Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Saxlanan cəbhəçilər vəkilləri ilə niyə görüşə bilmirlər


Həbs edilən müxalifət fəallarının bir qismi
Həbs edilən müxalifət fəallarının bir qismi

Orduya dəstək yürüşündən sonra həbs olunan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının ailə üzvləri və vəkillərilə əlaqə yaratmalarına, görüşlərinə imkan verilmədiyi bildirilir.

Qarabağ yürüşünə görə həbs edilən cəbhəçilərdən bir neçəsinin ailəsindən AzadlıqRadiosu-na bildirilib ki, avqustun 4-də onlara tanımadıqları nömrədən zəng gəlib.

“Amma yaxşı olmadığı səs tonundan hiss olunurdu”

“18 gündür Seymur həbs olunub, ondan heç bir xəbərimiz yox idi. İlk dəfə bu gün tanımadığımız nömrədən zəng gəldi, bir qadın idi. Dedi ki, Seymur yanındadır, narahatlığa əsas yoxdur. Vasitəçilik edirdi, bizim sözümüzü ona, onun sözünü bizə çatdırırdı. Dedim ki, “bəlkə yanınızda olan heç Seymur deyil”. Tələb elədim, Seymura dedilər, o da səsini çıxardı. Dedi ki, “yaxşıyam...” Amma yaxşı olmadığı səs tonundan hiss olunurdu”, – Seymur Əhmədzadənin həyat yoldaşı Firuzə Oruc bildirib.

“Bəxtiyar bircə kəlmə “Qoşqar, mənəm...” dedi"

Bəxtiyar İmanov, arxiv foto
Bəxtiyar İmanov, arxiv foto

AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Bəxtiyar İmanov-un yaxınlarına da oxşar zəng gəlib. Qardaşı Qoşqar İmanovun bildirdiyinə görə, zəng edən şəxs Bəxtiyarın yanında olduğunu, onun durumuyla bağlı narahatlığa heç bir əsas olmadığını söyləyib. Q.İmanov qardaşının səsini eşitmək istədiyini deyib:

“Bəxtiyar bircə kəlmə “Qoşqar, mənəm...” dedi, bununla da əlaqə kəsildi”.

"...dedi ki, “oğlunuz buradadır,... amma özü ilə danışmağa icazə yoxdur"

Baba Suleymanlının anası Səbiqə Paşayeva-nın bildirdiyinə görə, onlara zəng edən də qadın olub. Amma ona oğlu ilə danışmaq imkanı yaradılmayıb:

“Ev telefonumuza zəng gəldi. Zəng eləyən adam dedi ki, “oğlunuz buradadır, yaxşı olduğunu bildirir, amma özü ilə danışmağa icazə yoxdur, yanına gələ bilərsiz”. Özünün səsini eşitmədik...” Fuad Qəhrəmanlı da eyni üsulla bir neçə saniyə qardaşıyla danışıb.

“Niyə bu adamlar vəkillərdən gizlədilməlidir?”

Fuad Qəhrəmanlı, 17 mart 2019
Fuad Qəhrəmanlı, 17 mart 2019

AXCP mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib ki, Fuad Qəhrəmanlı, Ramid Nağıyev və digər bir neçə fəalın vəkillərinin əllərində order olsa da, hələ müvəkkilləri ilə görüşə bilməyiblər:

“Həm vəkillərin görüşünə imkan verilməməsi, həm də ailə üzvlərilə telefon danışığı hüquqlarının məhdudlaşdırılması onların təzyiq altında saxlandığını deməyə əsas verir. Əgər heç bir problem yoxdursa, niyə bu adamlar vəkillərdən gizlədilməlidir? Həbs yerlərində saxlanılan şəxsin həftədə iki dəfə 15 dəqiqə olmaqla ailə üzvlərilə danışmaq hüququ var. Görünür, bu adamların başlarına gətirilənləri çatdırmasından ehtiyatlanırlar”.

Orduya dəstək yürüşünə görə həbs olunan cəbhəçilərin əksəriyyətinin, o cümlədən F. Qəhrəmanlının işgəncələrə məruz qalması haqda da məlumatlar yayılıb.

Baş prokurorluq
Baş prokurorluq

Lakin Baş Prokurorluq işgəncə iddialarını təkzib edib. Prokurorluğun yaydığı rəsmi açıqlamada işgəncə barədə iddiaların uydurma olduğu vurğulanıb:

“Təqsirləndirilən şəxslərin iştirakıyla keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olub. İstintaq hərəkətləri müdafiəçinin iştirakıyla həyata keçirilməklə, təqsirləndirilən şəxslərin hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub”.

“Bütün bunlar... şübhələri daha da möhkəmləndirir”

AXCP-dən isə bildirilib ki, Baş Prokurorluq həbs olunan cəbhəçilərə dövlət hesabına təyin edilən vəkillərin iştirakını nəzərdə tutur:

“Öz vəkilləri olduğu halda, niyə onları buraxmırlar, amma dövlət hesabına vəkilləri çağırıb, dindirmə protokollarına imza atdırırlar, həbs üçün məhkəmə qarşısına onların iştirakıyla çıxarılırlar? Dövlət hesabına istintaq prosesinə cəlb edilən vəkillərin çoxunun necə işlədiyini hamı bilir. Bütün bunlar həbsdəki cəbhəçilərin işgəncəyə məruz qalması haqda şübhələri daha da möhkəmləndirir”.

Həbs edilən AXCP fəallarının bir qisminin Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında, bəzilərinin də Penitensiar Xidmətin Binə qəsəbəsindəki 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində saxlandığı bildirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov həbsdəki cəbhəçilərin ailə üzvlərilə telefon əlaqəsi və vəkillərilə görüş hüququnun məhdudlaşdırılması barədə şikayətlərlə bağlı AzadlıqRadiosu-nun sualına belə cavab verib:

“İstər istintaq təcridxanasında, istərsə də cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin telefon danışığı, istərsə də vəkillərlə görüşü qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Orada hər hansı digər məsələ ola bilməz”.

Xatırlatma

Orduya dəstək aksiyası, Bakı, 14 iyul 2020
Orduya dəstək aksiyası, Bakı, 14 iyul 2020

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG