Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:30

Ermənistan Əliyev-Pashinian görüşündən nə gözləyir


Nikol Pashinian (solda) və İlham Əliyev Davosda, 22 yanvar, 2019-cu il
Nikol Pashinian (solda) və İlham Əliyev Davosda, 22 yanvar, 2019-cu il

Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılan görüşündə tərəflər Dağlıq Qarabağ probleminin nizamlanması prosesində mövcud prinsip və elementlərin hamı üçün məqbul izahının işlənib hazırlanmasına çalışacaqlar. Bunu Ermənistan XİN-in mətbuat katibi Anna Nagdalyan deyib.

Sənədə salınmış üç prinsip və altı element üzrə fərqli izahlar var. Azərbaycan və Ermənistan onları fərqli yozurlar... Bu səbəbdən növbəti görüşə ehtiyac yaranıb. Bu üç prinsip və altı element üzrə hamı üçün qəbuledilən təfsir hazırlamaq və bundan sonra necə irəliləməyi anlamaq lazımdır. Danışıqlar prosesinə gəlincə, dəfələrlə qeyd olunub ki, indiki mərhələdə real danışıq prosesi aparılmır... Biz təkliflər, yeni ideyalar vermişik. Burada yanaşma və məsuliyyətlər uzlaşmalıdır və danışıq da elə bunun ətrafındadır. Elə beləcə də yozumlar ətrafında aparılacaq”, – Nagdalyan deyib.

Anna Naghdalyan
Anna Naghdalyan

“DİALOQ DA BUNA GÖRƏ APARILIR”

ATƏT-in Minsk qrupu həmsədrləri fevralın 20-21-də Ermənistanda və Azərbaycanda olublar. Onların martın 1-də verdiyi bəyanata görə, Ermənistanın baş naziri və Azərbaycan prezidenti yaxın gələcəkdə görüşməyə razılaşıblar.

Bir gün öncəki mətbuat konfransında isə Baş nazir Nikol Pashinian deyib ki, sözügedən prinsip və elementlərin mənasını anlamaq gərəkdir, çünki ortada bir mətn və onun dövlət səviyyəsində onlarla yozumu var.

Biz istəyirik ki, həmsədrlər, Azərbaycan təmsilçiləri, Ermənistan təmsilçiləri, Qarabağ təmsilçiləri birlikdə bu prinsiplərin mənasını, onların praktikada nə demək olduğunu anlasınlar. Məsələn, bu prinsipləri Azərbaycanda belə izah edirlər ki, bu, Qarabağın Azərbaycanın tərkib hissəsi anlamına gəlir. Bu, bir izahdır. Bəs Qarabağın müstəqil dövlət olmasına dair izah varmı? Ya elə bir izah varmı ki, Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır? ... Dialoq da buna görə aparılır. Bəs dialoq başqa nəyə görə lazımdır? Hamıya hər şey aydındırsa, onda dialoqun mənası nədir?” – Pashinian deyib.

Nikol Pashinian
Nikol Pashinian

Pashinian ötən ilin mayında baş nazir postuna seçilib. O vaxtdan İlham Əliyevlə dörd dəfə qeyri-rəsmi formatda, ayaqüstü bir araya gəliblər. Sonuncu belə görüşün yanvarın 22-də Davosda saat yarım çəkdiyi bildirilir.

AzadlıqRadiosu-nun erməni xidməti qeyd edir ki, ötən ilin sentyabrında Pashinian-la Əliyevin Tacikistan paytaxtı Düşənbədə qeyri-rəsmi görüşündən sonra Ermənistan tərəfi sərhəddəki atışmalar zamanı itki verməyib.

XATIRLATMA

Bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, Bakı ilə Yerevan iki liderin görüşünün vaxtını razılaşdırmağa çalışır.

Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşünə hazırlıqlar gedir. Həmsədrlər bu istiqamətdə iş aparır. Hazırda təqvimlər razılaşdırılmaq üzrədir. Razılıq əldə olunsa, sonradan elan olunacaq”, - E.Məmmədyarov “İnterfaks- Azərbaycan” agentliyinə verdiyi açıqlamada bildirib. O, iki ölkənin XİN rəhbərləri səviyyəsində görüşə hazırlıqlar getdiyini, ermənistanlı həmkarı ilə görüşün yüksək səviyyəli görüşdən əvvəl keçirilə biləcəyini deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətlərdir.

Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılır.

Azərbaycan tərəfi Dağlıq Qarabağdakı mövcud idarəçiləri separatçı qüvvə sayır.

Rəsmi Bakının mövqeyinə görə, yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər şəkildə danışıqlara qatıla bilər.

Mövcud danışıqlar formatının dəyişdirilməsinin yolverilməzliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında da xüsusi vurğulanmışdı.

XS
SM
MD
LG