Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:43

Əfv siyahısına kimlər salınır


Əfv sərəncamının icrası. Foto arxiv
Əfv sərəncamının icrası. Foto arxiv

Bayram günlərini bir başqa həyəcan və nigaranlıqla gözləyən təbəqə var – məhkumlar və onların yaxınları. Çünki Azərbaycanda prezident əfv sərəncamlarını, adətən, bayram ərəfəsində imzalayır. Amma istisna hallar da olur. Məsələn, bu ilin aprelində dövlət başçısı pandemiya ilə əlaqədar 65 yaşdan yuxarı məhkumların əfv olunmasına qərar verdi. Keçmiş MTN generalı Akif Çovdarovun cəzasının heç yarısını çəkmədən azadlığa buraxılmasına görə bu sərəncam müzakirələrə səbəb oldu. Bundan öncə də bənzər ictimai narazılıqlar olmuşdu.

Bu günlərdə deputatlar parlamentin İnsan haqları komitəsində əfvetmə prosesindəki problemlər, ayrıseçkilik barədə danışıblar. Elman Nəsirov iddia edib ki, Əfv Komissiyanın üzvü olan deputatın sürücüsü kimlərinsə adlarını əfv siyahısına saldırırdı. Amma o, söhbətin konkret kimdən getdiyini açıqlamayıb: "Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib".

Komitə sədri Zahid Oruc bu məsələnin araşdırılmasının vacibliyini vurğulayıb: "Bilmirəm, bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox".

Deputat Naqif Həmzəyev də əfv məsələləri ilə bağlı müəyyən problemlər olduğunu deyir: "Təhlillər göstərir ki, cinayət törədən şəxslərə bəzən ağırlaşdırılmış cəzalar verilib, bəzi şəxslərin isə adlarının əfv siyahısına düşməsinin qarşısı qərəzlı şəkildə alınıb. Bu məsələ ilə bağlı dinləmələr keçirməyi təklif edirəm".

Ə.Nuriyev
Ə.Nuriyev

"Tarazlıq tapılırsa, o halda müsbət qərar verilir"

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə əfv siyahısı hazırlanarkən kimlərinsə adlarının sifarişlə ora daxil edilməsi, yaxud müəyyən şəxslərin qərəzli şəkildə kənarda saxlanması haqda deyilənlərlə razılaşmır. Fikrini də belə əsaslandırır ki, komissiyada kiminsə təkbaşına iş görməsi mümkün deyil, çünki qərarlar kollegial şəkildə verilir: "Kimsə nəyisə eləmək istəyirsə, nəyisə deyirsə, o demək deyil ki, mütləq ona qərar veriləcək. İclaslarla hər bir komissiya üzvü ona daxil olan müraciətləri səsləndirir, fikrini deyir, digər üzvlərlə müzakirə aparılır. Əfv üçün uyğun hesab olunursa, siyahıya daxil edilir, razılıq olmursa, daxil edilmir. Qərarlar kollegial qəbul edilir – yarıdan çox səs çoxluğuyla. Ömürlük azadlıqdan məhrum edilmiş şəxsin əfv olunması məsələsində isə prosedura görə, üzvlərin üçdə ikisi səs verməlidir".

Komissiya üzvü vurğulayıb ki, əgər deputatlarda neqativ hallarla bağlı konkret fakt varsa, ortaya qoyulmalı, araşdırma aparılmalıdır. Əks halda, belə söz-söhbətlər böyük bir humanist işə kölgə salır.

Ə.Nuriyev yada salıb ki, Əfv haqqında Əsasnamədə konkret kriteriyalar var və müzakirələr zamanı onlar mütləq nəzərə alınır: "Cinayətinin ağırlığı, ictimai təhlükəliliyi, şəxsin ailə vəziyyəti, sağlamlığı, dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş tərəflə barışıq olması, dövlətin maraqları, ictimai maraqlar nəzərə alınır. Yəni, dövlətin, cəmiyyətin maraqları və şəxsin özünün durumu nəzərə alınıb tarazlıq tapılırsa, o halda müsbət qərar verilir".

V.Əliyev
V.Əliyev

"Onsuz da gəncliyi Qobustanda çürüdü"

Vaxtilə kənd təsərrüfatı nazirinin müavini və Şəmkir rayonunun icra başçısı olmuş Aslan Aslanovun oğlunu öldürməyə görə ömürlük həbs cəzası almış Vüqar Əliyevin anası Məlahət İbrahimova deyir ki, oğlunun əfv olunması üçün 10 dəfədən çox ərizə yazıblar. Amma müsbət cavab almayıblar.

V.Əliyevin 39 yaşı var, artıq 18-ci ildir ki, həbsdədir.

"O vaxt Aslan Aslanov oğluma ömürlük verdirdi. Nə qədər müraciət edirik, xeyri yoxdur. Bütün Şəmkir Aslan Aslanovun da, oğlunun da nə elədiklərini yaxşı bilir. Vüqarın bütün həyatı məhv oldu. Onsuz da gəncliyi Qobustanda (həbsxana-red.) çürüdü. Yenə də ümidlə yaşayırıq ki, bəlkə bir gün əfvə salarlar. Elə adamlar əfvə düşür ki...", – M.İbrahimova belə deyir.

"Bu kriteriyalar həmişə mütləq tələb kimi qoyulmur"

Hüquq müdafiəçisi Rəsul Cəfərov da əfv prosesi ilə bağlı şikayətlər aldıqlarını deyir. Onun sözlərinə görə, bir müddət əvvəl bu qəbildən şikayətlər daha çox idi.

Əfv haqqında Əsasnaməyə görə, şəxs cəzanın yarısını çəkəndən sonra onun əfv üçün müraciət etmək hüququ yaranır.

Bundan əlavə, şəxsin cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etməsi, zərərçəkmiş tərəf varsa, barışıq olub-olmaması da vacib məsələlərdir.

R.Cəfərov
R.Cəfərov

R.Cəfərov bildirib ki, Əsasnamədə kriteriyalar olsa da, bəzən bunlar nəzərə alınmadan da şəxsin əfv edilməsi halları təcrübədə olur: "Praktikada müşahidə etmişik ki, bu kriteriyalar həmişə mütləq tələb kimi qoyulmur. Hesab edirəm ki, haqlı olaraq qoyulmur. Məsələn, şəxsin barəsində qüvvəyə minmiş hökm olanda o, təqsirli sayılır. Praktikada olub ki, heç apellyasiya məhkəməsinin qərarı olmayıb, hökm qüvvəyə minməyib, amma şəxs əfv olunub. Konstitusiya prezidentə əfvlə bağlı müstəsna səlahiyyət verir. Əsasnamədən kənara çıxmaq olar və olub. Xüsusən siyasi motivli işlərdə...".

R.Cəfərovun sözlərinə görə, əfv şikayətlərindən biri də yol qəzalarıyla bağlıdır. Müzakirələrdə şəxsin qəza zamanı dayanıb yardım göstərib-göstərməməsi mütləq nəzərə alınır. R.Cəfərov isə hesab edir ki, şəxsin həmin vaxt psixoloji durumu və s. amilləri bir kənara qoymaq da doğru deyil: "Başqasını ehtiyatsızlıqdam, qəfildən vuran şəxs özü də qorxu, həyəcan keçirib gedə bilər. Yardım göstərmə imkanı olmaya bilər...".

"Yaşı 65-dən yuxarı olan şəxslər vardı ki..."

Hüquq müdafiəçisi son əfv fərmanıyla bağlı narazılıqları da yada salıb. R.Cəfərovun sözlərinə görə, sərəncamın 65 yaşdan yuxarı bütün məhkumlara şamil edildiyi, A.Çovdarovun da bu səbəbdən azadlığa buraxıldığı iddia olunsa da, araşdırmalar göstərib ki, belə deyil: "Məsələn, siyasi motivli işlərdən İslam Partiyasının sədr müavininin yaşı 65-i keçmişdi, amma ona şamil olunmadı. Qeyri-siyasi işlərə görə məhkum edilmiş, yaşı 65-dən yuxarı olan şəxslər vardı ki, onlar da bu sərəncamdan kənarda qalmışdı. Bu cür hadisələr də söz-söhbətlər, narazılıqlar yaradır".

Prezident İlham Əliyevin sentyabrın 8-də imzaladığı sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.

Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib. İndiyədək komissiyanın sədri Administrasiyanın keçmiş rəhbəri Ramiz Mehdiyev idi.

Bundan başqa, komissiyanın üzvlərindən Ramil Usubovun adı daxili işlər naziri postunda onu əvəzləmiş Vilayət Eyvazov, Mədət Quliyevin adı isə Dövlət Təhlükəsizliyi Xidmətinin hazırkı rəisi Əli Nağıyevlə əvəzlənib.

XS
SM
MD
LG