Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:59

Polisin mal ferması, gömrükçülərin 50 min toyuq-cücəsi...


Illüstrasiya
Illüstrasiya

Türkmənistanda ərzaq qıtlığı davam edir.

Dövlət televiziyası isə ölkədə ərzaq bolluğunun olması haqda reportajlar verməkdə davam edir.

Sonuncu belə reportaj prezident Qurbanqulu Berdımuhammedovun Daxili İşlər Nazirliyi, Gömrük Komitəsi və Sərhəd Xidmətinin nəzdindəki heyvandarlıq təsərrüfatlarına baş çəkməsi haqda olub.

Prezident Daxili İşlər Nazirliyinin mal fermasında olub. Burada 360 baş iribuynuzlu mal-qara saxlanır. "Burada onların saxlanması üçün hər cür şərait yaradılıb" - dövlət mediası bildirir.

Dövlət Gömrük Komitəsinin fermalarında isə 50 min toyuq saxlanır, həmin toyuqlar ötən il 11 milyon yumurta veriblər.

Dövlət Sərhəd Xidmətinin 1500 hektarlıq təsərrüfatında isə 600-cən iribuynuzlu, 10 minə qədər xırdabuynuzlu heyvan saxlanır.

Buna da bax: Türkmənistan prezidenti oğluna yeni vəzifə verir

Bundan başqa hüquq-mühafizə orqanlarının istixanaları da var, orda müxtəlif növ tərəvəz yetişdirilir.

Dövlət mediası bildirir ki, belə təsərrüfatlarda prezidentin "Dərman bitkiləri" kitabında yer alan reseptlər əsasında təbii dərman vasitələri hazırlanır.

Dövlət başçısı hüquq-mühafizə orqanlarının təsərrüfatlarına baxış zamanı əsgərlərin hazırladığı ərzaq məhsullarını bəyənib, hərbçilərin ona bağışladığı quluna ad qoyub.

Prezident 2019-cu ilin əvvəlində doğulan quluna "Rovaç" (Uğur) adı qoyub. Az sonra Berdımuhammedov quluna şeir də həsr edib.

Dövlət mediası bildirir ki, belə təsərrüfatlarda tədarük edilən ət və ət məhsulları ordu və hüquq-mühafizə orqanlarının ərzaqla təminatına xidmət edir.

Azadlıq Radiosunun türkmən xidməti isə öz mənbələrinə istinadla yazır ki, orduda da ərzaq çatışmazlığı yaşanır.

Valideynlər hərbi hissələrə gedib övladlarına ərzaq boxçaları çatdırmağa məcburdurlar.

Əsgərləri həm də daim kənd təsərrüfatı işlərinə cəlb edirlər, pambıq yığımında əsgər əməyindən istifadə olunur.

Ordunun özü üçün ərzaq istehsal etməsi "ənənəsi"nin əsasını keçmiş prezident Saparmurat Niyazov qoyub.

Məhz onun "xidmətləri" sayəsində Türkmənistanda əsgərlər hərb sənətinə yiyələnməkdən daha çox kənd-kəsəkdə işləməyə vaxt sərf edirlər.

Hazırkı rəhbərlik isə ordu və hüquq-mühafizə orqanlarının heyvandarlıq təsərrüfatlarını genişləndirməyi planlayır.

XS
SM
MD
LG