Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:08

Erdoğan sanksiyalardan danışdı


S-400 Ankaraya çatdırılır, 12 iyul, 2019-cu il
S-400 Ankaraya çatdırılır, 12 iyul, 2019-cu il

“Reuters” ABŞ-ın təzyiqinin artmasının riskli tərəflərinin də olduğunu yazır. Vaşinqton Erdoğanın Rusiya Prezidenti Vladimir Putinə çox yaxınlaşmasını da istəmir. Sonuncunun məqsədi NATO alyansını zəiflətmək və parçalamaqdır

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan dekabrın 11-də İstanbuldan videoəlaqə ilə hakim Ədalət və İnkişaf Partiyasının üzvlərinə müraciət edib.

“Birləşmiş Ştatlar və Avropa hökumətlərinin anti-Türkiyə lobbilərinin təsirindən çıxacağına, obyektiv və davamlı siyasət yürüdəcəyinə ümid edirik”, – deyən Erdoğan siyasi məqsədlərlə qoyulan sanksiyaların tərəflərin hamısına ziyan verdiyini, hər hansı fayda gətirmədiyini söyləyib.

“İnanırıq ki, dialoq və əməkdaşlıq yoluyla həlli mümkün olmayan problemimiz yoxdur. Qapılarımız eyni qaydada investorların üzünə açıqdır və belə də qalacaq”, – Erdoğan vurğulayıb.

***

Birləşmiş Ştatlardan Türkiyəyə sanksiyalar gəlir

Birləşmiş Ştatlar Türkiyəyə Rusiyadan S-400 raket sistemləri aldığına görə sanksiyalar tətbiq edəcək. “Reuters” agentliyi bunu üçü ABŞ rəsmiləri olmaqla beş mənbəyə istinadla yazır və bu addımın iki NATO müttəfiqinin onsuz da problemli münasibətlərini pisləşdirəcəyini vurğulayır.

Çoxdan gözlənən sanksiyalar cümə günü açıqlanacaq, mənbələr belə deyiblər. Bu addımın Ankaranı qəzəbləndirəcəyi, yeni prezident seçilmiş Co Bayden administrasiyası ilə münasibətləri ağırlaşdıracağı gözlənir.

Lirə 1.4 faizədək ucuzlaşıb

Mənbələrin deməsinə görə, Türkiyənin Müdafiə Sənayesi Prezidentliyi və onun başçısı İsmayıl Demirə sanksiya tətbiq olunacaq. Bu, bəzi təhlilçilərin proqnozlaşdırdığı daha kəskin ssenarilərdən məhdud görünür.

Anonimlik şərtilə danışan ABŞ rəsmisi deyib ki, Prezident Donald Tramp köməkçilərinə sanksiyaların tətbiqinə razılıq verib.

Bu xəbərdən sonra türk lirəsi 1.4 faizədək ucuzlaşıb. Sanksiyaların onsuz da koronavirusdan, ikirəqəmli inflyasiyadan və xarici ehtiyatların azalmasından əziyyət çəkən Türkiyə iqtisadiyyatına zərbə vuracağı gözlənir.

Türkiyənin aparıcı rəsmilərindən biri isə agentliyə deyib ki, sanksiyalara qarşı tədbir görülə, iki NATO üzvünün əlaqələrinə ziyan dəyə bilər.

“Türkiyə problemlərin diplomatiya və danışıqlar yoluyla həllinə tərəfdardır. Birtərəfli cəzaları qəbul etməyəcəyik”, – o bildirib.

Trampla dostluq bəs eləmədi

“Reuters” yazır ki, bu qərar ABŞ-ın Rusiyadan hərbi avadanlıq almağı nəzərdən keçirən tərəfdaşlarına mesaj vermiş olacaq. Onlara dəfələrlə ABŞ sanksiyaları ilə bağlı xəbərdarlıq olunub.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ümid edirdi ki, ABŞ təhdidləri boşunadır. O həm də Trampla dostluğunun belə bir addımı önləyəcəyinə ümid edirdi.

Tramp uzun müddət Türkiyəyə sanksiyalara qarşı çıxıb. Administrasiyasındakı rəsmilər hələ 2019-cu ilin iyulunda Ankaraya sanksiya qoymağı təklif ediblər. Bunu məsələdən agah mənbələr “Reuters”ə deyib. O zaman Türkiyə hökuməti artıq S-400-ləri almağa başlamışdı.

ABŞ-ın illik 740 milyard dollarlıq müdafiə büdcəsinin yekun versiyasında sanksiyaların 30 gün ərzində tətbiqi nəzərdə tutulub.

Türkiyəyə təzyiqin riskləri

“Reuters” ABŞ-ın təzyiqinin artmasının riskli tərəflərinin də olduğunu yazır. Vaşinqton Erdoğanın Rusiya Prezidenti Vladimir Putinə çox yaxınlaşmasını da istəmir. Sonuncunun məqsədi NATO alyansını zəiflətmək və parçalamaqdır.

Türkiyə S-400-ləri oktyabrda sınaqdan keçirib. Ankara onların NATO sistemlərinə inteqrasiya olunmayacağını, təhdid yaratmadığını bildirir.

Birləşmiş Ştatlar isə hesab edir ki S-400 NATO-ya təhdid yaradır və ötən il Türkiyəni F-35 qırıcı təyyarə proqramından kənarlaşdırdı.

“Lockheed Martin” şirkətinin hazırladığı F-35 ABŞ arsenalında ən müasir təyyarə sayılır, NATO üzvləri və ABŞ-ın digər müttəfiqlərinin istifadəsindədir.

ABŞ Dövlət Departamenti planları dəyişə, Türkiyəyə planlaşdırılan sanksiyaların miqyasını genişləndirə, yaxud məhdudlaşdıra bilər. Amma mənbələrin bildirməsinə görə, onların indiki formada elan olunacağı dəqiqdir.

XS
SM
MD
LG