Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:31

Navalny ‘Putinin aşpazının’ 1 milyonunu özünə qaytarıb


"Putinin aşpazı" ləqəbli Yevgeny Prigozhin
"Putinin aşpazı" ləqəbli Yevgeny Prigozhin

Peterburqlu oliqarx, “Putinin aşpazı” ləqəbi ilə tanınan milyarder Yevgeny Prigozhin müxalifətçi Aleksei Navalny-nın Antikorrupsiya Fonduna (AKF) 1 milyon rubl ianə veribmiş.

Navalny prezident Vladimir Putinin ən qatı tənqidçisi sayılır.

AzadlıqRadiosunun Rus xidmətinin yazdığına görə müxalifətçi əvvəlcə götür-qoy edib: bu pulu xeyriyyəyə xərcləsin, yoxsa ianə verənin özünə qaytarsın?

Navalny sonunda pulu, onu verənin özünə qaytarmaq qərarına gəlib.

O deyib ki, “uşaq bağçalarına və məktəblərə verilən iylənmiş yeməklərdən qazanılan pulun bizim hesabımızda olması belə ürək bulandırardı”.

Ötən ilin dekabrında Yevgeny Prigozhin Antikorruspya Fonduna qarşı məhkəmə çəkişməsində qalib gəlmişdi.

Bu məhkəmənin qərarına görə AKF, Aleksei Navalny və fondun hüquqşünası Lyubov Sobol 88 milyon rubl (1 milyon 237 min dollar) təzminat ödəməli idilər.

Məhkəmə iddiası Prigozhin-ə məxsus olan Konkord iaşə şirkəti tərəfindən qaldırılmışdı.

AKF-nin videoreportajında bu şirkətin keyfiyyətsiz yeməklərinə görə Moskvanın uşaq bağçaları və məktəblərində qarın yatalağı xəstəliyinin yayılması iddia olunurdu.

Nəhayət bir neçə gün bundan əvvəl bu qədər cərimənin ödənilməsinin qeyri-mümkün olduğunu bildirən Navalny AKF-nin bağladığını elan edib.

Navalny bildirib ki, mübarizəni dayandırmayacaq və yeni hüquqi şəxs yaradacaq.

Təkcə “aşpaz” deyil

Kremlə və şəxsən prezidentə iaşə xidməti göstərdiyinə görə “Putinin aşpazı” ləqəbini qazanmış Prigozhin-ə bağlı şirkətlər 2011-ci ildən Rusiya boyunca təhsil ocaqlarını, tibb və dövlət müəssisələrini yeməklə təchiz edir.

Xəbər verilir ki, 9 il ərzində “Putinin aşpazına” bağlı şirkətlər 209 milyard rubl (3 milyard dollar) dəyərində 5 mindən artıq dövlət kontraktı imzalayıb.

Bundan başqa 2016-cı il ABŞ seçkisinə müdaxilədə ittiham olunan Peterburq “trol fabrikinin” və Vagner özəl hərbi şirkətinin də Prigozhin-ə bağlı olduğuna inanılır.

Vagner şirkətinin muzdlu əsgərləri Ukraynanın şərqində, Suriya və Afrikadakı münaqişələrdə Rusiyanın maraqları uğrunda döyüşürlər.

Yevgeny Prigozhin ABŞ-ın sanksiya siyahısına daxil edilib.

XS
SM
MD
LG