Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:39

Azərbaycanda bütün kütləvi tədbirlər təxirə salınır (VIDEO)


Koronavirusa görə, Azərbaycanda xüsusi rejim tətbiq olunacaq
Gözlə

No media source currently available

0:00 0:09:37 0:00

Koronavirusa görə, Azərbaycanda xüsusi rejim tətbiq olunacaq

Azərbaycanda sosial izolyasiya elan olundu

Azərbaycanda bir ay müddətində bütün kütləvi tədbirlər təxirə salınıb

Bu barədə martın 13-də Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

“Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir ” - deyə qurumun açıqlamasında bildirilir.

“Kinoteatrların, muzey və teatrların,... fəaliyyəti dayandırılır”

Açıqlamada bu, Dünya Səhiyyə Təşkilatının (DST) koronavirus infeksiyasını qlobal pandemiya elan etməsi və virusun qarşısının alınması istiqamətində qurumun tövsiyə və tələbləri ilə izah edilir:

“Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: Ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir”.

Qurumun açıqlamasında habelə yazılıb ki, ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır.

“Toy məclislərinin keçirilməsi qadağan edilir”

Açıqlamada daha sonra deyilir:

“Ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur. Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir”.

Açıqlamaya görə, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan edilir. Habelə, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılmalıdır. Həmçinin bildirilir ki, ölkədə alış-veriş mərkəzlərinin fəaliyyəti uygun dövlət strukturlarının açıqlayacağı qaydalara riayət olunaraq həyata keçirilməlidir.

Azərbaycan həbsxanalarında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

“Aptek, ərzaq mağazaları...”

Açıqlamada deyilir:

“Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır. İctimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir. Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir. Dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər”.

Açıqlamada o da deyilir ki, qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank, iaşə obyektlərinin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır.

“Cəza tədbirləri...”

Açıqlamada deyilir ki, təimatları pozanların cəzalandırılması nəzərdə tutulur:

“Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır. Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir”.

Bundan əvvəl Azərbaycanda koronovirus təhlükəsi ilə bağlı martın 27-nə kimi orta və ali məktəblərdə dərslər dayandırılmışdı. Habelə, mart ayında nəzərdə tutulan Novruz şənlikləri ləğv edilmişdi. Həmçinin, Azərbaycan futbol çempionatının bəzi oyunları təxirə salınmışdı.

Dünən, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı. Bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı bildirilib.

Onlardan birinin öldüyü, üçünün isə sağalaraq evlərinə buraxıldığı vuğulanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.Bu müddət sonra da daha 2 həftə uzadılıb.

Hazırda əsasən İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 5 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

XS
SM
MD
LG