Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

Putin hakimiyyətə etiraz edənlərə çox ağır cərimələr qoyan qanunu imzaladı


Rusiya prezidenti Vladimir Putin dekabrın 16-da ölkənin İnzibati Xətalar Məcəlləsinə “xarici agentlər” üzərinə hədsiz ağır cərimələr qoyan ziddiyyətli düzəlişi imzalayıb.

Təhlilçilər deyirlər ki, bu düzəlişdən məqsəd fərqli düşüncənin, ideyalar mübadiləsinin və azad mətbuatın boğulmasıdır.

Məcəlləyə edilmiş düzəlişə görə bu qanunu 12 ay müddətində təkrar pozan fərdlər 10 min rubladək (159 dollar) cərimə ödəməli olacaqlar. Məcəllənin bundan artıq hallarda pozulmasının cəriməsi 100 min rubl (1590 dollar) və ya 15 sutka həbs cəzası olaraq nəzərdə tutulur.

Məcəllənin təşkilatlara aid hissəsi isə ilk pozuntu üçün 1 milyon rubl (15 min 900 dollar) və təkrar pozulma üçün 5 milyon rubl (79 min dollar) cərimə nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinə bu dəyişiklik Duma tərəfindən bu ayın əvvəllərində qəbul edilib.

Bundan iki həftə əvvəl Vladimir Putin hakimiyyət orqanlarına rəsmən xarici agent kimi damğalanmış təşkilatlarda işləyən jurnalistlərə də xarici agent statusu vermək imkanı tanıyan qanunu imzalayıb.

Söhbət ilk növbədə xarici media orqanları üçün işləyən və onlardan maliyyə və ya başqa maddi dəstək alan jurnalistlərdən gedir.

Azad Avropa/AzadlıqRadiosunun prezidenti Jamie Fly dekabrın 4-də demişdi ki, Rusiyanın “xarici agentlər” haqqında qanununa düzəliş onun təşkilatının Rusiyadakı yüzlərlə müxbirinin üzərinə təzyiqi daha da artıracaq.

Onun sözlərinə görə, bu müxbirlər Rusiyanı Kremlin nəzarətində olan medianın informasiyalarına alternativ xəbərlərlə təchiz edirlər.

Cənab Fly qeyd etmişdi ki, Putin tərəfindən dekabrın 2-də imzalanmış yeni qanun Rusiya hakimiyyət orqanlarına rəsmən xarici agent elan edilmiş mediada çalışan müxbirlərə də xarici agent damğası vurmaq imkanı verir.

Artıq 2017-ci ildə qəbul edilmiş köhnə qanuna əsasən Azad Avropa/AzadlıqRadiosunun doqquz xəbər platformasına “xarici agent” damğası vurulmuşdu.

Rusiyada xarici agentlərə dair ilk qanun 2012-ci ildə Vladimir Putin təkrar prezidentliyə qayıdarkən qalxmış kütləvi etiraz aksiyalarının ardınca qəbul edilmişdi.

Azad Avropa/AzadlıqRadiosunun Moskvada böyük bürosu və Rusiya boyunca yüzlərlə müxbiri var.

Radio bu yaxınlarda şimali Rusiya və Sibir regionundakı lokal hadisələri daha dolğun təhlil edə bilmək üçün özünün Sever.Realii və Sibir.Realii saytlarını yaradıb.

Bundan başqa radionun Şimali Qafqaz və Tatar-Başqırd xidmətləri daha çox regiona yönəlik rusdilli Kavkaz.Realii və Idel.Realii saytlarını açıblar.

XS
SM
MD
LG