Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:45

Rusiya Navalnının zəhərlənməsində Qərbi suçlayır


Aleksey Navalnı
Aleksey Navalnı

Narışkin deyib ki, Navalnının zəhərlənməsində Qərb ölkələrinin iştirakına əlində birbaşa dəlil yoxdur

Rusiya rəsmilərinin bir-birinə zidd açıqlamalarından belə çıxır ki, müxalifət lideri Aleksey Navalnının avqustda zəhərlənməsi arxasında Qərb ölkələri dayanır, yaxud da heç zəhərlənməyib.

“RIA Novosti” xəbər agentliyi noyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkinlə müsahibə dərc edib. Onun iddiasına görə, Qərbin kəşfiyyat agentlikləri Rusiyada müxalifət liderinə qəsd etməklə bu ölkədə “səngimiş etiraz hərəkatını dirçəltmək” istəyiblər.

Xroniki mədəaltı vəzi iltihabı

Navalnı avqustun 20-də Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən təyyarədə özünü qəfildən pis hiss edib. Onu Omskda xəstəxanaya yerləşdiriblər, sonradan Berlinə aparılmasına icazə verilib.

Sentyabrın 22-də Berlindəki “Charite” xəstəxanasından buraxılan Navalnı hazırda Berlindədir.

Narışkin deyib ki, Navalnının zəhərlənməsində Qərb ölkələrinin iştirakına əlində birbaşa dəlil yoxdur. Ancaq iddiasına görə, Rusiyada müxalifət fiquruna mümkün qəsd Qərb ölkələri tərəfindən müzakirə olunub və Navalnı belə bir planın qurbanı ola bilərdi.

Daxili İşlər Nazirliyinin (DİN) Sibir şöbəsinin noyabrın 6-da bildirməsinə görə, Navalnının qəfil xəstələnməsinə “xroniki mədəaltı vəzi iltihabının kəskinləşməsi” səbəb ola bilərdi. Nazirlik bəyan edib ki, Navalnının geyimində, Tomskda oteldə istifadə etdiyi əşyalarda zəhər izi tapılmayıb. Bəyanatda Navalnının həmkarları dindirilməyə getməkdən imtinada ittiham olunurlar. Tomskdan Moskvaya uçanda üç həmkarı onunla olub.

Ötən ay Avropa Birliyi və Britaniya Rusiyanın altı aparıcı məmuruna səyahət qadağası tətbiq edib, aktivlərini dondurub. Həmin məmurların Navalnıya “su-qəsd cəhdinə” görə məsuliyyət daşıdığı güman edilir.

Zəhərlənməni laboratoriyalar təsdiqləyib

Almaniya, Fransa və İsveçin xüsusi laboratoriyaları Navalnının Noviçok qrupundan maddəylə zəhərləndiyini bildirib. Kimyəvi Silahların Qadağanı Təşkilatı oktyabrın əvvəlində bu qənaəti təsdiqləyib.

Navalnı isə nazirliyin 6 noyabr bəyanatını təkzib edib, Twitter-də yazıb ki, o, avqustun 20-də təyyarəyə minməmişdən “özünü tam sağlam” hiss edib, heç vaxt hər hansı tibbi problemdən əziyyət çəkməyib.

DİN noyabrın 6-da daha iki bəyanat yayaraq Almaniya rəsmilərini Navalnının Noviçokla zəhərlənməsinə dair hər hansı maddi sübut təqdim etmədiklərini bildirib.

Navalnı daha öncə Prezident Vladimir Putini zəhərlənməyə görə günahlandırıb, Kreml isə insidentdə əli olmadığını deyib.

XS
SM
MD
LG