Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:25

Rusiya koronavirusa və... informasiyaya qarşı – Qərb mediası


Sankt Peterburq, 26 mart, 2020-ci il
Sankt Peterburq, 26 mart, 2020-ci il

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Rusiya hökumətini koronavirus pandemiyası ilə əlaqədar xəbərlərə nəzarəti gücləndirməkdə, bunu dezinformasiya ilə mübarizə bəhanəsi ilə etməkdə suçlayır.

Parisdə mənzillənən qurum martın 26-da yaydığı bəyanatda bildirir ki, koronavirus böhranından yazan jurnalistlər ölkənin media tənzimləyicisi olan “Roskomnadzor” tərəfindən hədəfə alınır.


“Pandemiyadan istifadə edərək...”

RSF “Govorit Magadan” xəbər saytını misal çəkir, bu həftə vebsayt bir xəstənin ölümü barədə xəbəri silməyə məcbur edilib. Sayt xəstənin virusdan ölməsi şübhəsindən yazsa da, onda testin cavabları mənfi çıxıb.

“Ekho Moskvy”, Facebook, Rusiyanın VKontakte sosial şəbəkəsi də bir il öncə qüvvəyə minmiş dezinformasiya qanununun tələbiylə postları silməli olub.

RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Jeanne Cavelier Rusiya hakimiyyətini “pandemiyadan istifadə edərək mətbuat azadlığını məhdudlaşdırmamağa” çağırıb.

Cavelier həmçinin “həddən artıq qarışıq olan saxta xəbər qanununu ləğv etməyə” çağırıb, onun “informasiya azadlığını pozduğunu” bildirib.

Martın 24-də Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Rusiya hakimiyyətini koronavirus pandemiyasından yazan “xəbər orqanlarına senzura qoymağı dayandırmağa” çağırıb.

“Roskomnadzor epidemiyanı xəbərləməklə bağlı mediaya aydın və ədalətli kriteriyalar təqdim etməli, bu qaydaların müstəqil jurnalistikaya senzura yaratmadığını təmin etməlidir”, – CPJ bildirib.

RSF-in 2019-cu il Mətbuat Azadlığı İndeksində Rusiya 180 ölkə içində 149-cu yerdədir.

Kreml özü də dezinformasiya yayır?

Avropa Birliyinin diplomatik xidmətinin bu yaxınlarda açıqladığı daxili hesabatda deyilir ki, kremlyönümlü media COVID-19 pandemiyası ilə bağlı Avropaya qarşı “ciddi dezinformasiya kampaniyası” aparır. Bu haqda “Medium” portalında Jakub Kalenský yazır.

Qərb rəsmilərinin, Birləşmiş Ştatların Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker-in kampaniya ilə bağlı xəbərdarlığından belə anlaşılır ki, kampaniyanın konturları 2020-ci il fevralın sonundan görünməyə başlayıb.

Müəllif yazır ki, Kremlin informasiya sferasında uzunmüddətli strateji məqsədi davamlı və sabitdir: Qərbin vəhdətinə zərbə vurmaq və Kremlin nüfuzunu gücləndirmək. Məqalədə bu məqsədə çatmaqdan ötrü altı taktikadan istifadə olunduğu vurğulanır:

  • Birləşmiş Ştatlara, Qərbə və NATO-ya qarşı mesajlar yaymaqla onları zəiflətmək;
  • xaos və çaxnaşma toxumları səpmək;
  • hədəf auditoriyanın etibarlı informasiya mənbələrinə inamını sarsıtmaq;
  • çoxsaylı ziddiyyətli mesajlar yaymaqla obyektiv faktlara inamı sarsıtmaq;
  • digər konspirologiyaların qəbulunu asanlaşdırmaq üçün konspirologiyalar yaymaq;
  • dezinformasiya yayan kanalları müəyyənləşdirmək.

“Dezinformasiya yayanda təkcə auditoriyaya təsir göstərməyə çalışmırsınız, həm də ondan dəyərli informasiya əldə edirsiniz. Dezinformasiyanın yayıldığı kanalları müəyyənləşdirirsiniz və bu dezinformasiyanın yeni auditoriyaya ötürülməsinə kömək edir. Eyni zamanda sizin dezinformasiyaya kimin qarşı çıxdığını da görürsünüz”, – müəllif yazır.

XS
SM
MD
LG