Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

DST virusun ‘canlanmasına hazır olmağa’ çağırır


Romada kinoteatr, 15 iyun, 2020-ci il
Romada kinoteatr, 15 iyun, 2020-ci il

Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri deyir ki, ölkələr koronavirusun “canlanmasına hazır olmalıdırlar”. Bu xəbərdarlıq Avropanın yenidən açıldığı, Çində yeni yoluxma dalğasının başladığı bir dönəmdə səsləndirilib.

Dünyada koronavirusa yoluxanların sayı 8 milyona, ölü sayı 436 minə çatıb.

Tedros Adhanom Ghebreyesus deyir ki, 100 minlik yoluxma sayına iki ay ərzində çatılıb. İndi isə bu, gündəlik normaya çevrilib və virus Asiya və Amerikalarda sürətlənməkdədir.

Pekinin bəzi hissələri təcrid olunub

Çin isə testlərin sayını artırıb, iyunun 16-dan paytaxtın bəzi yerlərini təcrid edib. 50 gündən artıq bir müddətdə Pekində yeni yoluxma qeydə alınmamışdı, indi isə ikinci yoluxma dalğası sarıdan əndişələr yaranıb.

İyunun 12-dən bəri topdansatış bazarında 106 yeni yoluxma aşkarlanıb. Bu bazar paytaxtın ərzağının 80 faizini təmin edir.

Yeni koronavirus ötən ilin sonunda Çində peyda olmuşdu.

Yeni Zelandiyada da təxminən bir aylıq fasilədən sonra ilk yeni yoluxmalar qeydə alınıb.

İyunun 15-dən, koronavirusa görə üç aylıq karantin tədbirlərindən sonra Avropanın bir sıra ölkələri sərhədləri yenidən açıb.

Sərhədlərin açılması AB-nin bir çox vətəndaşlarını, Britaniyanı və Avropanın Şengen ərazisinin qalan hissəsini əhatələyir.

Ancaq yenə də hər bir ölkə fərqli qaydalar tətbiq edir. Bu sırada test tələbləri, karantinlər, xüsusi səyahət tövsiyələri, hər bir ölkə və region üçün qadağalar var.

Qitədən kənarda yaşayanlar isə Avropaya getməkdən ötrü hələ gözləməli olacaqlar.

Oktyabrın əvvəlinədək 200 mindən çox ölüm

Birləşmiş Ştatlarda son həftələr 20-dək ştat iqtisadiyyatlarını yenidən açıb və hazırda yeni yoluxmalarda rekordla üzləşiblər.

Ümumilikdə ABŞ-da yoluxma sayı 2,1 milyona yaxınlaşır, ölü sayı 116 mini keçib. Hökumət oktyabrın əvvəlinədək COVID-19-dan 200 mindən çox insanın dünyasını dəyişəcəyini proqnozlaşdırır.

Texas, Arizona və Florida ştatlarında xəstəxanaya yerləşdirilənlərin sayı sürətlə artmaqdadır.

Latın Amerikası pandemiyanın mərkəzində durur, artıq regionda 80 mindən artıq ölüm qeydə alınıb. Braziliya yoluxmalara görə dünyada ikincidir, yoluxma sayı 888 min, ölü sayı 44 mindir.

Yoluxmalarda azacıq səngiməyə baxmayaraq, Meksika və Braziliya da tədricən açılıma gedir.

Hindistan, Pakistan, Misirdə də gündəlik rekord yoluxmalar qeydə alınmaqdadır. Türkiyədə yoluxmalar artdığından hökumət karantin qaydalarının yenidən tətbiq oluna biləcəyini deyib.

Hindistanda günə 10 mindən artıq yeni yoluxma qeydə alınır və ümumi yoluxma sayı 330 minə çatıb. Real rəqəmlərin daha böyük olduğu güman edilir.

XS
SM
MD
LG