Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:36

'Azərbaycanda azadlıqlar necə qorunur' sualına fərqli cavablar...


Söz azadlığı, ilistuasiya
Söz azadlığı, ilistuasiya

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində siyasi islahtlarla bağlı suala cavab olaraq bildirib ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir.

“Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır", deyə o vurğulayıb.

“Azərbaycan hələ də siyasi məhbus problemini həll etməyib”

Anar Məmmədli, arxiv foto
Anar Məmmədli, arxiv foto

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə AzadliqRadiosuna bu məsələ ilə bağlı deyib ki, Azərbaycan Avropa Şurası ölkələri arasında siyasi azadlıqların, xüsusilə söz, mətbuat, sərbəst toplaşmaq, birləşmək azadlıqlarının durumuna görə ən acınacaqlı ölkələr arasındadır.

Anar Məmmədli əlavə edib ki, 2014-cü ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbusların sayı və vəziyyətinə dair qətnamə yaymışdı:

“Bu sənəd göstərirdi ki, Azərbaycan Rusiyadan sonra siyasi azadlıqların vəziyyətinə dair ən acınacaqlı ölkələrdən biridir. Avropa Şurasının üzvü kimi Azərbaycan hələ də siyasi məhbus problemini həll etməyib, ifadə azadlığına ciddi məhdudiyyətlər var. Bunlar və xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun sonuncu parlament seçkilərinin (2020-ci il fevralın 9-u keçirilib) təşkili ilə bağlı tənqidi rəyləri aradan qalxmayınca Azərbaycanı inkişaf edən ölkələr sırasında qeyd edə bilmərik”

“Ciddi islahatlara ehtiyac var”

A.Məmmədlinin vurğulamasına görə, hələ də bu sahədə problemlər yaşanır:

“ Hələ də Avropa Şurasının, ATƏT-nin müvafiq tövsiyyələri və təklifləri icra olunmayıb, ona görə də ciddi islahatlara ehtiyac var”

“Bu sahədə hər şey yüksək səviyyədədir”

Məlahət Həsənova, arxiv foto
Məlahət Həsənova, arxiv foto

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edənlərdən Məlahət Həsənova isə Anar Məmmədlinin söylədiklərini bölüşmür və bildirir ki, ölkədə bu sahədə hər şey yüksək səviyyədədir:

“Müharibə şəraiti olduğundan ( Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-dən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlər başlanıb-red) internetə məhdudiyyətin qoyulması təbiidir və ölkə başçısı da bunun müvəqqəti olduğunu xatırladıb. İkinci, bəli, insan haqlarıyla bağlı hər hansı məmurun fəaliyyəti səbəbindən müəyyən problemlər ola bilər. Amma nəzərə alınmalıdır ki, insan haqları və demokratik dəyərlər sonsuza qədərdir, 30-40 il əvvəl azlıqlarla bağlı gündəmdə nəsə vardımı, yox idi”

Onun fikrincə, zaman keçdikcə, ictimai münasibətlər dəyişdikcə, insan hüquqları, söz azadlığı, demokratiyayla bağlı dəyərlərin sərhədləri genişlənir, yeni baxışlar ortaya qoyulur:

“ Yəni cəmiyyət inkişaf edir, həyat yerində dayanmır”.

“Ölkə başçısının söylədikləri doğrudur”

Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev

Məlahət Həsənova “doğrudanmı belədir” sualına “şübhəsiz elədir” deyərək əlavə edib ki, ölkə başçısının söylədikləri doğrudur:

“Prezident haqlıdır və dəfələrlə də qanunu pozanlara qarşı münasibətini ortaya qoyub. Baxın, son illərdə qanunları pozan icra hakimiyyətləri başçılarına münasibəti, nə qədər başçı həbs edilib, onlarla birlikdə hakim partiya üzvləri də var. Ona görə Azərbaycanda hamıya bərabər yanaşılmasına şübhəniz olmasın”.

XS
SM
MD
LG