Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:38

Amerikalılar silah satışının sərtləşdirilməsini istəyirlər


Vaşinqtonda növbəti atışma hadisəsindən sonra, 19 sentyabr, 2019-cu il
Vaşinqtonda növbəti atışma hadisəsindən sonra, 19 sentyabr, 2019-cu il

Hər üç amerikalıdan təxminən ikisi (64%) odlu silah satışına dair qanunların sərtləşdirilməsini istəyir. 28% isə qanunların olduğu kimi saxlanmasına tərəfdardır. Cəmi 7% deyib ki, qanunların yüngülləşdirilməsini istərdi. “Gallup” sorğu mərkəzi yeni sorğunun nəticələrini açıqlayıb.

İllik Cinayət sorğusu 1-13 oktyabr tarixlərində keçirilib. Amerikalılar ən çox (78%) 1991-ci ildə daha sərt silah qanunları istəyirdilər. Gallup ilk dəfə həmin il belə bir sorğu keçirmişdi. Son 20 il ərzində bu mövqe zəifləyib, hətta 2011-ci ildə 43%-ə düşüb.

2012-ci ildə Konnektikut ştatında Sandy Hook İbtidai Məktəbində atışmadan sonra odlu silah satışının məhdudlaşdırılmasını istəyənlərin sayı 58 faizə yüksəlmişdi. Sonra bir neçə il göstərici 47-49% arasında qaldı.

2015-ci ildən isə qanunların sərtləşdirilməsinə dəstək artır, ötən ilin martında 67 faizə çatıb. Bu, Floridada məktəbdə atışmadan sonraya təsadüf edirdi.

2001-ci ildən bəri Demokratların silah satışında məhdudiyyətlərə dəstəyi yüksəlir, respublikaçıların isə azalır. Siyasi baxımdan müstəqillərin mövqeyi isə illərdir orta səviyyədə qalır, son göstərici 64 faizdir.

Gallup amerikalılardan onu da soruşub ki, polisdən başqa digərlərinin tapança əldə etməsinə qadağanı dəstəkləyirlərmi. 1959-cu ildə 60% belə bir qanuna tərəfdar olduğunu demişdi. Ancaq 2016-cı ildə bu dəstək 23 faizə düşüb. Hazırda 29%-dir.

Müstəqillərə və respublikaçılara baxanda demokratlar belə bir qadağanı daha çox dəstəkləyirlər.

Bu ilin yayında ABŞ-da bir neçə ölümcül atışmadan sonra Prezident Donald Trump silah islahatına açıq kimi görünüb. Ancaq administrasiya rəsmilərinin son vaxtlar bildirməsinə görə, o, hər hansı təklifi qəbul etməyib və məsələ üzrə addım atan deyil.

Demokratlardan prezidentliyə namizədlər isə silah islahatıyla bağlı ciddi kampaniya aparırlar.

XS
SM
MD
LG