Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:12

Tofiq Yaqublu həbsdə qaldı


Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən buraxmaqdan imtina edib. Aprelin 20-də bu məhkəmədə hakim Kamran Əkbərov onun haqqındakı həbs qərarından verilmiş şikayəti təmin etməyib.

Vəkilləri Elçin Sadıqov və Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, qapalı keçirilən məhkəmə iclasında T.Yaqublu özü də iştirak edib. O, xuliqanlıq ittihamının əsassız olduğunu deyib. Bildirib ki, həbsinin əsl səbəbi hakimiyyəti tənqid etməsi, Facebook səhifəsində paylaşdığı fikirləridir.

T.Yaqublu vurğulayıb ki, onun həbsinə səbəb kimi göstərilən hadisəni telefonuyla çəkmişdi. Amma polislər telefonunu alıb, qaytarmayıblar.

"Əgər o görüntülər ortaya çıxsa..."

"Məqsəd oradakı görüntüləri yox etməkdir. Əgər o görüntülər ortaya çıxsa, mənim günahsız olmağım, sifarişlə həbs edilməyim sübut olunacaq. Bunu da istəmirlər, ona görə telefonumu ələ keçiriblər", - T.Yaqublu belə deyib.

Vəkillər T.Yaqublunun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcək. Əgər bu vəsatət də təmin olunmasa, onun haqqındakı həbs qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcək.

T.Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, həbs olunandan bu yana atasıyla görüşə bilməyiblər. Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həbs yerlərində saxlanılan şəxslərlə görüş, sovqat qəbulu martın 6-dan qadağan edilib. Atasıyla telefonla danışdıqlarını deyən N.Həzinin sözlərinə görə, özü şikayətlənməsə də, T.Yaqublunun səhhətində problemlər var: "Astma xəstəsi idi, həbsdən sonra bu problem kəskinləşib. Üstəlik, kamerada siqaret çəkən adamlarla birlikdə qalması bir az da vəziyyəti gərginləşdirir. Həbsxanadır, kiməsə demək olmaz ki, "siqaret çəkmə". Qida məhsullarının qəbuluna qadağanı anlayıram, heç olmasa, ona aid zəruri vasitələrin çatdırılmasına da imkan vermirlər. Şüvəlan təcridxanasındakı durumun bərbad olduğunu da hamı bilir".

N.Həzi onu da əlavə edib ki, "Amnesty International" beynəlxalq insan haqları təşkilatı T.Yaqublunun həbsdən buraxılması tələbiylə kampaniyaya başlayıb. Dünyanın müxtəlif yerlərindən Azərbaycan prezidentinə T.Yaqublunu azadlığa buraxmaq tələbiylə məktublar hazırlanıb.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır. İddia olunur ki, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində günahlandırılaraq 3 il həbsdə saxlanıb. O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr haqda deyilənlərin böhtan olduğunu bəyan edib.

XS
SM
MD
LG