Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:04

Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'


T.Bağırov
T.Bağırov

«Onsuz da xəstə olan Cabbarı həbsxanada ölümünə döyüblər. Şəxsən həbsxananın rəisi Aftandil Ağayev özü onu döyüb. Sonra da 15 günlük karsa salıblar», – «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov yanvarın 28-də ailə üzvləriylə telefonla danışarkən belə deyib.

İlahiyyatçının bəhs etdiyi Cabbar Cabbarov Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümünə səbəb olan əməliyyat zamanı T.Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan C.Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir.

T.Bağırovun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçı onun özünə qarşı da təzyiqlər səngimədiyini söyləyib. Deyib ki, bir müddət öncə Penitensiar Xidmətin əməkdaşları gəlib onunla görüşüb, şikayətlərini dinləyiblər: «Dedi ki, ertəsi gün də üstünə əli qana batmış, məhbuslara zülm eləyən birini göndəriblər. Gəlib onu təxribata çəkməyə, qorxutmağa çalışır».

T.Bağırov ailəsi vasitəsilə yerli və beynəlxalq ictimaiyyətə də müraciət edib. «Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır» deyən ilahiyyatçı orada baş verənlərin diqqətdə saxlanmasını xahiş edib.

Penitensiar Xidmət isə Qobustan həbsxanasıyla bağlı şikayətləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, zaman keçdikcə, bu həbsxanada vəziyyət yaxşılığa doğru dəyişib. Orada saxlanma rejiminin digər müəssisələrdən fərqləndiyini deyən M.Sadıqov bildirib ki, o qaydalar qanunvericiliklə tənzimlənir: «Qanunun tələblərinə də həm həbsxananın əməkdaşları əməl etməlidir, həm də məhkumlar. Orada heç kimin heç kimlə işi yoxdur, sadəcə, qayda-qanuna əməl etmək tələb olunur. Onlar qanuna uyğun şəkildə telefonla danışır, yaxınlarıyla, vəkilləri ilə də görüşürlər. Heç kimə də işgəncə verilmir. Sadəcə, özlərinə imtiyaz yaratmaq istəyənlər olanda biz imkan vermirik».

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. 10 gün əvvəl isə əlavə iki nəfərin istintaqı yekunlaşıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG