Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:54

ABŞ Konqres komitəsi baş prokurordan Rusiya hesabatının tam mətnini tələb edir


ABŞ Konqresinin Ədliyyə Komitəsinin sədri Jerrold Nadler
ABŞ Konqresinin Ədliyyə Komitəsinin sədri Jerrold Nadler

ABŞ Konqresinin demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasının Ədliyyə Komitəsi xüsusi prokuror Robert Mueller-in Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair araşdırmasının tam və redaktəsiz mətnini, habelə bu araşdırma ilə bağlı bütün dəlillərin təqdim olunmasını tələb edən sənədi qəbul edib.

Komitə aprelin 3-də bu qərarı partiya mənsubiyyətinə uyğun olaraq 24-17 səs nisbəti ilə qəbul edib və komitənin sədri Jerrold Nadler-ə Ədliyyə Nazirliyindən sözü gedən hesabatın tələb edilməsi səlahiyyətlərini verib.

Bu tələbnaməyə habelə xüsusi prokurorun təhqiqatı üçün hazırlanmış dəlil və materialların verilməsi də daxildir.

Bu qərar habelə Nadler-ə keçmiş siyasi müşavir Steve Bannon və Ağ Evin keçmiş müşaviri Donald McGahn da daxil Trump-ın 5 keçmiş müşavirinin dindirilməsi ilə bağlı sənədləri tələb etmək səlahiyyəti verir.

Bundan əvvəl Konqres demokratları hesabatın tam mətninin Konqresə təqdim edilməsi üçün baş prokuror William Barra aprelin 2-dək vaxt vermişdilər.

Ədliyyə Nazirliyi bu tələbə əməl etməyib. Barr Nadler-ə deyib ki, 300 səhifəlik hesabatın redaktə olunmuş versiyası aprelin ortalarınadək və bəlkə “bundan da tez” təqdim olunacaq.

Demokratlar narahatdırlar ki, vəzifəsinə bu yaxınlarda Trump tərəfindən təyin edilmiş Barr redaktədən prezidentin qanunsuz əməllərini ört-basdır etmək üçün istifadə edə bilər.

Nadler deyib ki, “Trump administrasiyası Mueller hesabatını Konqresə verməzdən əvvəl onu redaktə etmək fikrinə düşüb”.

Xüsusi prokuror Mueller öz təhqiqatını rəsmən martın 22-də başa çatdıraraq bu barədə hesabatı baş prokurora təqdim edib. Bundan sonra Barr Konqresə göndərdiyi dörd səhifəlik məktubda Mueller hesabatının “əsas nəticələrindən” ibarət xülasəni verib.

Barr öz məktubunda yazırdı ki, xüsusi prokuror, Trump-ın seçki kampaniyasının seçkidə qalib gəlmək məqsədilə Rusiya ilə hər hansı koordinasiya və sövdələşməyə girməsinin sübutunu aşkar etməyib.

Baş prokuror bunu da yazırdı ki, hesabatda Trump-ın ədalətə mane olmaq cəhdində bulunmasına dair də sübutlar yoxdur.

XS
SM
MD
LG