Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:17

Ermənistanla Azərbaycan ‘Kremlin xeyrinə’ döyüşür – Qərb mediası


Münaqişə bölgəsi
Münaqişə bölgəsi

Bir çox balanslı təhlilçilər iğtişaşlarda bir vacib faktoru vurğulayırlar. Onların fikrincə, həm Rusiya, həm də qonşularında sabitsizliyə koronavirus pandemiyası səbəb olub, siyasi qurumlara, regionun o tayındakı liderlərə inamı sarsıdıb

Qərbin bir sıra aparıcı media orqanları Dağlıq Qarabağ regionunda sentyabrın 27-dən gedən döyüşləri işıqlandırmaqdadır. Özəlliklə, münaqişədə Türkiyənin rolu, Rusiyanın indiyədək gözləmə mövqeyi tutmasını təhlilçilər fərqli yozurlar.

“Qara bağın qara gülləri”. Avropa Siyasi Təhlil Mərkəzinin (CEPA) portalında dərc olunmuş məqalə belə adlanır. Yazıda deyilir ki, Dağlıq Qarabağ ətrafındakı böhranı yalnız xarici təzyiq yoluna qoya bilər, nə Ermənistan, nə də Azərbaycan tam qələbə qazana bilməz. Münaqişənin uzunmüddətli həlli diplomatik çözümdən, sərhədlərin açılmasından, rifah və xalqlar arasında təmaslara imkan verməkdən keçir.

“Rusiya bu müharibədə uduzmayacaq. Hər iki tərəfi dəstəkləyir, Azərbaycana silah satır, Ermənistanda hərbi bazası var. Müharibəni hansı ölkə uduzsa, Kremlin qorumasına ehtiyac duyacaq. Qələbə çalan ona minnətdar olacaq. Hər iki ölkə Rusiyayla münasibətlərindən narazıdır. Ancaq heç birinin alternativi yoxdur. Ermənistan quruyla əhatələnib, Türkiyə tərəfindən təhdid olunur. Azərbaycan bilir ki, Rusiyaya bel bağlaya bilməz”, – müəllif Edvard Lukas vurğulayır.

O qeyd edir ki, Azərbaycan atəşkəs əldə olunanadək müəyyən qədər ərazi ələ keçirsə, minnətdarlıq hissi keçirəcək. “Rusiya Ermənistanı dəstəkləyə bilərdi, amma eləmədi. Döyüşdə pat vəziyyəti yaransa, yaxud məğlubiyyət olsa, Azərbaycan belə bir dərs çıxaracaq ki, Türkiyə etibarsızdır, ən yaxşısı, Rusiyaya bel bağlamaqdır”, – müəllif yazır. Onun fikrincə, hazırda başı həm də Suriya və Liviyaya qarışmış Türkiyə Prezidenti Recep Tayyip Erdogan Rusiyayla yeni qarşıdurma istəmir: “O, Azərbaycanın məğlub olmasına imkan verməyəcək, amma müttəfiqini ortabab qələbəyə razı salacaq”.

Putin “mühasirədə”

“The New York Times” qəzeti “Uzun zaman sabitsizlik yaradan Putin indi onun əhatəsindədir” başlıqlı məqalə dərc edib. Məqalədə qeyd olunur ki, koronavirus pandemiyası dövründə Belarus və Qırğızıstanda iğtişaşlar və Qafqaz regionunda müharibə Rusiya liderinin nüfuzuna zərbə vurur. Elə Rusiyanın aparıcı deputatlarından Konstantin Zatulin də düşünür ki, bu münaqişələrin heç biri “Moskva üçün yaxşı bir şey deyil”.

Axı, Prezident Vladimir Putin uzun illər Rusiyanın qlobal güc imici üzərində işləyib, Latın Amerikasından tutmuş Yaxın Şərqədək qaynar nöqtələrə əl qoyub, hətta Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilədən belə çəkinməyib. “Uzun illər Qərbdə sabitsizlik yaratmağa çalışıb, birdən özünü sabitsizliyin mühasirəsində görüb; vaxtilə xarici məsələlərdə əminliklə davranan o, sanki indi mövqeyini itirmiş kimi görünür”, – məqalədə deyilir.

Bir çox balanslı təhlilçilər iğtişaşlarda bir vacib faktoru vurğulayırlar. Onların fikrincə, həm Rusiya, həm də qonşularında sabitsizliyə koronavirus pandemiyası səbəb olub, siyasi qurumlara, regionun o tayındakı liderlərə inamı sarsıdıb.

Bakıda yerləşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin fikrincə, “indiki durumda Türkiyə həqiqətən də Rusiyanın birtərəfli müdaxiləsinə balans hesab oluna bilər”. O, Rusiyanın “rolunun azalmaqda olduğunu” vurğulayır.

Amma məsələn, Qırğızıstanda bəziləri düşünür ki, ölkədə iğtişaşlar məramına çatarsa, yeni rəhbərlik Moskva ilə əlaqələri saxlamağa çalışacaq. Yaxud Ermənistan parlamentinin xarici məsələlər komitəsinin rəhbəri Ruben Rubinyan deyir ki, “bir heç vaxt qərbpərəst, yaxud şərqpərəst olmamışıq”. “Rusiya Ermənistanın müttəfiqi, çox vacib müttəfiqidir”, – o vurğulayıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 20-dən çox kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İ.Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalanana qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib (Oktyabrın 4-də Azərbaycan prezidenti onlardan birinin, Cəbrayıl rayonun mərkəzinin azad edildiyini bəyan etdi). Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG