Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:04

BMT-dən psixoloji böhran xəbərdarlığı


İllüstrativ foto
İllüstrativ foto

Koronavirus pandemiyası dünyada zehni sağlıq böhranı yarada bilər, çünki bütöv cəmiyyətlər xəstəlik, ölüm, təcrid, iqtisadi əziyyətlərlə bağlı ümidsizlik içindədirlər, BMT bildirir.

Qurumun səhiyyə ekspertləri mayın 14-də deyiblər ki, pandemiyanın ilk aylarında fiziki sağlığı qorumaq prioritetə çevrilsə də, mental sağlıq əhalinin özünə gəlməsinin əsas komponenti olacaq.

“Depressiya və narahatlıq daxil mental sağlıq problemləri dünyamızda yaranmış mənəvi düşkünlüyün ən böyük səbəblərindədir”, – BMT-nin Baş katibi Antonio Guterres xəbərdarlıq edib.

“Mental səhiyyə xidmətləri on illər boyunca gözardı olunub, yetərincə sərmayə görməyib, indi isə COVID-19 pandemiyası ailələrə və icmalara əlavə stress yaşadır”, – o, sözlərinə əlavə edib.

Baş katib deyir ki, hətta pandemiya nəzarətə alınsa belə, kədər, narahatlıq və depressiya insanlara və icmalara təsir göstərməkdə davam edəcək.

İntiharlar arta bilər

BMT-nin bildirməsinə görə, bir çox insanlar özlərinin, yaxınlarının xəstəliyə yoluxacağından, yaxud öləcəyindən qorxur, bunun stresilə yaşayırlar, fiziki məsafə gözləmək də əlavə stress yaradır.

Bundan başqa, on milyonlarla insan iqtisadi çətinliklər içindədir, pandemiya ucbatından ya gəlirini itirib, ya da bu risklə üzləşib. İqtisadi stressin təsiri, insanların ümidini itirməsi “ümidsizlikdən ölüm” hallarına yol aça, intiharlar arta bilər, hesabatda xəbərdarlıq olunur.

Artıq ön cəbhədə çalışan, koronavirus xəstələrini müalicə edən, ölümlərə şahid olan tibb işçilərində pandemiyaya bağlı psixoloji stress özünü göstərir. Bir sıra ölkələrdə tibb işçiləri arasında intihar halları qeydə alınıb.

BMT qadınların evdə qaldıqca daha artıq məişət zorakılığı, pis rəftarla üzləşdiyini bildirir.

Uşaqların inkişafı isə sosial təcrid, təhsil sisteminin pozulması, ailə stresi, gələcəklə bağlı qeyri-müəyyənlikdən dolayı emosional təsirə məruz qala bilər.

Ekspertlər onu da bildirirlər k, virusla bağlı dezinformasiya və şayiələr stresin ümumi mənbələridir, gələcəklə bağlı narahatlıq və qeyri-müəyyənliyi artırır.

Hesabat pandemiyadan qabaq sərmayə qoyulmamasına baxmayaraq, indi mental sağlıq problemlərini həll etməyin yollarını göstərir, bu sahəyə investisiyanı artırmağa çağırır.

BMT bildirir ki, depressiya və narahatlıq pandemiyadan qabaq qlobal iqtisadiyyata ildə 1 trilyon dollara başa gəlirdi. Ümumiyyətlə, depressiyadan dünyada 264 milyon nəfər əziyyət çəkir. Mental sağlıq problemlərinin yarıya qədəri 14 yaşından başlanır. İntihar isə 15-29 yaşlılar arasında ölüm hallarının ikinci əsas səbəbidir.

XS
SM
MD
LG