Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

ABŞ dünyanın əsas silah ixracatçısıdır


ABŞ-ın THAAD sistemi
ABŞ-ın THAAD sistemi

Birləşmiş Ştatlar dünyada aparıcı silah ixracatçısıdır, ondan xeyli geridə – ikinci yerdə isə Rusiya gəlir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) martın 11-də yeni hesabat açıqlayıb. Hesabata görə, son beş ildə – 2014-18-ci illər ərzində silah ixracı sahəsində Birləşmiş Ştatlarla dünyanın qalan hissəsi arasında uçurum böyüyür. Hazırda dünyada silah ixracının 36 faizi ABŞ-a məxsusdur, daha öncə bu göstərici 30 faiz idi.

75 FAİZLİK FƏRQ

“Birləşmiş Ştatlar dünyanın əsas silah təchizatçısı kimi yerini möhkəmlədib”, – SIPRI-nin Silahlar və Hərbi Xərclər Proqramının direktoru Aude Fleurant deyib.

“O, son beş ildə dünyanın azı 98 ölkəsinə silah ixrac edib; buraya döyüş təyyarələri, yaxınmənzilli qanadlı və ballistik raketlər kimi qabaqcıl silahlar da daxildir”, – o, sözlərinə əlavə edib.

Rusiyanın silah ixracı, arxiv fotosu
Rusiyanın silah ixracı, arxiv fotosu

Hesabat silah ixracı üzrə Vaşinqtonla Moskva arasındakı fərqin böyüməsini də üzə çıxarıb.

“2014-18-ci illər ərzində Birləşmiş Ştatlar Rusiyaya nisbətən 75 faiz artıq böyük silahlar ixrac edib, 2009-13-cü illərdə isə bu fərq cəmi 12 faiz idi”, – SIPRI bildirir.

Hesabata görə, 2014-18-ci illərdə ABŞ-ın silah ixracının yarıdan çoxu (52 faizi) Yaxın Şərqə göndərilib.

SIPRI bildirir ki, sözügedən müddət ərzində Rusiyadan silah ixracı 17 faiz azalıb və bu da əsasən Hindistan və Venesuelanın silah idxalını azaltmasıyla bağlıdır.

Silah ixracında üçüncü yeri Fransa (dünyadakı ixracım 6,8 faizi) tutur, daha sonra Almaniya (6,4%) və Çin (5,2) gəlir.

İlk beş ölkə dünyadakı silah ixracının 75 faizini tutur.

Avropa Birliyi ölkələrinin silah ixracındakı yeri qlobal ixracın 27 faizidir.

İDXALÇILAR

İdxalçılara gəlincə, liderlik 12 faizlə Səudiyyə Ərəbistanına məxsusdur, daha öncəki beşillikdə dünyadakı silahların cəmi 4,3 faizini idxal edirdi.

“Bu müddət ərzində Körfəzin ərəb ölkələrinin silah idxalı kəskin artıb”, – hesabatda vurğulanır.

“Bu artımın əsas səbəbləri işində İranla Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı qarşılıq inamsızlıq dayanır”, – qurum qeyd edir.

Pakistan 2,7 faizlə dünyada 11-ci silah idxalçısıdır, amma öncəki müddətdə bu göstərici 4,8 faiz idi. Bu ölkənin əsas təchizatçıları Çin (70%), Birləşmiş Ştatlar (8,9%) və Rusiyadır (6%).

Onun rəqibi Hindistan isə silah idxalına görə dünyada ikinci yeri tutur, əsas təchizatçıları Rusiya (58%), İsrail (15%) və Birləşmiş Ştatlardır (12%).

Ötən ilin dekabrında yaydığı hesabatda SIPRI bildirirdi ki, 2017-ci ildə ABŞ şirkətləri silah ixracından 222,6 milyard dollar, Rusiya isə 37,7 milyard dollar qazanıb.

XS
SM
MD
LG