Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:27

'Batmış' əmanətlərdən xəbər var


V.Bayramov
V.Bayramov

Müflis olmuş banklarda qorunmayan əmanətlərinin bir hissəsinin qaytarılacağı bildirilir.

Bu barədə «Sosial və İqtisadi İnkişaf» İctimai Birliyinin sədri, iqtisadçı Vüqar Bayramov məlumat yayıb. O, AzadlıqRadiosuna deyib ki, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycanın müflis olmuş banklarında 10 min dollaradək (17 min manat) həcmində qorunmayan əmanətlərin (onlara «batmış» əmanətlər də deyilir) qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: «Məhkəmə də Fondun müraciətinə müsbət yanaşaraq haqqında danışılan həcmdə qorunmayan əmanətlərin qaytarılması barədə sentyabrın əvvəlində qərar çıxarıb. Fond oktyabrın əvvəlindən bu məbləğləri vətəndaşlara qaytarmağa hazırlaşır».

Bu məlumatı məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

İqtisadçının deməsinə görə isə, müflis olmuş bankların bəzilərində sığortalanmayan əmanətlər daha çoxdur. O qeyd edib ki, ilkin məlumatlara görə, «Dəmirbank» ASC-də sığortalanmayan belə əmanətlərin həcmi 80 milyon manat civarındadır.

«Bu qərar 52 min şəxsi əhatə edəcək»

V.Bayramov deyib ki, ümumi məbləğ, hələlik, məlum deyil, amma ilkin qiymətləndirmələrə görə, bu qərar kommersiya banklarında qorunmayan əmanəti olan vətəndaşlardan 52 minini əhatə edəcək.

Hüquqşünas, «Bank Standard» QSC-nin Kreditorlar Komitəsinin keçmiş sədri Əkrəm Həsənov da bildirib ki, əslində 2016-ci ildə müflis elan edilmiş banklardan bəziləri qorunmayan əmanətləri qaytarıb. O vurğulayıb ki, mövcud qanunvericiliyə görə, ƏSF qorunan əmanətləri kompensasiya edir, qorunmayan əmanətləri ödəmək üçün bankın aktivlərini hərraca çıxarmalıdır. Hüquqşünas əlavə edib ki, 2018-ci ilin əvvəlində bununla bağlı qanun layihəsi hazırlanıb. Ə.Həsənovun deməsinə görə, «Bank Standard» layihəni ölkə rəhbərliyinə göndərib: «O zaman belə bir məsələ də müzakirə edildi ki, ilkin olaraq fiziki şəxslər pullarını götürsün. Amma israr etdilər ki, müəyyən məbləğ çərçivəsində. Tutaq ki, 10 min dollar çərçivəsində və o zaman Fond rəhbərliyi ilə danışıqlarımız oldu».

Ə.Həsənov
Ə.Həsənov

«Addım müsbətdir, həlli yolu...»

Ə.Həsənov addımı müsbət saysa da, bu pulların qaytarılması üçün seçilən formanı düzgün saymır. O hesab edir ki, bu qərar qanuna dəyişiklik halında olmalı idi. Hüquqşünasın fikrincə, belədə bundan gələcəkdə belə hallar olanda vətəndaşlar yenə istifadə edə bilərlər: «Görünür, qanunun qəbul olunması daha çox vaxt tələb edirdi, bu şəkildə etmək isə təcili idi. Ona görə ki, Fond bankların ləğvedilmə prosesini tam qanunsuz, qeyri-şəffaf aparır, «Bank Standard»da çalışdığım dövrdə bu qanunsuzluqları görmüşəm».

«Bank Standard» QSC-nin Kreditorlar Komitəsinin keçmiş sədri daha sonra da deyib: «Təsəvvür edin ki, «Bank Standard»ın daşınmaz əmlakının qorunmasına hər rüb 40 min manat xərclənirdi, amma satılmırdı və satmırdılar».

Ə.Həsənov iddia edib ki, bu addım əmanətçiləri sakitləşdirməyə xidmət edir. O, bu prosesin davam edəcəyinə və 10 min dollardan çox qorunmayan əmanətlərə görə də kompensasiyaların ödəniləcəyinə bir elə də inanmır. Üstəlik, o bundan sonra prosesin şəffaf aparılacağına da şübhə bəsləyir.

Təkcə «Bank Standard»da qalanlar...

«Bunu da deyim ki, Təkcə «Bank Standard»da vətəndaşların 157 milyon manat pulu qalıb. Bunun 6 milyon manatını verirlər. 150 milyon manat qalır. Şirkətlərin «Bank Standard»da əmanətləri 400 milyon manatdan çoxdur. Üst-üstə gəlsək, ümumən bütün bağlanmış banklarda vətəndaşların 500 milyon manatdan çox pulu qalır. Şirkətlərə gəlincə isə, bu məbləğ 2 milyard manatdan çoxdur», -hüquqşünas iddia edib.

Bu açıqlamalara dəfələrlə cəhd etsək də, Əmanətlərin Sığortalanması Fondundan, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Bu devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Ləğv edilən banklarda sığortalanan vəsaitlərin 99 faizinin qaytarıldığı bildirilir. Əmanətlərin Sığortalanması Fondunun açıqlamasına görə, onlar bu il yanvarın 1-nə kimi 13 bank üzrə ümumən 824.3 milyon vəsait ödəyiblər.

XS
SM
MD
LG