Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

Mübariz Qurbanlı: 'Süni konfliktlər yaratmaq cəhdlərini gördüm'


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

“Açıq seçkidə namizədlərimizin xeyli hissəsinin uğur qazanacağına əminik”

Pozuntular haqda YAP rəsmisinin dedikləri:

“Amma bu, seçkiyə kölgə salmamalıdır. Bir neçə dairədə bu cür hadisələri görürük. Onu da sosial şəbəkə üzərindən görürük”.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosunun suallarını cavablandırıb.

Mübariz müəllim, seçkinin gedişatını necə dəyərləndirirsiniz? Yerlərdən pozuntuların baş verməsi, müşahidəçilərin döyülməsi ilə bağlı şikayətlər gəlir. Sizdə hansı məlumatlar var?

Mən şəxsən özüm səsvermədə iştirak etdim. Səsvermə məntəqəsində həm beynəlxalq, həm də yerli müşahidəçilər var idi. Həmin məntəqədə insanların səsverməyə gəlişini müşahidə etdik. Əlbəttə, bizdə yerlərdəki məsələlərlə bağlı məlumatlar var. Bu məlumatları ən çox sosial şəbəkə üzərindən qabardaraq yaymaq istəyənlər, əslində, həmin seçkilərə xələl gətirmək, kölgə salmaq istəyənlərdir. Seçkinin gedişində hər kəs qanunlara əməl etməlidir. Müşahidəçilərin öz səlahiyyətləri var, komissiya üzvlərinin, məşvərətçi səsə hüquqlu komissiya üzvlərinin də öz. Biz sosial şəbəkə üzərindən yayılan məlumatlara baxdıq. Şəxsən özüm bir çox materiallara nəzər saldım və orda bəzi namizədlərin məntəqədə komissiya sədri və üzvləriylə süni konfliktlər yaratmaq cəhdlərini gördüm. Bəzi yerlərdəsə müşahidəçilərin səlahiyyətlərindən kənara çıxaraq seçki prosesinə açıq müdaxilə cəhdlərini gördüm. Namizədlər var ki, onlar üçün seçkilərdə iştirak qara PR yaratmaqla özünü cəmiyyətə təqdim etmək, seçkinin gedişinə xələl gətirmək, seçkini təhlükəyə salmaq məqsədi daşıyır. Yəni seçkiyə qatılaraq real demokratik, şəffaf qələbə qazanmaq istəyi olan hər hansı namizəd məntəqəyə gələrək məntəqə sədrini aşağılayan fikirlər səsləndirməməlidir, qışqır-bağır salmamalıdır. Hər hansı qanun pozuntusu müşahidə edirsə həmin məlumatları yuxarı seçki orqanlarına bildirərək müvafiq tədbirlər görülməsinə çağırmalıdır. Ancaq biz bəzi məntəqələrdə müşahidəçinin və ya namizədin özünün şəxsən iştirakıyla sosial şəbəkədə seçkini gözdən salmaq cəhdlərini görürük. Ümumiləşdirmələr haqda, əlbəttə, tam yekunda fikir söyləyə bilərik. Amma indiki gedişatda bunları görürük: kimsə müşahidəçi olaraq məntəqədəki vəziyyəti qabardır, hansısa namizəd məntəqələri gəzərək – onun gəzmək haqqı var – süni surətdə qarşıdurmaya cəhd edir.

İsa Qəmbər seçkiləri şərh edir
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

YAP-ın namizədi, Milli Məclisin spiker müavini Ziyafət Əsgərovun namizədliyi verilmiş dairədə müşahidəçi döyülüb, hətta polisə müraciət edilib. Yəni bu cür hallar da olur.

Bu epizoda diqqətlə yanaşmanızı istərdim. Müşahidəçi öz səlahiyyət çərçivəsindən çıxarkən ona irad tutulur, o, qanunun tələblərinə əməl etmir, əksinə məntəqə üzvlərinə və digər müşahidəçilərə qarşı kobud hərəkətlərə yol verir. Orada döyülmə haqda deyilənləri qəbul etmirəm. Hər hansı döyülmə faktını görmədim. Şifahi söylənilən fikir şahidlərin dediklərinə, görüntülü fakta istinad etmirsə bu söz olaraq qalır. Orda onlarla şəxs var və belə bir hadisə olubsa bunu rəsmiləşdirmək lazımdır. Biz bunu görmürük. Bu, onun öz hərəkətlərini ört-basdır etmək üçün söylənilən fikir də ola bilər. Belə qanun pozuntuları olarkən məntəqə sədri də müvafiq sənədlər tərtib edərək DSK-ya göndərir. Jurnalistlər belə halları işıqlandırmaq istəyirlərsə obyektiv olaraq qarşı tərəfin dediyini də ictimaiyyətə çatdırmalıdırlar.

Qarşı tərəf olaraq biz həm də sizinlə danışırıq.

Mən mövqeyimizi açıqlayıram. Bu cür hərəkətlər yolverilməzdir. Namizədlər var ki, məntəqəyə girərək məntəqə sədrini aşağılayan fikirlər səsləndirirlər, təhqiredici səviyyədə danışırlar. Elə bil bu mütləqi-hakimdir, məntəqə sədri vəzifəsini yerinə yetirir, onun tələbinə qarşı çıxmaq doğru olmazdı. Mən məntəqəyə gedəndə ola bilsin məni tanısınlar, amma kim olmağıma baxmayaraq qanuni prosedurlar icra edilməlidir, barmağa da işarə vurulmalıdır, şəxsiyyət vəsiqəsi də götürülməlidir, bülleten götürülməlidir və sair. Sən bütün məntəqə üzvlərini seçkini saxtalaşdıran şəxs qismində görmək istəyirsənsə, qarşı tərəfin, əlbəttə, buna reaksiyası olacaq. O da haqsız fikirlərə qarşı sözünü deyəcək. Çəkilişlərə məhdudiyyət yoxdur. Bütün kameralar çalışır. Deyirlər ki, bağlayıblar. Amma araşdıranda məlum olur ki, bağlı deyil, çalışır. Hamının əlində telefon var, internet var. Burda təhlükəsizlik kameralarının şəklini çəkiblər ki, kameraları bağlayıblar. Elə təəssürat yaratmaq istəyirlər ki, işləmir. MSK da açıqlama verib.

Siyasi ekspert Hikmət Hacızadə seçkiləri şərh edir
Gözlə

No media source currently available

0:00 0:06:46 0:00

Amma bəzi məntəqələrdə kameraların üstünün bağlanması haqda iddialar yayıldı. Bəzi məntəqələrdə baş verənləri izləmək olmur, bəzən kameraları elə yerləşdirirlər ki, bütün məntəqəni görmək mümkün deyil.

Siz müasir jurnalist olaraq daxil olub harda kamera var bunu dərhal araşdıra bilərsiniz. Biz bunu araşdırdıq və məlum oldu ki, yalandır. İzlədik və gördük kameralar açıqdır, bu dezinformasiyadır. Seçki kampaniyalarında yalan məlumat yaymaq cəhdləri olur. Amma elə qruplar var, bunların yaydığı yalan da deyil, yalan kvadratı da yox, kubu formasındadır.

Axı, doğrudan da bəzi məntəqələrdə kameraları izləmək mümkün deyil. Onların idarə edildiyi güman olunur. Məntəqədəki komissiya üzvlərini görmək olmur.

Bütün məntəqələrdə kamera yoxdur. Haradasa kamera izləmək mümkün deyilsə, DSK və ya MSK-ya müraciət edilməlidir. Bəlkə texniki məsələdir, bəlkə yerləşdiyimiz ərazidə internetin sürəti ilə bağlıdır. Dərhal “Bütün kameralar işləmir” kimi hökm vermək düzgün deyil. Gəlin, seçkilərə obyektiv, ədalətli yanaşaq. Bir yerdə ədalətsizlik varsa... Hökumət də, hakimiyyət də seçkinin tam şəffaf, azad, demokratik keçirilməsi istiqamətində fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası da seçkinin azad, demokratik, şəffaf keçirilməsinə tərəfdar partiyadır. Prezidentimizin çıxışlarında bu dəfələrlə qeyd olunub. Axı, YAP-ın namizədləri var ki, respublika səviyyəsində tanınırlar, yerlərdə müdafiə olunurlar. Bizim seçki yarışında çəkinəcəyimiz heç nə yoxdur. Açıq seçkidə namizədlərimizin xeyli hissəsinin uğur qazanacağına əminik.

Yeni deputatlardan nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Mübariz müəllim, bəzi məntəqələrdən seçki qutularının şəffaf olmaması, seçki bülletenlərinin kənarının əvvəlcədən kəsilməsi ilə bağlı foto, video-məlumatlar gəlməkdədir. Niyə belə?

Konkret ünvan olacaqsa araşdırılmalıdır. İkincisi, DSK var, MSK var. Bu cür məlumatı olan şəxslər bunu faktlar əsasında təqdim etməlidir. Üçüncüsü, seçki qutularının hamısı şəffafdır, beynəlxalq qurumların standartına uyğundur. Qutu şəffafdır, neçə bülleten atılırsa görünür. Amma fakt varsa yuxarı seçki qurumuna müraciət edə bilərlər. Bir faktı bütün seçkiyə şamil etmək də düzgün olmaz.

Yəni siz bu fikirdəsiniz ki, seçki normal gedir, heç bir qanun pozuntusu baş vermir?

Seçkinin yekununda pozuntularla bağlı faktlar ortada olacaqsa bu deyiləcək. MSK seçkidən sonra bunu araşdırır, qərar verir. Amma bütünlükdə seçkinin tam azad, ədalətli, demokratik keçirildiyinə əminəm. Bu, Azərbaycan xalqının iradəsini, istəyini ifadə edəcək bir seçki olacaq.

Bu seçki həm də o baxımdan əhəmiyyətlidir ki, növbədənkənar keçirilir, ölkə rəhbərliyinin dəyişiklik vədlərinə inanan çox sayda namizəd seçkiyə qatılıb. Ona görə də seçkidə pozuntular olacaqsa, gələn məlumatlar hüquqi müstəvidə də təsdiqini tapacaqsa, saxtalaşdırma baş verəcəksə (ki, bu haqda məlumatlar gəlməkdədir) seçkiyə inam sarsılmış olacaq.

Növbədənkənar seçkilərdə həm namizədlərin sayı baxımından, həm namizədlər arasında azad yarış baxımından irəliyə gedən çox şeylər görmüşük. Seçki prosesində pozuntu varsa bunu bütöv seçkiyə aid etmək olmaz. Dünyanın elə ölkəsi yoxdur ki, orda məntəqələrdə pozuntular baş verməsin. Amma bu, seçkiyə kölgə salmamalıdır. Bir neçə dairədə bu cür hadisələri görürük. Onu da sosial şəbəkə üzərindən görürük. Bəzilərini də birtərəfli qaydada verilən məlumatlar səviyyəsində görürük, qarşı tərəf dinlənilmir. Bəziləri şayiə formasındadır. Hüquqi müstəvidə pozuntular ortadadırsa bunu müzakirə edə bilərik. Ona görə bir məntəqədə, bir dairədə baş verənləri bütöv seçkilərə aid edə bilmərik. Hesab edirəm seçki normal gedir.

Bu dəfə Azərbaycan ictimaiyyəti tərkib baxımından yeni parlament görə biləcəkmi? Çünki YAP-ın əksər namizədləri keçən parlamentdə də təmsil olunmuşdular.

Parlament seçkilərinin keçirilməsi, yenilənməsi o məntiqə gəlmir ki, parlamentdəki bütün yerlərə yeni şəxslər seçilsin. Belə bir şey ola bilməz. Yenilənmə yeni insanların, yeni qüvvələrin gəlməsi baxımından nəzərdə tutulur. Seçkilərdən sonra parlamentin tərkibinin dəyişməsini, yenilənməsini görəcəyik. Mən əminəm ki, yenilənmə, yeni simaların, yeni qüvvələrin gəlişi özünü göstərəcək. Parlamentin fəaliyyəti də daha sürətli islahatların aparılmasında özünü göstərəcək. Bundan əvvəl də parlamentin fəaliyyəti də kifayət qədər olub, bu inkar olunmur. Sadəcə bu yenilənmə islahatların dərinləşməsinə xidmət edir. Yeni seçkilər keçirilən başqa ölkələrdə də parlamentin heç də hamısı yenilərdən ibarət olmur. Partiyalar kadrlarını qoruyaraq seçkilərə qatılır, bəzən bir qisim yenilənmə ilə qatılır. Kadr potensialı çox vacibdir, partiyaların kadr potensialı, təcrübəli siyasətçiləri var. Kimsə onları kənara qoymur. Siyasi varislik, təcrübə amilləri də var. YAP-ın namizədləri arasında gənclər, yeni kadrlar var, biz bu yenilənməni seçkidən sonra dəqiqliklə görəcəyik.

XS
SM
MD
LG