Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Əhalini koronavirusla birgə yaşamağa çağırırlar


Bolqarıstanda restoranlar açılır
Bolqarıstanda restoranlar açılır

İkinci rübdə ABŞ iqtisadiyyatını kəskin azalma gözləyir, amma 1930-cu illərdəki kimi Böyük Depressiya olmayacaq. Belə bir bəyanatda Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerome Powell mayın 17-də çıxış edib.

Avropada isə iki lider vətəndaşlarına müraciət edib ki, dünya vaksinin hazırlanmasını gözləmədən koronavirusla birlikdə yaşamağa öyrəşməlidir. Artıq neçə həftədir davam edən karantin qaydaları qlobal iqtisadiyyatları çökdürür, milyonlarla insan işsiz qalır.

Powell CBS-yə müsahibəsində deyib ki, koronavirus pandemiyası dünyanın ən böyük iqtisadiyyatını bu rübdə 20-30 faiz azalmayla “asanlıqla” çökdürə bilər.

İlin sonunadək dirçəliş üçün “yaxşı şans” var, amma güclü iqtisadiyyatın bərpası bir müddət çəkə bilər, dünyanın ən güclü bankiri söyləyib.

“İqtisadiyyatın tam dirçəlməsindən ötrü insanlar tam inamlı olmalıdırlar”, – o vurğulayıb.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxmalar üzrə birinci yerdədir, bu say 1,5 milyona yaxınlaşır. Ölü sayı isə 89 min 562 nəfərdir.

Prezident Donald Trump noyabrda yenidən seçilmək istəyir və iqtisadiyyatın yenidən normal tempə qayıtmasına çalışır. Tənqidçiləri isə ölkənin böhrana reaksiyasını pisləyirlər.

ABŞ-da işsizlərin sayı 36 milyonu keçir deyə bir çox ştatlar karantin qadağalarını tədricən qaldırmağa çalışır, maska taxılmasını, sosial məsafəni məcburi edirlər.

Avropa da acılıma gedir

Avropada indiyədək virusdan 161 min 420 nəfər dünyasını dəyişib, iqtisadiyyatlar tədricən acılıma gedir, sərhəd qadağalarını da qaldırırlar.

Son iki ayda ilk dəfə olaraq İspaniyada koronavirusdan gündəlik ölü sayının 100-dən az olduğu açıqlanıb. Ölkədə virus 27 min 500 can alıb. İtaliyada isə virus qurbanlarının sayı 31 min 750 nəfərdən çoxdur və gündəlik ölü sayı 153-ə düşüb.

İtaliya və Britaniya liderləri vətəndaşlarına deyirlər ki, virusla yaşamalı və bu riski qəbul etməli olacaqlar.

“Bu risklə mübarizə aparırıq, amma bunu qəbul etməliyik, yoxsa heç vaxt yenidən başlaya bilmərik”, – İtaliyanın Baş naziri Giuseppe Conte deyib.

Mayın 18-dən İtaliyada mağazalar, restoranlar, barlar və muzeylər açılır.

Britaniyanın Baş naziri Boris Johnson da Conte-nin dediklərini təsdiqləyib:

“Demişdim ki, vaksinin tapılması üçün əlimizdən gələni edərik. Amma gediləsi uzun bir yol var və səmimi deməliyəm ki, vaksin söhbəti reallaşmaya bilər”, – apreldə koronavirusdan müalicə almış Johnson mayın 17-də “Mail On Sunday” qəzetində yazıb.

İndiyədək dünyada koronavirusdan 312 mindən çox insan dünyasını dəyişib, yoluxma sayı 4,6 milyon nəfərdir. Amma real rəqəmlərin daha çox olduğu düşünülür.

XS
SM
MD
LG