Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:03

Yarasa tədqiqatları ilə bağlı xəbərdarlıq olunubmuş – Qərb mediası


Çin alimləri, arxiv fotosu
Çin alimləri, arxiv fotosu

Dünyada yeni koronovirus pandemiyası yayılmazdan iki il qabaq ABŞ rəsmiləri Çinin Vuhan şəhərindəki tədqiqat obyektinə bir neçə dəfə baş çəkib, Vaşinqtona iki rəsmi xəbərdarlıq göndəriblər. Onlar laboratoriyada təhlükəsizliyin yetərli səviyyədə olmadığını, yarasa koronovirusları üzərində riskli tədqiqatlar aparıldığını bildirirdilər. “The Washinton Post” qəzeti yazır ki, bu teleqramlar ABŞ hökumətində virusun Vuhandakı laboratoriyadan qaynaqlanması haqda qızğın müzakirələrə səbəb olub, amma hələlik, buna konkret bir dəlil ortaya qoyulmayıb.

2018-ci ilin yanvarından Pekindəki ABŞ səfirliyi qeyri-adi addım ataraq Birləşmiş Ştatların elm diplomatlarını Vuhan Virusologiya İnstitutuna göndərir. Qəzet yazır ki, ABŞ rəsmilərinin səfərlər zamanı öyrəndikləri onları o qədər narahat edir ki, Vaşinqtona iki diplomatik teleqram yollayırlar. Məqalə müəllifinin əldə etdiyi birinci teleqramda belə xəbərdarlıq yer alır – laboratoriyanın yarasa koronovirusları üzərində apardığı iş və onun insandan-insana keçməsi potensial SARS-a oxşar yeni pandemiya riski yaradır.

Çin tədqiqatçıları Texas Universitetindən, ABŞ-ın digər qurumlarından yardım alır və əlavə kömək istəyirdiblər. Teleqramlarda ABŞ-ın Vuhan laboratoriyasına əlavə dəstək verməli olduğu vurğulanır, çünki koronovirus tədqiqatı təhlükəli olduğu qədər də vacib idi.

Tədqiqatın məqsədi SARS-a bənzər yeni pandemiyanın onun necə yaranmasını öyrənməklə önləmək olub. Amma hələ 2015-ci ildə alimlər belə bir riskə girməyin gərəksiz olmasını iddia edirdilər. 2014-cü ilin oktyabrında ABŞ hökuməti istənilən virusu daha ölümcül, yaxud yoluxucu həddə çatdıran araşdırmaların maliyyələşdirilməsinə moratorium qoyubmuş.

“Çoxlarının qeyd etdiyi kimi, indi dünyanı lərzəyə salmış virusun süni olmasını deməyə dəlil yoxdur; alimlər onun heyvanlardan gəlməsi fikrilə razılaşırlar. Amma bu heç də onun laboratoriyadan çıxmadığını da demək deyil”, – Kaliforniya Universitetindən tədqiqatçı alim Xiao Qiang vurğulayır.

Xiao-nun sözlərinə görə, hazırda həmin laboratoriya yaxınlığındakı Vuhan Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzinin laboratoriyası sarıdan da oxşar təhlükəsizlik əndişələri mövcuddur. Çin hökuməti isə nə yeni koronovirusun mənşəyi haqda təməl sualları cavablandırır, nə də hər iki laboratoriyanın yoxlanmasına icazə verir.

Koronavirus və zorakılıq

“Foreign Policy” dərgisi isə dünyada kriminal zorakılığın virus qədər yayılmasından yazır. Təkcə 2017-ci ildə dünyada qətllər 464 mindən çox insanın həyatına son qoyub. Bu, müharibədə ölənlərin sayından azı beş dəfə çoxdur. Milyonlarla insan isə məişət zorakılığı, banda savaşları, mühakiməsiz zorakılıqlarda fiziki və psixoloji xəsarətlər alır.

Koronavirus pandemiyası bu zorakılıqlara təsir göstərəcək, amma necə? 1918-1919-cu illərin dəhşətli ispan qripi epidemiyası zamanı nə Birləşmiş Ştatlarda, nə də Britaniyada zorakılıqda ciddi artım qeydə alınıb. 1930-cu illərin Böyük Depressiyası zamanı adam öldürmə azalıb. 2007-ci ildə başlanan geriləmə dövründə də eyni mənzərə üzə çıxıb. “Adi məntiq böyük streslərin daha artıq zorakılığa səbəb olduğunu deməyə əsas versə də, ortadakı məlumatlar bunun belə olduğunu göstərmir”, – məqalədə vurğulanır.

Bir çox ölkələrdə komendant saatı və karantin tətbiq olunduğundan, adamlar küçələrə az çıxır. Şimali Amerika və Latın Amerikasında zorakı cinayətlərin sayı azalıb. Amma digər tərəfdən məişət zorakılığında artım var. Kibercinayətkarlıq da yüksəliş yaşayır. Meksika kimi mütəşəkkil cinayətkarlığın yayıldığı ölkələrdə isə adam öldürmə cinayətləri rekord həddə çatıb. Bu da pandemiya yayıldıqca ictimai asayişin daha çox pozulduğunu göstərir.

XS
SM
MD
LG