Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:01

SOCAR-ın idarə rəisiylə bağlı qalmaqal: Bankda 28 milyon dollar dondurulub?


V.Əliyev
V.Əliyev

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı dələduzluqla bağlı cinayət işində hallanır. Bu işdə 4 milyon manatdan yuxarı məbləğdən söhbət gedir. Suçlanan şəxs kimi hakim önünə çıxarılan da V.Əliyevin qohumudur – baldızı oğlu Nicat Qarayev. Amma idarə rəisinin adı məhz Nicatın qohumu olduğuna görə hallanmır. Zərərçəkmişlər iddia edirlər ki, V.Əliyevin də bütün işlərdən xəbəri olub. Onlar bu iddianı yanvarın 14-də məhkəmədə səsləndiriblər.

N.Qarayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham verilib. Prokuror məhkəmədə ittihamın mahiyyətini də açıqlayıb.

N.Qarayev 2017-ci ilin iyunundan ötən ilin yayınadək «AZFEN» Birgə Müəssisəsinin «Azf-099» layihəsində texniki ofis mühəndisi çalışıb. İttihamda yazılıb ki, o, adamlara əcnəbi şirkətin – «Scanex Enterprises Limited»in Azərbaycandakı nümayəndəliyi vasitəsilə «AZFEN» üçün işlər gördüyünü deyib. Bildirib ki, bu işlərə yatırılan vəsaitdən 45 gün sonra 20 faizədək gəliri olur. Kimsə pul qoymaq istəsə, ona da eyni qaydada 45 gün sonra məbləğin 7 faizi qədər qazanc verə bilər. İttihamda yazılanlara görə, məsələn, Əlikram Eyvazovdan 122 min, Sərxan Musayevdən 1 milyon 925 min, İlqar Çıraqovdan 125 min, Ramil Nəsirovdan 200 min, Arif Qasımovdan 363 min manat pul alınıb. Adları çəkilənlərdən başqa zərərçəkənlər də var. İddia olunur ki, pul yatıranlara əvvəl qazanc verilib. Onlar gəliri aldıqca daha çox inanıblar. Sonra qazanc da kəsilib, əsas məbləğ də qaytarılmayıb.

N.Qarayev özünü qismən təqsirli bildiyini deyir

Onun sözlərinə görə, ittihamda məbləğlər şişirdilib. Elə zərərçəkənlər var ki, onlardan borc və ya sələmlə pul alıb, amma təhrif olunub. Elə göstərilib ki, həmin pullar da iş görmək adıyla alınıb.

Məsələn, zərərçəkmiş Vasif Nağıyev məhkəmədə deyib ki, Nicata iş görmək üçün 21 min manat pul vermişdi. Üstəlik, 400 manat da kartına yatırıb. Bunun cəmi 2 mini qayıdıb. İndi 19 min 400 manatını tələb edir.

Nicat isə deyir ki, ondan 15 min manat borc almışdı, ona indi 13 min 400 manat borcu qalıb.

Zərərçəkmiş Sərxan Musayev danışır ki, dostları Ramal və Rəşadla birlikdə bu işə 2 milyon manata yaxın pul yatırıblar. Nicatı elə Ramal vasitəsilə tanıyıb: «Birinci özüm pul vermişəm, 30 min manat. Mənə qazanc da verdi. Əvvəl kiçik məbləğlərlə işləyirdi. Sonradan məbləğ böyüdü. Nicat tenderləri özü təşkil edir, özü qazanırdı. Biz həftəlik 300-400 min manat arası investisiya qoyurduq. 45 gün ərzində qazanc gəlirdi. Qazancla birlikdə qoyduğumuz məbləğ də geri qaytarılırdı. Sonradan 8 həftə ardıcıl pul verdik. Amma heç birinci həftənin 45 gününün tamamında pulumuzu ala bilmədik. 8 həftə ərzində 1 milyon 925 min manat vermişdik. Həmin məbləğin 590 min manatı mənim idi, qalanı Rəşad və Ramalın. Pul qaytarılmadığına görə Nicatla görüşdük. Deyirdi ki, problemlər var, amma həll ediləcək...».

Təqsirləndirilən N.Qarayev deyir ki, Sərxandan 300 min manat alıb.

İdarə rəisinə güvəniblər?

Zərərçəkmişlər, özəlliklə S.Musayev SOCAR-ın idarə rəisi Vaqif Əliyevi günahlandırır. Deyirlər ki, məhz bu amilə güvənərək, o qədər pulu veriblər.

S.Musayevin dediyinə görə, Nicat özü də onlara V.Əliyevin bu işlərdən xəbərdar olduğunu, onun məsləhətiylə addım atdıqlarını söyləyib: «Bizə qəribə gəlirdi ki, bu adamın kifayət qədər imkanı var, niyə başqalarından pul alıb işə qoysun? Nicat deyirdi ki, Vaqif Əliyevin İsveçrə bankında 28 milyon dolları var. Amma o məbləği dondurublar. Ona görə öz pulundan istifadə edə bilmir. İndi də iş görmək üçün pul lazımdır».

S.Musayev onu da bildirib ki, Nicatdan polisə şikayət edənlər arasında V.Əliyevin oğlu Orxan Əliyev də var. Amma Sərxanın fikrincə, bu addım məqsədli şəkildə atılıb: «Vaqif Əliyev öz oğlunu da zərərçəkmiş kimi göstərməklə bu işə aidiyyəti olmadığını göstərmək istəyir. Görüntü yaradır».

N.Qarayev qohumları haqqında səslənən bu iddialara cavab verməyib.

Adıçəkilən xarici şirkətin – «Scanex Enterprises Limited» şirkətinin səhmdarı Orxan Əliyevdir.

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

«AZFEN» Birgə Müəssisəsini 1996-cı ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti (60 faiz sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40 faiz sahiblik hüququ ilə) təsis edib. Bu qurum neft şirkətləri üçün tikinti və mühəndislik işlərini görür.

XS
SM
MD
LG