Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:34

AstraZeneca Rusiya vaksini ilə qarışığı yoxlayacaq


Arxiv fotosu
Arxiv fotosu

Bu ay Birləşmiş Ştatlarda 20 milyon nəfərin peyvənd olunacağı bildirilir

AstraZeneca şirkəti özünün COVID-19-a qarşı eksperimental vaksininin Rusiyanın Sputnik V vaksini ilə qarışığını sınaqdan keçirəcək. Bu haqda Rusiyanın suveren sərvət fondu dekabrın 11-də xəbər yayıb. Sınaqların ilsonunadək başlanacağı gözlənir.

Şirkət cümə günü bəyanatında bildirib ki, fərqli vaksinlərin kombinasiyasını dəyərləndirmək istəyir və tezliklə Sputnik V-ni hazırlamış Rusiyanın Gamaleya İnstitutu ilə birlikdə tədqiqata başlayacaq.

“Reuters” yazır ki, Britaniyanın ən dəyərli şirkətlərindən biri ilə Rusiyanın dövlət elmi- tədqiqat institutu arasında əməkdaşlıq pandemiyaya qarşı effektiv vaksin hazırlamaq yarışının necə qızışdığını göstərir.

Moskvada bu addım Qərb şirkətinin Sputnik V-yə etimadı kimi dəyərləndirilə bilər.

Rusiya istehsalçıları vaksinin 90 faizdən çox effektli olduğunu bildirib. AstraZeneca-nın dərmanı daha zəif göstərici – 70.4% effektlilik ortaya qoyub.

***

Vaksin ABŞ-da da təsdiqlənməyə yaxındır

ABŞ hökumətinin koronavirusa qarşı Pfizer-BioNTech şirkətlərinin hazırladığı vaksini təsdiqləməsinə az qalır. Dekabrın 10-da məşvərətçi qurum vaksinin təcili təsdiqinə yaşıl işəq yandırıb. Ərzaq və Dərman Administrasiyasının vaksini təsdiqləyəcəyi gözlənir.

Bu ay Birləşmiş Ştatlarda 20 milyon nəfərin peyvənd olunacağı bildirilir. İlk növbədə qayğı mərkəzlərinin sakinlərinə və tibb işçilərinə peyvənd vurulacaq. Vaksinin yazda daha geniş təbəqə üçün əlçatan olacağı xəbər verilir.

Artıq Britaniyada peyvəndin vurulmasına başlanıb. Pfizer-BioNTech vaksininin sınaqlarda 95 faiz effektiv olduğu üzə çıxıb.

Kanada, Meksika, İsrail

Həftənin əvvəlində Kanadanın ən çox əhalisi olan Ontario vilayətində, Toronto və Ottavada xəstəxanalarda vaksinin tətbiqi başlanıb. Ölkədə vaksin dekabrın 9-da təsdiqlənib.

Dekabrın 11-də Meksikanın müvafiq qurumu Pfizer-BioNtech vaksinini nəzərdən keçirəndən sonra vaksinasiya kampaniyası başlamalıdır.

Vaksin Bəhreyn və Səudiyyə Ərəbistanında da təsdiqlənib. İsrail dekabrın 9-da vaksinin ilk partiyasını qəbul edib, ayın 27-dən peyvəndin vurulması başlanır.

Avropa Dərman Agentliyi dekabrın 29-da Pfizer-BioNTech, yanvarın 12-də Moderna şirkətinin vaksin adına namizədilə bağlı qərarını açıqlamalıdır.

ABŞ-da Moderna-nın vaksini ilə bağı qərar bu ayın sonuna gözlənir. Həmin vaksin də Pfizer və BioNtech şirkətlərini hazırladığı dərman qədər effektli olub.

Johnson & Johnson və AstraZeneca-nın hazırladığı vaksin namizədlərinin sınaqları davam edir.

Rusiya və Çində artıq vaksinasiya gedir, bu ölkələr öz hazırladıqları vaksinləri tətbiq edirlər. Qərb ölkələri isə həmin vaksinlərin təhlükəsizliyindən tam əmin olmadıqlarını bildiriblər.

Azərbaycanda Koronovirusa qarşı dərmanların çətin tapıldığı bildirilir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Rusiya və Çin vaksinləri

Argentinanın Prezidenti Alberto Fernandes dekabrın 10-da bildirib ki, ölkəsində ilk şəxs olaraq Rusiyanın Sputnik V vaksinini vurduracaq.

Fernandes Rusiyadan 10 milyon insana yetəcək qədər vaksin alınacağını açıqlayıb. Argentina AstraZeneca daxil olmaqla, daha iki vaksinlə bağlı razılaşmalar əldə edib.

Çinin Sinovac Biotech şirkətinin hazırladığı vaksin də Latın Amerikasında diqqət çəkir. Bu vaksinin Braziliyada, regionun digər ölkələrində istifadə olunacağı xəbər verilir.

Braziliya hökuməti Pfizer-BioNTech-dən 70 milyon, AstraZeneca-dan isə 100 milyon dozaya yaxın vaksin almaqla bağlı niyyət protokolu imzalayıb. Ölkə ümumilikdə 300 milyon dozalıq vaksin üçün növbə tutduğunu bildirir.

Artıq Misirə Çinin Sinopharm şirkətinin istehsal etdiyi vaksinin ilk partiyası çatdırılır. Bu vaksin Birləşmiş Ərəb Əmirliklərində sınaqdan keçirilib, 86 faiz effektiv olduğu bildirilib. Rusiya sentyabrda Misirə 25 milyon dozalıq Sputnik V vaksini göndərməklə bağlı razılaşma haqda məlumat yayıb.

XS
SM
MD
LG