiş deputat Nazim Bəydəmirli deyir ki, qalır. Onun sözlərinə görə, belə sahibkarlıq rəqabət mühitini yavaşıdır, biznesi inkişaf etdirməyə imkan vermir.

Nazim Bəydəmirli deyir ki, məmurlar bunu çox vaxt ailə üzvlərinin, qohumlarının adından edirlər deyə, faktlaşdırmaq olmur.

“Bu hallar getdikcə eybəcər xarakter alır. Məmurların müxtəlif yollarla əldə etdikləri vəsaitlər heç də Azərbaycanın gələcəyinə xidmət etmir, bir çox hallarda bu vəsaitlər xarici ölkələrə çıxarılır, xarici ölkələrin iqtisadiyyatına vergi şəklində xeyir verilir”.

AzadlqıRadiosu bu mövzuda Bakı sakinlərinin də fikrilərini öyrənib:

Hansı məmur maaşla dolanır?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Prezidentin sərəncamı ilə, dünən noyabrın 16-da, BDU-nun rektoru Abel Məhərrəmov işdən azad olunub. Media onun və İspaniyada səfir olan oğlunun biznesi barədə yazır.

Amma bu biznesin mövcudluğunu sübut edən faktlar təqdim olunmur. Eyni zamanda nə Abel Məhərrəmovun özü, nə də ailə üzvləri biznes barədə məlumatları təkzib etməyiblər.

AzadlıqRadiosu Azərbaycanın İspaniyadakı səfirliyi ilə əlaqə saxlasa da, sorğusuna gün ərzində cavab ala bilməyib.

Milli Məclisin 12 ildir ki, saxladığı qanun

Hüquqşünas Aslan İsmayılov deyir ki, Azərbaycanda məmur sahibkarlığı elə idarəetmənin təməlidir, məmur olmayan heç kim böyük bizneslə məşğul ola bilməz. Onun sözlərinə görə, məmurların hakimiyyətdə olduğu dövrdə yox, işdən çıxarılandan sonra korrupsiyada ittiham edilməsi təsadüfi deyil.

“Bu dəqiqə Azərbaycanı system olaraq korrupsiya idarə edir. Korrupsiyaya bulaşmamış heç kəs idarəçilikdə yoxdur və ola da bilməz. Ona görə ki, hər kəs gözü kölgəli olmalıdır, hamı korrupsiyaya bulaşmış olmalıdır ki, sabah kimlərsə də hakimiyyət haqqında tənqidi fikir söyləməsin. Heç bir müstəqil adam isə sahibkarlıqla məşğul ola bilməz”.

2016-cı ildə qəbul olunmuş strateji Yol Xəritəsində deyilir ki, 2017-2020-ci illərdə rəqabət mühitini gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək, Rəqabət Məcəlləsi də qəbul olunacaq. “Rəqabət Məcəlləsi” 12 il əvvəl, Milli Məclisə təqdim olunub, amma hələ də qəbul olunmayıb.

Ən böyük məmur-biznesmen

Sahibkar Nazim Bəydəmirli isə deyir ki, məmur sahibkarlığının qarşısını almaq üçün əmlaka vergi qoyulmalıdır:

“Bu zaman məlum olar ki, hansısa məmurun qohumunun adına neçə dənə şadlıq evi, neçə restoranı var. Məmur sahibkarlığı korrupsiyanın bir növü sayılır”.

Hakimiyyət rəsmiləri isə bəyanatlarında korrupsiya ilə uğurla mübarizə apardıqlarını deyirlər. Tənqidçilər bildirirlər ki, korrupsiya ilə səmimi mübarizə o olardı ki, yüksək çinli məmurlar cəzalandırılardı, həbs olunardı.

İndiyə qədər olan jurnalist araşdırmaları prezident İlham Əliyevin özünün də ailə üzvlərinin bizneslə məşğul olduqlarını üzə çıxarıb, bu araşdırmaların çoxu təkzib olunmayıb.

Məsələn, sonuncu- bu ilin aprelində çıxan - Dafne layihəsinin araşdırmasında deyilir ki, Dubayda - Cumeyra Palm süni adasında - bir gecəsi 400 funt sterlinqə olan Sofitel otelinin sahibi prezident İlham Əliyevin qızlarıdır.

Ümumilikdə, Azərbaycanın beynəlxalq korrupsiya reytinqi də aşağıdır, “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, 180 ölkə arasında 122-ci yerdədir.

XS
SM
MD
LG