Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:56

'Mona Liza'nın oğurlanmasını göstərəcəklər


"Mona Liza"
"Mona Liza"

"The Observer" jurnalı yazır ki, amerikalı aktrisa və kinorejissor Jodie Foster "Mona Lizanın oğurlandığı gün" (The Day They Stole the Mona Lisa) adlı kitabın ekranlaşdırılması üzərində çalışır. Seymour Reit-in yazdığı bu kitabda 1911-ci ildə baş vermiş inanılmaz qarət hadisəsi təsvir olunur. Məhz bu oğurluq hadisəsindən sonra Leonardo da Vinci-nin bu əsəri bu qədər məşhurlaşıb və bahalaşıb. Bu, tarixdə ən böyük sənət əsəri oğurluğu sayılır.

"Mona Lizanın oğurlandığı gün" kitabında Vincenzo Peruggia adlı oğrunun hekayəsi təsvir olunub. Bu şəxs XX əsrin əvvəllərində bir bazar ertəsi səhəri o zamanlar bütün muzey işçilərinin geydiyi ağ xələtdə Parisdəki Luvr muzeyinə daxil olmaqla tarix kitablarına düşüb. Peruggia-nın sözlərinə görə, o, sadəcə, "Mona Liza"nın saxlandığı qalereyanın boşalmasını gözləyib, sonra onu asıldığı dəmir asqıdan çıxararaq yaxınlıqdakı xidməti pilləkənə üz tutub. Burada o, rəsmi çərçivəsindən çıxarıb.

Franz Kafka boş qalmış divara baxmağa gedib

"Mona Liza"nı xələtinə büküb muzeyi tərk edən Peruggia dərhal Quai d'Orsay stansiyasına gedərək ekspress qatarla Parisi tərk edib. Muzeysə divarın boş qalmasından, əsərin yoxa çıxmasından yalnız bir gün sonra xəbər tutub.

60-nəfərlik detektiv qrupunun axtarışa cəlb edilməsinə baxmayaraq, Peruggia oğurluq rəsm əsərini iki il özündə saxlaya bilib. İki ildən sonra Florensiyadakı Uffizi Qalereyasının sahibi onu tapıb. Oğru rəsm əsərini əsl sahibi Alfredo Geri-yə qaytarmağa çalışıb. Əvəzində isə o, "Mona Liza"nı əsl vətəninə qaytardığı üçün mükafat gözləyirmiş. Bunun əvəzində Geri tez polisə xəbər verib. Dərhal baş qaldırmış media hay-küyü və polis araşdırması həm Peruggia, həm də rəsmin əbədi əfsanəyə çevrilməsinə səbəb olub. Əsər yalnız 1914-cü ildə Luvr muzeyinə qaytarılıb.

Hekayənin gözəlliyi bununla bitmir. Ssenarini yazarkən müəlliflər rəngarəng personajlar sarıdan qıtlıq yaşamayacaqlar. Məsələ burasındadır ki, modernist yazıçı Franz Kafka marağından boş qalmış divara baxmağa gəlib. Bundan başqa, polis fransız şairi Guillaume Appollinaire-i həbs edib. Şairdən narazı olan katibi ondan şikayət edibmiş. Şair, öz növbəsində, polisi Pablo Picasso-ya tərəf yönəldib. Polis Picasso-nu da dindirib. Picasso-nun bu oğurluq hadisəsində əli olmadığı müəyyənləşib, ancaq onu tunc dövrünə aid bəzi İberiya heykəllərini qaytarmağa məcbur ediblər.

"Bu maraqlı hekayəni də özününküləşdirəcək"

Bütün bu hekayə özü-özlüyündə o qədər kinonu xatırladır ki, onu ilk dəfə eşidən adam istər-istəməz bu haqda filmin olub-olmamasını düşünür. Ona görə də, istənilən səriştəli rejissorun bu hekayə əsasında uğurlu film çəkə biləcəyinə şübhə yoxdur. "Ancaq kameranın həm qarşısında, həm də arxasında, əsasən, trillerlər yaratmaqla tanınan Foster güman ki, bu maraqlı hekayəni də özününküləşdirəcək", – jurnal yazır.

Seymour Reit-in kitabı əsasında film ssenarisi yazmaq Bill Wheeler-ə həvalə edilib. 53-yaşlı Wheeler "The Lego Ninjago Movie", "Ghost in the Shell" (2017), "Queen Katwe" (2015), " The Reluctant Fundamentalist" (2012) filmlərinin və "Ray Donnovan" televiziya serialının (2013 – 2020) ssenari müəllifidir.

Jodie Foster-ə gəlincə isə, o, "Little Man Tate" (1991), "Home for the Holidays" (1995), "The Beaver" (2011) və "Money Monster" (2016) kimi filmlərlə tanınır. O, həm də "Woman at War" adlı Skandinaviya trillerinin ingilis dilində çəkiləcək yeni versiyasının həm rejissoru olacaq, həm də bu filmdə baş rolu oynayacaq.

Filmin çəkilişi Los-Anceles Media Fondu tərəfindən tam maliyyələşdiriləcək. Fond 9 il bundan öncə Jeffrey Soros və Simon Horsman tərəfindən təsis edilib.

XS
SM
MD
LG