Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Sona Vəliyevanın məhkəməyə çağırılması vəsatəti qəbul edilməyib


Sona Vəliyeva
Sona Vəliyeva

Bugün, sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi Liseyi Ümumtəhsil Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş mühasibi olmuş Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Onlar sözü gedən liseyin Bakıxanov qəsəbəsindəki filialına valideynlərin təhsilhaqqı kimi ödədiyi pullardan 564 min manatı mənimsəməkdə ittiham olunurlar.

“Turan” agentliyinin xəbərinə görə, sentyabrın 16-da keçirilən proses şahidlərin ifadələri ilə davam etdirilib.

2018-ci ilin oktyabrın 1-dən "Kaspi" Təhsil Şirkətində mühasib işləyən Həmidə İsgəndərova bildirib ki, bundan əvvəl Sona Vəliyevanın (təsisçi, prezidentin köməkçisi Əli Həsənovun xanımı-red) şəxsi məsələlər üzrə köməkçi vəzifəsində çalışıb.

O, məhkəmədə qeyd edib ki, Tural Məmmədov və Fərahim Möhbalıyev maliyyə hesabatı verə bilmədiklərinə görə, liseydə yoxlama başlayıb və 564 min manat məbləğində kəsir aşkarlanıb.

Agentliyin xəbərinə görə, daha sonra təqsirləndirilən şəxs Tural Məmmədov Həmidə İsgəndərovaya o, Sona Vəliyevaya pul verəndə liseyin direktoru Elnur Əliyevin orada olub-olmaması barədə sual verib. Həmidə İsgəndərova bunu xatırlamadığını bildirib.

Vəkil Elçin Sadıqov Sona Vəliyevanın Tural Məmmədovdan hansı aralıqda pul götürdüyünü və məbləğlər barədə soruşub.

Xəbərdə qeyd edildiyinə görə, şahid bu suallara da "xatırlamıram" cavabı verib. "Elnur müəllim (Elnur Eliyev-red.) deyib ki, Sona xanım 800 minə yaxın pul götürdü, dəqiq xatırlamıram", deyə şahid vurğulayıb.

Bu məqamda Tural Məmmədov yerindən duraraq şahidi yalan danışmaqda ittiham edib:

"Yalan danışır bu adam. Mən pulu ona vermişəm, sayıb Sona Vəliyevaya verib. Mən ona görə 564 mini götürdüyümü təsdiqlədim ki, Vəliyeva əks təqdirdə məni polisə verəcəyini dedi”.

Daha sonra Elçin Sadıqov Sona Vəliyevanın məhkəmə prosesinə əlavə şahid qismində dəvət edilməsi barədə vəsatət qaldırıb:

"Heç kəs Sona Vəliyevanın dəqiq nə qədər pul götürdüyünü bilmir. Bunu aydınlaşdırmaq üçün Vəliyeva əlavə şahid qismində məhkəmədə dindirilməlidir".

Dövlət ittihamçısı və liseyin nümayəndəsi məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib.

Yerində müşavirə edərək, məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.

Bu, təqsirləndirənlərin kəskin etiraza səbəb olub. Fərahim Möhbalıyev aclıq aksiyasını başlayacağını bildirib.

Vəkillər daha sonra təqsirləndirilən şəxslərlə məsləhətləşmək və vəsatətlər hazırlamaq üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş ediblər.

Məhkəmə bunu nəzərə alaraq, növbəti məhkəmə prosesini sentyabrın 24-ə təyin edib.

Sona Vəliyeva nə deyir?

Bir müddət öncə Sona Vəliyeva da təsisçisi olduğu şirkət haqqında səslənən fikirlərə münasibət bildirib:

“Son zamanlar maraqlı bir tendensiya müşahidə edilməkdədir. Konkret cinayət əməlinə görə, mühakimə edilən bəzi şəxslər çıxış yolunu ölkənin nüfuzlu şəxslərinə böhtan atmaqda görür, azadlıqda məşğul olduqları qanunazidd fəaliyyətləri həbsxanada da davam etdirirlər”, deyə O, “Qafqazinfo” saytına bildirib.

Sona Vəliyeva daha sonra da deyib:

“Eyni tendensiyaya biz də məruz qalırıq, xüsusən, təsisçisi olduğum Kaspi təhsil şirkəti haqqında müxtəlif vaxtlarda əsassız iddialar dövriyəyə buraxılır. Cinayət əməli törədən şəxslər bu və ya digər iddialarla cinayət məsuliyyətindən yayınmaq məqsədilə hakimiyyət nümayəndələrinə və məhkəmələrə bu üsulla təsir etməyə çalışırlar”

Sona Vəliyeva daha sonra da əlavə edib:

“…Əlbəttə, başa düşmək çətin deyil ki, həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac vermişdir. Aydındır ki, mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır. Təəssüf ki, bu cür arzuolunmaz proseslərin genişlənməsində həqiqəti öyrənmədən, reallığı əks etdirməyən, ictimaiyyətə doğru olmayan məlumatlar çatdıran bəzi kütləvi informasiya vasitələrinin “müstəsna” rolu görünməkdədir”.

“Biz hər zaman təmkinli davranmağa, hər böhtan və iftiraya əhəmiyyət verməməyə çalışmışıq. Amma aydın olur ki, təmkinin də bir həddi, sərhəddi olmalıdır. Ona görə də, bu kimi halların davam edəcəyi təqdirdə haqqımda şantaj xarekterli iddialar səsləndirən, ictimai və işgüzar nüfuzuma xələl gətirməyə çalışan şəxs və şəxslər haqqında məhkəmə prosesi başladacağımı bildirmək istəyirəm”.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib.

Ancaq ittihama görə, bu vəsaitin 564 min manatını baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə Cinayət Məcəlləsinin (CM)179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyib ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır:

“Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyib ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG