Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:39

İqtisadçı: 'İllər boyu dövlət layihələrindən mayalanıblar'


Sizcə, vergidən yayınanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Sizcə, vergidən yayınanlar kimlərdir? (Sorğu)

Dövlət başçısı İlham Əliyev martın 31-də iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Görüşdə bir çox məsələlərdən danışan prezident kölgə iqtisadiyyatına da toxunub:

«Dostlara arxalanırsa, səhv yoldadır»

«...Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır...».

N.Bəydəmirli
N.Bəydəmirli

İşadamı Nazim Bəydəmirli Azadlıq Radiosuna deyib ki, hökumət kölgə iqtisadiyyatının səbəbləri ilə mübarizə aparmadan onu aradan qaldıra bilməyəcək:

«Səbəbləri aradan qaldırın»

«Neçə illərdir ki, «nəticələrə qarşı mübarizə aparmayın, səbəbləri aradan qaldırın» prinsipini hökumətin diqqətinə çatdırırıq. Yəni, səbəb nədir ki, Azərbaycanda kölgə iqtisadiyyatı ÜDM-in az qala 80 faizi qədərdir. Bəziləri 50, hökumət rəsmiləri isə adətən 16-18 faizdən danışır. Amma bizim təxmini hesablamalarımıza görə, bu, 80 faizə yaxındır».

N.Bəydəmirli vurğulayıb ki, vaxtilə kölgə iqtisadiyyatı ilə bağlı dünyanın ən pis üç ölkəsi arasında yer alan Gürcüstan hazırda ən şəffaf 10 ölkə arasındadır. Onun fikrincə, Azərbaycanda da kölgə iqtisadiyyatını aradan qaldırmaq istəyirlərsə, Gürcüstanın keçdiyi yola baxmaq yetərlidir.

İşadamı hesab edir ki, Azərbaycanda kölgə iqtisadiyyatını yaradan məmur sahibkarlığı, inhisardır:

Kiçik sahibkarlar gəlirsiz qalıb. Problemin həll yolları axtarılır
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

«İllər boyu dövlət investisiya layihələrindən mayalanıblar»

«İllər boyu dövlət investisiya layihələrindən mayalanıblar. Haqqında danışdığımız səbəblər aradan qaldırmadan kölgə iqtisadiyyatını aradan qaldırmaq mümkün olmayacaq. Birmənalı olaraq məmur sahibkarlığı bu və ya digər formada tüğyan etdiyi ölkədə kölgə iqtisadiyyatı olacaq».

Onun fikrincə, ölkədə şəffaflıq yaratmaq üçün hər kəsin qanun önündə hüquq və vəzifə bərabərliyini təmin etmək lazımdır: «Ümid edək ki, dövlət başçısı kölgə iqtisadiyyatı dedikdə məmur sahibkarlığını, yüksəkrütbəli məmurlara və onların yaxınlarına aid şirkətləri nəzərə tutub».

«Onlar kölgə iqtisadiyyatının qurbanlarıdır».

İşadamına görə, ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərdən irəli gələrək kölgə iqtisadiyyatında günəmuzd çalışmış insanlara dövlət yardım etməlidir: «Çünki onlar həmin kölgə iqtisadiyyatının xidmətçiləri və qurbanlarıdır. Təəssüf ki, hökumətin dediyi iqtisadiyyata maliyyə yardımı paketində ailələrə, fərdlərə yönəlik heç bir addım atılmır. İş yerləri bağlandığına, iqtisadi fəallıq aşağı düşdüyünə görə bu insanların hamısı taleyin ümidinə buraxılıb».

V.Əhmədov
V.Əhmədov

«Əgər o vəsaitlər gələcəksə,...»

Deputat Vahid Əhmədovun «Turan» agentliyinə deməsinə görə isə, kölgə iqtisadiyyatı ilə mübarizə son vaxtlar gündəmdədir: «Dünən (martın 31-i) iqtisadiyyat naziri M.Cabbarov prezidentə məruzəsində kapital və əmlak leqallaşdırılmasına da toxundu. Bu da çox ciddi məsələdir. Prezidentin göstərişləri çox ciddidir və bu istiqamətdə iş gedir».

V.Əhmədov hesab edir ki, bunun nəticəsi ilk rübün sonunda, ilin axırında büdcəyə əlavə daxilolmalarda özünü göstərəcək: «Əgər o vəsaitlər gələcəksə, deyə biləcəyik ki, kölgə iqtisadiyyatı Azərbaycanda azalır, ya da minimum səviyyədədir».

Qeyri-leqal günəmuzd işləyən şəxslərə dövlət yardımına gəlincə isə, V.Əhmədov deyib ki, yardımlar ediləcək:

«Ola bilməz ki, işləyənlərə nəsə verək, amma...»

«Hesab edirəm ki, yardımlar hamıya edilməlidir. Xüsusilə günəmuzd işləmişlərə, imkanları olmayanlara. Onlara mütləq yardım edilməlidir. Bu barədə təkliflər verilib. Əgər sahibkara yardım ediriksə, bu, birbaşa müqaviləsi olanlara edilən yardımdır. Günəmuzd işləmiş insanların siyahısı olmalıdır. İndi deyirlər ki, guya siyahı yoxdur. Siyahı yoxdursa, bu məsələ çoxdan həll edilməli idi. Hər bir rayonun icra başçısından bu məlumatlar alınmalı, ümumi kompüterə salınmalı, həllini tapmalı idi. Ola bilməz ki, işləyənlərə nəsə verək, amma günəmuzd işləmişlərə yardım etməyək. Dövlət başçısı da dedi ki, yardım olmalıdır, bu həftədən başlamalıdır».

Xüsusi rejim tətbiq olunan Bakının son halı
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 42 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən də qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

XS
SM
MD
LG