Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Paşinyan Rusiya sərhədçilərindən danışıb


Ermənistanın Türkiyə ilə sərhədində rusiyalı sərhədçi
Ermənistanın Türkiyə ilə sərhədində rusiyalı sərhədçi

AzadAvropa/AzadlıqRadiosunun Ermənistan xidməti yazır ki, Paşinyan bu haqda İspaniyanın EFE agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə rusiyalı sərhədçilərin yerləşdirildiyini təsdiqləyib.

AzadAvropa/AzadlıqRadiosunun Ermənistan xidməti yazır ki, Paşinyan bu haqda İspaniyanın EFE agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində danışıb. Jurnalist ondan sosial mediada sərhədçilərin sərhəddəki görüntüləri haqda soruşub.

Həmin hissə indi yayılır

“Burda yeni bir şey yoxdur. Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədində keşik çəkirdilər… İndi son hadisələrlə əlaqədar onlar Ermənistanın cənub-şərq və cənub-qərb sərhədinə də yerləşdiriliblər. Birbaşa müdafiə ilə yanaşı bu, Azərbaycanın Naxçıvanla dəhliz açmaq niyyəti olarsa, qabaqlayıcı məqsəd da daşıyır,” – Paşinyan bildirib.

Rusiyanın “Ria Novosti” agentliyi Paşinyanın mətbuat xidmətindən bu müsahibənin oktyabrın 20-də götürüldüyünü öyrənib.

Ancaq sözügedən fraqment müsahibədə yer almamışdı. Jurnalist Qonsales onu Twitter-də indi paylaşır.

Ermənistan cənub-qərbdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, cənub-şərqdə isə Azərbaycanın rayonları ilə həmsərhəddir. Hazırda bu rayonların bir hissəsi Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətindədir.

“RİA Novosti” yazır ki, Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu Moskva və Yerevan arasında ikitərəfli sazişlə tənzimlənir. Yerevan Rusiya sərhədçilərini və hərbi bazasını özünün milli təhlükəsizliyi üçün vacib sayır. Ümumilikdə Ermənistanda 4 min 500 rusiyalı sərhədçinin olduğu bildirilir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG