Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:49

Kreml suriyalının qəddarlıqla öldürüldüyünə dair məlumatı şərh etmək istəmir


Dmitry Peskov
Dmitry Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov “Novaya gazeta” qəzetinin Suriyada yerli sakinin Rusiya muzdlu əsgərləri tərəfindən qəddarcasına və işgəncələrlə öldürülməsinə dair təhqiqatı barədə suala cavab verərəkən əvvəlcə deyib ki, qəzetin dərc etdiyi və qətli əks etdirən videonu görməyib, lakin sonra bu sualın “prezident administrasiyasına verilməli sual olmadığını” deyib.

AzadlıqRadiosu Rus xidmətinin məlumatına görə, Putinin mətbuat katibi ayrıca olaraq bunu da deyib ki, “nə dərc edirlər etsinlər”, baş vermiş hadisənin “bütün hallarda Rusiyanın Suriyadakı hərbi əməliyyatına dəxli yoxdur”.

Peskovun sözlərinə görə, Rusiya ordusunun reputasiyasından narahatlıq “tamamilə əsassızdır”.

“Novaya gazeta” noyabrın 21-də bir suriyalının hərbi geyimdə olan və öz aralarında rusca danışan bir neçə şəxs tərəfindən xüsusi amansızlıq və qəddarlıqla öldürüldüyünü iddia edən videonu dərc edib.

Haqqında danışılması belə çətin olan bu videoda suriyalının əvvəlcə gürz zərbələri ilə öldürülməsi, daha sonra başının bıçaqla, qollarının iti bellə kəsilməsi, gövdəsinin başıaşağı asılması və yandırılması, bu prosesin qəhqəhə və təhqirlərlə müşayiət olunduğu görünür.

Stanislav D.

Qəzetin video üzərində apardığı təhqiqat dörd cəlladdan birinin Rusiyanın Vagner özəl hərbi şirkətinin kəşfiyyat qrupunda xidmət edən Stanislav D. olduğunu müəyyənləşdirib.

“Novaya gazeta” sözü gedən şəxsin ailəsini təhlükədə qoymamaq mülahizəsi ilə onun soyadını dərc etməyib.

Redaksiya bununla yanaşı bildirib ki, onda muzdlu döyüşçünün pasportunun, Vagner özəl hərbi şirkətinin onun öz əli ilə doldurulmuş anketinin, informasiyaları məxfi saxlayacağına dair iltizamının və tərcümeyi-halının surətləri var.

Qəzet bildirir ki, bu materialları Rusiya prokurorluğuna, Daxili İşlər Nazirliyinə və İstintaq Komitəsinə təqdim etməyə hazırdır.

Qəzet bunu da yazır ki, Stanislav D. Stavropol polis idarəsində işləyib.

Yevgeny Prigozhin (solda) və Vladimir Putin
Yevgeny Prigozhin (solda) və Vladimir Putin

Qan əvəzinə neft və qaz

Ərəb mediasının məlumatlarına görə isə öldürülmüş şəxs Məhəmməd Taha İsmail əl-Abdulladır.

Onu Suriya hökumət qoşunlarının ehtiyat bölümünə səfərbər etmişdilər. Onun oradan fərarilik etdiyi, lakin yaxalandığı məlumdur.

Qətl hadisəsinin təxminən 2017-ci ildə, Homs qəzasının Şair yaşayış məntəqəsində baş verdiyi ehtimal olunur.

“Novaya gazeta” yazır ki, məhz 2017-ci ilin yazında Vagner şirkətinin muzdluları İslam Dövləti ekstremist təşkilatının yaraqlılarını Şair adlanan məntəqədən vurub çıxarmışdılar.

Bu fakt Suriyanın dövlət baş neft korporasiyası ilə Rusiyanın “Yevro Polis” şirkəti arasında razılaşmanın protokolu ilə də təsdiqlənir.

Suriya hakimiyyət orqanları ilə imzalanmış bu müqaviləyə əsasən Rusiya firması neft mədənlərinin cihadçılardan təmizlənməsini və təhlükəsizliyinin təminatını üzərinə götürmüşdü.

Bunun müqabilində Rusiya şirkəti bu mədəndən çıxarılan neft və qazın 25 faizindən gələn gəlirləri götürməliydi.

“Xalq təsərrüfatı”

Vagner özəl hərbi şirkəti – Rusiyanın qeyri-rəsmi hərbi bölümüdür, lakin hərbi idarələrin balansına və hüquqi şəxslərin reyestrinə daxil edilməyib.

Jurnalist təhqiqatlarından məlum olur ki, buna baxmayaraq Vagner şirkətinin muzdluları Suriyada və Ukraynanın şərqində döyüşürlər.

Bundan başqa Vagner muzdluları Afrika ölkələrində hökumət və sənaye obyektlərini mühafizə edir, yerli ordulara döyüş təlimi keçirlər.

Vagner özəl hərbi şirkətinin “Putinin aşpazı” ləqəbi ilə tanınan Rusiya oliqarxı Yevgeny Prigozhin tərəfindən maliyyələşdirildiyi bildirilir. Sözü gedən Yevro Polis firması da elə Prigozhin-ə bağlıdır.

Prezident Vladimir Putin Vagner şirkəti barədə suala cavab verərkən Rusiyanın özəl mühafizə əməkdaşlarının Suriyada olduqlarını təsdiq etmişdi.

Lakin o demişdi ki, bu əməkdaşlar hərbi əməliyyatlarda iştirak etmir, “xalq təsərrüfatı işləri” ilə məşğul olurlar.

XS
SM
MD
LG